Kür üzərində qan su yerinə axdı: yaralılar var (FOTO)
Salyan rayonunda biri ağır olmaqla 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə yol qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 55-ci kilometrliyində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb.
Belə ki, Lənkəran sakini, 33 yaşlı Fuad Səmədov idarə etdiyi “Mercedes” markalı minik avtomobililə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn Cəlilabad sakini Saleh Fərəcovun idarə etdiyi “KamAZ” markalı maşınla toqquşaraq qarşıdakı digər yük maşınına çırpılıb.
Nəticədə “Mercedes” markalı avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Hadisə zamanı “Mercedes”in sürücüsü və avtomobildə olan Lənkəran şəhər sakini, Emin Məmmədov, Şəmkir sakini, 30 yaşlı Fərid Rzayev və Biləsuvar sakini 39 yaşlı Elşən Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar maşında sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəlib. Xüsusi alətlər vasitəsilə kəsərək onları çıxarıblar. Xəsarət alanlar dərhal Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.