Hadisə

Zelenskini Putinin adamının telekanallarını bağladı – “Qərar Vaşinqtonla təmasdan sonra verilib…”

Ukrayna prezidenti Vladimir Zelenksi özünün milli təhlükəsizlik müşavirlərinin məsləhəti ilə ölkədə fəaliyyət göstərən üç telekanala sanksiyalar elan edib. Bu telekanalların hamısı moskvayonlü “Həyat Naminə Platforma”-nın üzvü Taras Kozaka məxsusdur.

Ukrayna mediasının yazdığına görə, əslində “112”, “NewsOne” və “ZIK” telekanalları rusiyayönlü siyasi şuranın rəhbəri Viktor Medvedçukun mülkiyyətindədir. Amma Medvedçuk bu telekanalların ona məxsus olduğunu inkar edir. Putin 66 yaşlı Medvedçukun qızının xaç atasıdır. ABŞ ona qarşı 2014-cü ildə sanksiyalar elan edib.

Fevralın 2-də elan olunmuş sanksiyalara görə sözügedən telekanallar bağlanıb. Buna baxmayaraq, onlar yayınlarını internet vasitəsilə davam etdirirlər.

Zelenski “Twitter”-də bu qərarın çətin olduğunu yazıb. O qeyd edib ki, buna baxmayaraq ifadə azadlığını dəstəkləyən Ukrayna, təcavüzkar ölkə tərəfindən maliyyələşdirilən təbliğatı dəstəkləyə bilməz. Ukrayna parlamentinin keçmiş üzvü Serxiy Leşşenko sözügedən telekanallara qarşı sanksiyaları hökumətin qətiyyətli addımı adlandlırıb.

Leşşenko “YouTube” platformasını da bu telekanalların bağlanmasına çağırıb. Prezidentin başqa bir müşaviri Mıxaylo Podolyak deyib ki, sözügedən telekanallardan ölkədə xarici təsirlərin güclü aləti kimi istifadə olunub.

Lakin Rusiya parlamentinin yuxarı palatasının üzvü Aleksey Puşkov müxalifət telekanallarının bağlanmasını Zelenskinin siyasi rəqabətə dözə bilməməsi ilə izah edib. Ukrayna bu ilin əvvəllərindən Rusiyanın agenti kimi tanınan qurum və şəxslərə qarşı hərəkətlərini intensivləşdirib.

“Azadlıq” radiosunun yazdığına görə, sözügedən hadisələrdən bir gün əvvəl ABŞ administrasiyası və Zelenski hökuməti arasında ilk telefon danışığı olmuşdu. Fevralın 1-də Zelenskinin “Xalqın xidmətçisi” partiyası Aleksandr Dubinskinin parlamentdən çıxarılması barədə qərar qəbul edib. ABŞ Dubinskiyə 2020-ci il ABŞ seçkisinə iddia olunan müdaxiləsinə görə sanksiyalar elan etmişdi. Yanvarın 28-də Ukrayna 2020-ci il ABŞ prezident seçkisinə müdaxiləyə görə müxtəlif fərdlərə qarşı cinayət işi açıb. 2020-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyi Ukrayna millət vəkili Andriy Derkaça ABŞ seçkisinə müdaxiləyə görə sanksiyalar qoyub. ABŞ onu Rusiyanın agenti olmaqda ittiham edir. Derkaç, Amerikada prezident seçkisinin ərəfəsində özünün iddia etdiyinə görə Co Bayden və onun oğlu Hanterin Ukraynada korrupsiya əməllərini sübut edən materialları dərc etmişdi. O vaxt onun bu hərəkəti seçkidə Donald Trampın qələbə qazanmasına dəstək kimi qiymətləndirilmişdi. Yanvar ayında ABŞ Maiyyə Nazirliyi Dubinski də daxil Derkaçın nüfuz dairəsi ilə bağlı olan 4 nəfər üzərinə sanksiyalar qoymuşdu.

Zelenskinin keçmiş milli təhlükəsizlik müşaviri Aleksandr Danilyuk yanvarın 28-də xəbərdarlıq etmişdi ki, Ukrayna prezidenti öz administrasiyasını ABŞ seçkisinə müdaxilədə şübhəli bilinənlərdən təmizləməlidir. Birləşmiş Ştatlar daim Ukraynada iqtisadi islahatların keçirilməsinə və bu ölkənin Avropa İttifaqına inteqrasiyasına dəstək verib. Vaşinqton 2014-cü ildə Rusiya Krım yarımadasını ilhaq etdikdən sonra Ukraynaya 1.6 milyard dollarlıq hərbi yardım göstərib.

Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, Medvedçuka aid bütün telekanallara yanaşı onları idarə edən iş adamı, deputat Taras Kozaka qarşı iqtisadi sanksiyaların tətbiqi barədə qərar qəbul olunub. T. Kozakın ölkə daxilindəki aktivləri, idxal-ixrac əməliyyatlarına dair lisenziyaları dondurulub. Ekspert xatırladır ki, Viktor Medvedçuk Putinə çox yaxın şəxsdir. “O, Kuçma dövründə prezident administrasiyasının rəhbəri olub. Medvedçuk hətta Rusiyanın Krımı ilhaq etməsi və Donbas hadisələrindən sonra da Ukraynada toxunulmaz fiqur sayılırdı. Prezident Poroşenko ondan birbaşa Putinə çıxmaq üçün etibarlı kanal kimi istifadə edirdi. Medvedçuk bu toxunulmazlığına arxayın olaraq həm siyasi təşkilatlanma aparır, həm də Ukrayna informasiya məkanına nəzarəti ələ keçirmək üçün yavaş-yavaş telekanalları satın alırdı. Ukraynanın milli qüvvələri bu şəxsin sərbəst fəaliyyətindən çox narahat idilər. Nəhayət ki, Medvedçuka da toxunuldu”, – siyasi şərhçi vurğulayıb.

Ş.Cəfərli deyir ki, Zelenskinin addımı çox ciddi qərardır: “Şübhə yoxdur ki, qərarın qəbuluna ABŞ-da baş vermiş siyasi dəyişikliyin həlledici təsiri var. Fevralın 2-də ABŞ dövlət katibi Blinken və Ukrayna xarici işlər naziri Kuleba arasında telefon danışığı olub. Kiyev bu söhbətdən çox məmnun qalıb, məlum qərar da məhz həmin söhbətdən sonra verilib”.

Ekspert ABŞ-da Bayden hökumətinin işə aqressiv başladığına diqqət çəkir: “Uzun müddətdir “hücumda” oynayan Putin rejimi bu gün 2011-2012-ci il Bolotnoye hərəkatından bəri ilk dəfədir daxildə ciddi etirazlarla üzləşib. Rejim imitasion demokratiyadan vaz keçmək məcburiyyətində qalaraq etirazçılara qarşı aşırı zorakılığa və müxalifət liderini həbs etməyə vadar olub. Navalnı Dövlət Duması seçkiləri öncəsi narazı seçiciləri mobilizasiya etməyə və yönləndirməyə qadir olan yeganə liderdir. Onu təcrid etməklə Kreml seçkiləri nisbətən rahat atmosferdə keçirmək və Dumada komfort çoxluq yaratmaq niyyətindədir. Bu seçki hakimiyyətin tranziti prosesində çox önəmli mərhələdir”.

Şahin Cəfərli güman edir ki, havalar isinməyə başladıqca Rusiyada və Belarusda etirazların miqyası da böyüyəcək. “Rus xalqının təhsilli hissəsi, şəhərli orta təbəqə, xüsusən gələcəyinin oğurlandığını hiss edən gənclik bağlı qapılar arxasında cızılan planları pozmaq istəyir. Lakin bunun üçün liderə, təşkilatçılığa və aydın proqrama böyük ehtiyac var”, – deyə ekspert vurğulayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button