Göygöldə mikroavtobus aşdı: ölən və yaralananlar var
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Samux rayonunun Alabaşlı – Qarayeri avtomobil yolunun Göygöl rayonu ərazisində olan hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Kəmaləddin Ənvər oğlu Qafarov idarə etdiyi “QAZel” markalı mikroavtobusu aşırıb. Nəticədə maşında olan sərnişin, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Səfər Cəfər oğlu Tağıyev hadisə yerində ölüb.
Şəmkir rayonunun Könüllü kənd sakinləri, 1964-cü il təvəllüdlü Gülbəsti Məhəmməd qızı Tanrıverdiyeva və 1968-ci il təvəllüdlü Bahar İsa qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.