Hadisə

Bakıda polis generalının oğlu həbs olundu

Bakıda polis generalının oğlu həbs olunduBakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı restoranların birində polis generalının oğlunun iştirakı ilə dava-dalaş baş verib.

Bu barədə eyni vaxtda bir neçə yerli KİV-lər xəbər yayıblar.

Hadisənin aprelin 10-da baş verdiyi, bir neçə nəfərin iştirakı ilə baş vermiş davada bıçaqlanan adamın olduğu bildirilir. Davanın iştirakçılarından biri DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev olub.

O, hadisə yerindən qaçaraq gizlənib. Dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanılıb.

Xəbərə görə, hadisədən xəbər tutan general çox qəzəblənib və oğlunu taparaq əvvəlcə özü tənbeh edib, daha sonra onu polisə təhvil verib və barəsində həbs-qətimkan tədbiri seçilməsində israr edib.

Növbətçi məhkəmənin qərarı ilə generalın oğlu barədə 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyil. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd ediblər.

Lakin generalın oğlu onlara tabe olmayıb, polisləri söyüb və onları vuraraq hadisə yerindən uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlayıb.

Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.

Belə görünür ki, generalın oğlunun növbəti dəfə bir nəfərin bıçaqlanması ilə müşayiət olunan davaya qarışması onun atasını boğaza yığıb və Əsədullayev oğlunu həbs etdirməkdən başqa yol görməyib.

İnsidentlə bağlı virtualaz.org saytı DİN-in mətbuat xidmətindən və Yasamal RPİ 26-cı polis bölməsindən şərh ala bilməyib.

Bununla belə hüquq-mühafizə orqanlarındakı mənbələrdən belə hadisənin baş verdiyini saytımıza təsdiqləyiblər. Mənbənin bildirdiyinə görə generalın oğlunu adı xuliqanlıq əməlində keçir və faktla bağlı araşdırma başladılıb, dava iştirakçıları saxlanılıb və onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

Generalın öz oğlunu tutub polisə gətirməsi barədə yayılan məlumatları isə mənbə təsdiq və ya təkzib etməyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button