Hadisə

Xədicə İsmayıla mükafat verildi

Xədicə İsmayıla mükafat verildi
Tural Mustafayevin imtina məktubuna isə prokurorluğun münasibəti hələ bəlli deyil…

Araşdırmaçı jurnalist Xədicə İsmayıl beynəlxalq PEN mükafatına layiq görülüb. Xədicə İsmayıla PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı veriləcək. Onlarla idman yazarı PEN-ə qoşularaq Xədicəni ilk Avropa Oyunları ərəfəsində azadlığa buraxmağa çağırır.
PEN Amerika Mərkəzi bildirir ki, mükafat bu il mayın 5-də Nyu Yorkda Amerika Təbiət Tarixi Muzeyində təqdim olunacaq.

Xədicə İsmayıl Azərbaycanda tənqidçi jurnalist kimi tanınır. O, ötən il dekabrın 5-də keçmiş həmkarını intihar həddinə çatdırma ittihamı ilə həbs olunub.

PEN Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Thomas Bach-a məktub yazaraq İsmayılın ilk Avropa Oyunları ərəfəsində azadlığa buraxılmasına çağırıb. Həmin çağırışa Amerikanın tanınmış idman jurnalistləri -Bob Costas (NBC News), Frank Deford (Sports Illustrated), Steve Fainaru və Mark Fainaru-Wada (ESPN) və David Remnick (The New Yorker) da qoşulub.

Məktub müəllifləri BOK-u çağırır ki, Azərbaycana təzyiq göstərsin, “Olimpiya Xartiyasının ruhuna əməl olunsun və Xədicə İsmayıl və həmkarları bəraət alsın”.

Xədicə İsmayıla qarşı daha 4 ittiham da irəli sürülüb və 12 ilədək həbs cəzası ala bilər.
PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı hər il işinə görə həbsə atılan və təqib olunan şəxslərə verilir. 1987-ci ildən bəri mükafata layiq görülən zaman həbsdə olan 39 yazardan 35-i azadlığa çıxıb. Xədicənin adından mükafatı azərbaycanlı jurnalist və dostu Emin Milli qəbul edəcək.

PEN “Ədəbi Xidmət”, “İfadə Azadlığı Cəsarəti”, “Fəxri Naşir” mükafatları da təqdim edir. PEN Amerika Mərkəzi 1922-ci ildə yaradılıb, 4 min yazıçı üzvü var. Qurumun məqsəd dünyada ifadə azadlığına maneələri aradan qaldırmaqdır.

Jurnalist ona bu mükafatın verilməsindən xəbərsizdir. Bundan başqa, onun həbsinə səbəb olmuş jurnalist Tural Mustafayevin öz şikayətindən əl çəkməsi ilə bağlı baş prokurora ünvanladığı müraciətdən isə hələ heç bir xəbər yoxdur. Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov əməkdaşımıza bildirib ki, qeyd olunan faktla bağlı mətbuat xidmətində hər hansı xəbər yoxdur.

Müsahibimiz “bu məktub Xədicə İsmayılın üzərindən bir ittihamın götürülməsi ilə nəticələnə bilərmi” sualımızı isə ümumiyyətlə cavablandırmayıb.

Xatırladaq ki, aprel ayının 21-də Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə X.İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə təqsirli bilinərək 2500 AZN həcmində cərimələnməsinə dair apelyasiya şikayətinə yenidən baxılacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button