Hadisə

Nərgiz Yaqublu bu gün torpağa tapşırılacaq

Nərgiz Yaqublu bu gün torpağa tapşırılacaq
Dəfn mərasimi Qaraçuxur qəbiristanlığında olacaq; mərhumun atası Tofiq Yaqublu qızının hüzr mərasimində iştirak etmək üçün 7 günlüyünə azadlığa buraxılıb
Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. O, xeyli müddət idi ki, yoluxduğu ağır xəstəlikdən Hepatitdən müalicə olunurdu.

Son günlərdə komaya düşən mərhumun durumu kritik vəziyyətdə idi. Nərgiz Yaqublu həm də 7 aylıq hamilə idi. Mərhumun ölümündən sonra Tofiq Yaqublunun Qaraçuxur qəsəbəsindəki ata evinə insan axını başlayıb. Dünən səhər saatlarından başlayan hüzr mərasimində ölkəmizin tanınmış simaları – MSDM-nin sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə və partiya fəalları, mərhumun əqidədaşları iştirak ediblər. Mərasimdə iştirak edənlər Yaqublular ailəsinin kədərini bölüşərək, mərhumun yaxınlarına başsağlığı veriblər.

Qızının yas mərasiminə Tofiq Yaqublu dünən saat 16:00 radələrindən sonra qatılıb. Belə ki, vicdan məhbusunun aprelin 23-də günorta saatlarında 7 günlüyünə azadlığa buraxılacağı deyilsə də, məlum olmayan səbəblər ucbatından uzadılıb. Mərasimdə iştirak edənlər mərhumun atasına başsağlığı vermək, dərdinə şərik olmaq üçün onu gələnə qədər gözləyiblər. Başqan müavinini evinin qarşısında əzizləri və dostları qarşılayıb.

Qarşılama zaman duyğusal anlar yaşanıb, onu qarşılayanlar övlad itkisinə məruz qalmış Tofiq Yaqublunu ovundurmağa çalışıblar. Onun göz yaşları, “Nərgizim hanı?”, “Onu mənə verin!” kimi kədərli sözləri hər kəsi qəhərə boğub. Evində yaxınları ilə görüşdükdən sonra T.Yaqublu qızı üçün qurulan yas çadırına gəlib. Bütün mərasim iştirakçıları ilə bir-bir görüşən vicdan məhbusu hər kəsə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, mərhumun cənazəsi aprelin 24-də gecə saatlarında Bakıya gətirilib. Dəfn mərasimi bu gün – aprelin 25-də saat 13:00-da olacaq. Mərhumun nəşi Tofiq Yaqublunun ata evindən götürülərək, Qaraçuxur qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq…
Tofiq Yaqublu musavat.com-un müxbirinə deyib ki, qızının vəfat etməsi xəbərini ANS-in 23 aprel saat 15-dəki xəbər bülletenindən eşidib və şok yaşayıb. O zamana qədər T. Yaqubluya Nərgizin xəstələnməsi, buna görə də həyat yoldaşı Maya Yaqublunun qızının yanına getməsi barədə məlumat verilibmiş. Lakin vəziyyətin bu dərəcədə kritik olduğunu kimsə söyləyə bilməyib. Danışmağa çətinlik çəkən dərdli ata bu axşam hava limanına, qızı Nərgiz Yaqublunun cənazəsini qarşılamağa gedəcək.

Musavat.com bildirir ki, yazarımız, Müsavat başqanının müavini Tofiq Yaqublu penitensiar xidmətin mülki geyimli işçilərinin nəzarəti altındadır və onun hərəkəti məhdudlaşdırılıb. Lakin ona hava limanına gedərək, qızını qarşılamağa icazə verilib.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi də Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə bağlı başsağlığı açıqlaması yayıb: “Hələ həyatının bahar çağlarında olsa da ani bir rahatsızlıq sonucu yaşamını itirən Müsavat Partiyasının başqan müavini, hörmətli Tofiq Yaqublunun gənc qızı Nərgiz Yaqublunun vəfatından böyük bir təəssüflə xəbər tutmuş vəziyyətdəyik. Gənc yaşlarında itirdiyimiz, Müsavat Partiyasının və camiamızın övladı olan Nərgiz Yaqubluya Allahdan rəhmət dilərkən, mücadilə adamı, cəsarətli insan Tofiq Yaqublunun acısını paylaşırıq, ailəsinə və Müsavat Partiyasına başsağlığı diləklərimizi çatdırırıq\”.

Mərhum ötən il ailə həyatı qurmuşdu. Rusiyada yaşayırdı. 25 yaşı var idi. Nərgiz Yaqubludan yeganə yadigar, yaşaması təhlükə altında olan 7 aylıq körpəsidir.

Allah rəhmət eləsin!

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button