Hadisə

Bakıdakı tədbirdə Rusiya-Qərb toqquşması

Bakıdakı tədbirdə Rusiya-Qərb toqquşması
Dünya nəhənglərinin toplaşdığı 3-cü Qlobal Bakı Forumunda önəmli mesajlar verildi
Əli Həsənov: “Əgər vaxtilə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə prinsipial mövqe olsaydı, bəlkə də bu gün Ukraynada belə faciələr yaşanmazdı”

Qorbaçovun keçmiş köməkçisi Qərbin dağıldığını dedi, Latviya prezidenti isə “Rusiya xalqı o vaxt xoşbəxt olacaq ki, normal cəmiyyətdə yaşayacaq”-söylədi

Aprelin 28-də Diasporla İş üzrə Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 3-cü Qlobal Bakı Forumu öz işinə başlayıb. Onlarla ölkənin keçmiş və indiki prezidentləri, baş nazirləri, tanınmış ekspertlərin iştirakı ilə keçirilən nəhəng Forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak və çıxış edib.

Forumun jurnalistlərin iştirakı ilə keçirilən, Rusiya və Qərb arasındakı münasibətlərin gələcəyi mövzusunda gedən müzakirələr kifayət qədər maraqlı diskussiyalarla yadda qaldı.

Yeri gəlmişkən, ekspertlər belə önəmli, qlobal mövzuların müzakirəsinin məhz Bakıda, Azərbaycan paytaxtında keçirilməsini müşahidəçilər yüksək dəyərləndirir. Elə tədbir zamanı ünsiyyətdə olduğumuz qonaqlar da tədbir haqqında müsbət fikrilər söylədilər. Hesab olunur ki, dünyada ziddiyyətlərin önə çıxdığı, ölkələrin ən müxtəlif bəhanələrlə təzyiqlərə məruz qaldığı, gərgin proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycan paytaxtının qlobal problemlərin çözümünə həsr olunmuş diskussiyalara ev sahibliyi etməsi ölkəmizin imici baxımından mühüm əhəmiyyət daşıyır.

Müzakirələrdə çıxış edən Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa ölkəsinin müstəqilliyə qovuşmasından, Rusiyanın təhdidlərindən danışdı: “Bəlkə sadəlövh səslənər. Rusiya xalqı o vaxt xoşbəxt olacaq ki, normal cəmiyyətdə yaşayacaq. Biz də kommunist hakimiyyətinin təzadlarından indi-indi çıxırıq. Ötən il Krımın işğalından sonra dünya nizamı dəyişib. Putin sovet ittifaqını yenidən bərpa etmək istəyirmi? Yekatrina tərəfindən yaradılan və Stalin tərəfindən davam etdirilən Rusiya imperiyasınımı bərpa etmək istəyir, mənə məlum deyil”.

Bolqarıstanın eks-prezidenti Peter Stoyanov dedi ki, vaxtilə onun ölkəsi sovetlərin bir hissəsi deyildi: “Biz kommunist blokuna daxil idik. Sovet İttifaqının çöküşündən sonra şükür ki, biz Avropa qurumlarına üzv ola bildik. Bolqarıstan Rusiyadan tam müstəqil olub. Ancaq bizim tam enerji müstəqilliyimiz yoxdur. Bolqarıstanın xarici siyasəti tam aydındır, NATO-nun, Avropa Birliyinin üzvdür. Bizim siyasətimiz Avropadakı tərəfdaşımızla işimizi qurmaqdır”.

SSRİ-nin keçmiş prezidenti M.Qorbaçevin məsləhətçisi olmuş Aleksandr Lixotal Qərblə Rusiyanın münasibətləri barədə danışdı: “Mən artıq 20 ildir Rusiyada yaşamıram. Amma hər il Moskvaya gedirəm. Bəli, faciəvi proseslər baş verir. Tək Rusiyada deyil. Cəbhənin hər iki tərəfində tərəflər bir-birini başa düşmür. Burda mənəvi dəyərlərdən istifadə etsən belə, bəzən problemləri həll etmək mümkün olmur. Cəmiyyətin proseslərə emosional münasibətindən belə vəziyyət alınır. Krımla bağlı baş verənlər dünya düzənində dəyişiklikləri qaçılmaz edib”. Natiq vəziyyətlə bağlı danışarkən Şeyx Nizamidən misal gətirdi. Ardınca daha maraqlı fikirlər söylədi: “Təəssüf ki, Qərb “soyuq müharibə”də özünü yeganə qalib hesab edir. Amma bilməliyik ki, sovet ittifaqı daxili münaqişələrlə dağıldı. Birinci qüllə Sovet İttifaqı idi, o, dağıldı. Amma ikinci qüllə Qərbdir, o da yavaş-yavaş düşməyə başlayır. Biz bunu görməliyik. Qlobal böhran da bunu göstərir. Rusiya get-gedə təzyiqini artırmağa, vəziyyəti dəyişməyə çalışır. Rusiya tək deyil, Çin də bunu edir və yeni vəziyyətdən istifadə etməyə çalışırlar”.

Çexiyanın eks-prezidenti Vatslav Klaus isə əvvəlki çıxışçının son fikirlərinə reaksiya verdi: “Məncə, Şərqdə baş verən bəzi problemlər daha çox Qərbdəki durumla bağlıdır. Avropa çox xoşagəlməz faktlarla rastlaşır. Bu vəziyyətə daha çox təsir edən Avropanın inteqrasiyasındakı zəiflikdir”. Eks-prezident dedi ki, Rusiya və Qərb arasındakı münasibətlərin yaxşılaşması üçün çalışmaq lazımdır. Hal-hazırda Qərb və Rusiya arasındakı münaqişələr iki siyasi, sosial-iqtisadi sistemin toqquşması deyil. İqtisadi sistemlər nöqteyi-nəzərindən Rusiya Qərbin bir hissəsidir. Rusiya Çin, Səudiyyə Ərəbistanı, Pakistan deyil, əsrlər boyu Avropa tarixinin hissəsi olub. Biz avropalılar sevinməliyik ki, 70 illik kommunist faciəsi bitib. Rusiyanın Avropadan uzaqlaşdırılması səhv olar. Rusiyaya şans verilməlidir ki, o, Avropanın bir hissəsi olsun. Dağlıq Qarabağ, Ukrayna, Moldova, Gürcüstandakı problemlər Rusiya və Qərb arasında münaqişələrin nəticələri deyil. Konfrantasiya şəraitində biz bu münaqişələri həll edə bilməyəcəyik. Ukraynadakı problemlər daxildən başladı. Maydandan qabaq da daxili sabitlik çox zəif idi və Ukrayna böhranı çox böyük problemə çevrildi, əslində xaricdən də təsir olmuşdu. Ukraynaya Qərb və Şərq arasında seçim imkanı vermək onu dağıtmaqdır. Bu hadisələr kənar müdaxilələrdən uzaq olmalıdır”.

“Biz hesab edirik ki, normallığın olmaması indiki vəziyyətə gətirib çıxarıb. Təhlükəsizlik məsələsinə önəm verilməlidir. Təəssüf ki, Ukrayna xalqı bizim hərəkətsizliyimizin nəticəsi ilə üzləşiblər. Biz avropalılar vaxtında bu məsələlərə ciddi münasibət bildirmədik. 90-cı illərdə Rusiyanın imkanları başqa idi, indi isə vəziyyət fərqlidir”-bunu da avropalı qonaq söylədi.

ABŞ-ın eks-prezidenti B.Klintonun Rusiya, Ukrayna və Avrasiya milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Mark Mediş qeyd etdi ki, hazırda Rusiya və Qərb yenidən rəqiblərə çevrilib: “Biz son 25 ildə qəbul edilmiş təsəvvürləri dəyişməliyik. Rusiya ilə münasibətlərin perspektivlərinə gəldikdə, hələ uzun müddət münasibətlər çox soyuq qalacaq. Ola bilsin kiçik əməkdaşlıqlar olacaq, amma bu, yetərli deyil. Rusiya əslində Qərb sivilizasiyasının bir hissəsidir. Qərbdə bir çox insanlar hesab edirdi ki, Rusiya Qərbin bir hissəsidir. Ola bilər ki, rusların əksəriyyəti bununla razılaşmır. Ruslar hətta Qərbi Rusiyada rejimi dəyişməyə cəhddə günahlandırır. Bu, çox yanlış təsəvvürdür. Eyni zamanda Rusiyada fövqəldövlət nostalgiyası mövcuddur. İndiki şəraitdə bu, çox destruktiv yanaşmadır. Biz son 25 ilin dərsini düzgün oxumuruq. Fakt budur ki, Qərb yetərincə güclüdür, davamlıdır, inkişaf etmiş cəmiyyəti var. Qərbi yetərincə qiymətləndirməyənlər sonda səhv etdiklərini anlayacaqlar”. Məruzəçi qeyd etdi ki, ABŞ da vaxtilə çox böyük səhvlər edib, Vyetnam müharibələrindəki kimi: “Amma sonra bu səhvləri düzəltməyə çalışıb. Biz çalışırıq ki, öz sistemlərimizi və təsisatlarımızı gücləndirək. Mən də deyirəm ki, Rusiya və digər ölkələrin rəhbərliyi Qərbə bir tərəfdaş kimi baxsın. Gələcəyin açarı öz əlimizdədir”.

“Sovet İttifaqı zorakılıq üzərində qurulmuşdu, Avropa İttifaqı isə könüllülük əsasında formalaşıb”-deyə, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa bildirdi. “Mənim dostum Şirak həmişə deyir ki, gəlin rusları incitməyək. Rusiya əjdaha, biz də ona qurban verilən qızlarıqmı? Mən bununla razı deyiləm. Rusiya böyük bir ölkədir. Misirin 90 milyon əhalisi getdikcə artır, Rusiya isə 135 milyondan getdikcə azalır. Rusiyaya yeni ərazimi lazımdır. Mən Çin, Hindistan kimi böyük əhalisi olan ölkələrin də dünyaya hökmranlıq edəcəyini qəbul etmirəm”. Onun çıxışı sürəkli alqışlarla qarşılandı.

Amerikalı təmsilçi isə dedi ki, Latviya bu proseslərdə öz töhfəsini verə bilər.

A.Lexotal isə dedi ki, Rusiya tanklarını Praqa və Berlində təsəvvür edə bilərdi. Amma İkinci Dünya Müharibəsində bütün dövlətlərin qalib olmasının qəbulu şəraitində. “Vikileks-dən, Snoudendən sonra mən o mayakı görmürəm. ABŞ Qərbə qarşı olan beynəlxalq məkanı yaratmışdı. Bu, bəşəriyyətin təhlükəsizliyinə təhlükə yaradan məsələydi”-deyə, o, bildirdi. “İnanın mənə, bir neçə ildən sonra ukraynalı və ruslar arasında heç bir nifrət olmayacaq. Çünki biz bir ailədə yaşayırıq. Elə mən yenicə Tiflisdən qayıtmışam. Rus dilində yerli əhali ilə danışırdıq, heç bir nifrət hiss etmədim”-söylədi. “Rusiya 20 ildir beynəlxalq hüququ təşviq edir. Ona görə də Rusiya bu gün özünü daha inamlı hiss edir”-əlavə etdi.

“Biz burda bir-birimizi baş düşmürüksə, siz necə təsəvvür edirsiniz ki, Vaşinqton və Moskvada insanlar bir-birini başa düşəcəklər” deyə, Mark Mediş bildirdi.

“Barış-kompromisin əldə olunması” mövzusunda keçirilən panel müzakirələrində çıxış edən Əfqanıstanın eks-prezidenti Hamid Karzai Bakıdakı forumda ölkəsini təmsil etməsindən şad olduğunu bildirdi. Barış mövzusu barədə danışan keçmiş prezident dedi ki, təəssüf ki, burda iştirak edən prezidentlərin çoxu təhlükə, münaqişə təcrübələrinə malikdir. O, qeyd etdi ki, münaqişələr daha çox qeyri-qanuni iqtisadiyyatlar zamanı artır: “Münaqişələr daxili proseslərlə bağlı olanda barışıq asandır. Əksər hallarda münaqişələrə kənar amillər təsir göstərirsə, onda barışa nail olmaq kifayət qədər çətin olur. Əfqanıstan, Livan, Bosniya-Hersoqovina bundan əziyyət çəkib. Qeeyri-qanuni iqtisadiyyat Əfqanıstan və Kolumbiyada mövcud olub”. Nitqinin yekununda o, təşəkkürünü də ifadə etdi: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, Azərbaycan hökumətinə bu tədbirin təşkilinə görə təşəkkür edirəm”.

Bosniya-Hersoqovinanın sabiq baş naziri Zlatko Lagumdzija da ibrət dərslərindən danışdı. Serbritnitsa soyqırımından sonra dünyanın birləşmək qərarı verdiyini xatırlatdı. Elə dünya sonuncu dəfə onda birləşmişdi. O, dedi ki, barış bizi qoruyan bir tavandır. Bu tavanın altına 4 sütun qoyulmalıdır. Birinci ədalətdir, ədalət olmasa, barış olmaz. İkinci sütun ədalətli iqtisadiyyatdır. Üçüncü sütun qurumların struktur quruculuğudur. Dördüncü sütun isə təhsildir. Düzgün təhsili olmayan insanlar müxtəlif eksperimentlərə əl ata bilər və bu sütunları dağıda bilər, heç kim evində rahat ola bilməz”.

Baş nazir Azərbaycan prezidentinə istinadən Xocalıda ədalətin olmadığını da vurğuladı: “Elə insanlar var ki, hələ də bunu təkzib edir, bu da düzgün deyil”.

Livanın keçmiş prezidenti Amine Gemayel dedi ki, müharibələrdə iştirak edən qardaşını, oğlunu, qardaşı oğlu və bacısını itirib, qətlə yetirilib. Ardınca isə o, açıq şəkildə erməniləri himayə edən mövqe sərgilədi. “Mən bu dramatik hadisələri yaşamışam. Amma mən barışın tərəfdarıyam. Ermənilər bir neçə gün bundan əvvəl faciənin 100 illiyini qeyd etdilər. Bağışlanmanın nəticəsində biz barışığa nail ola bilərik. Əgər biz bilmiriksə, tanımırıqsa, etiraf etmiriksə, onda barışa bilmərik”-deyə, o, ermənilərin iddialarına ilə müdafiə etdi. “Mən çağırmıram ki, hər şeyi unutmaq lazımdır. Sadəcə nifrətin qurbanı olmaq lazım deyil”-o, əlavə etdi.
Elə tədbirin gedişində yanaşı əyləşdiyim Türkiyə XİN-in sabiq rəhbəri Hikmət Çətindən bu barədə soruşduqda, təəccüblənmədiyini bildirdi. Hikmət bəy “ermənilər zamanında Türkiyədən Livan və Suriyaya gedib, ordan da Avropaya və Amerikaya üz tutub. Odur ki, Livan onlara doğma ölkədir”-söylədi.

Xorvatiyanın eks-prezidenti İvo Josopoviç də öz ölkəsində barışı necə təmin etmələrindən bəhs etdi: “Həm siyasi iradə, həm də ümid olmalıdır. İnsanlar inanmalıdır ki, gələcəkdə ləyaqətli həyat yaşayacaqlar”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışı zamanı münaqişələr, onların yaranma tarixi barədə danışdı. “İnsanlıq yaranandan bu münaqişələr də mövcud olub. Hər bir imperiyanın yaranması prosesi münaqişələrlə müşayiət olunub”-deyən PA rəsmisi vaxtilə Britaniyanın öz ərazisindən 500 dəfə çox ərazini ilhaq etməsindən, öz əhalisindən min dəfə çox əhalini təsiri altında saxlamağa çalışdığını, eyni iddiada Fransa və digər dövlətlərin də olduğunu xatırlatdı.
Ə.Həsənov ardınca qonaqların diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi və münaqişənin yaranma tarixindən danışdı. PA rəsmisi təəssüflə qeyd etdi ki, nə BMT öz qərarlarının icrası üçün prinsipial addımlar atıb, nə də Təhlükəsizlik Şurası vahid standartlar çərçivəsində çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və münaqişənin, işğalın qarşısını alıb: \”Nəticədə nə baş verdi? Nəticədə Ukrayna məsələsi oldu. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydi, bu münaqişələr yaşanmazdı”. Ə. Həsənov dedi ki, müasir dünyada münaqişələrin həll edilməməsinin birinci səbəbi beynəlxalq hüquq normalarının pozulması və bu normalara əməl olunmasının BMT Təhlükəsiz Şurası tərəfindən prinsipal təmin olunmamasıdır: “1992-ci ildən bəri BMT TŞ-nın 4 qətnaməsi havadan asılı qaldığı halda, bir günün içində Küveyt torpaqlarını işğal etmiş İraq bu ərazidən çıxarıldı. Bir günün içərisində Liviya ilə bağlı qərar qəbul olundu və icra edildi. Bir günün içində Misirə və Yuqoslaviyaya qoşun yeridildi. Deməli, söhbət ondan gedir ki, beynəlxalq güclər onlara sərf edəndə beynəlxalq hüquq normalarına istinad edir və onun təmin olunması üçün hərəkətə keçirlər. Amma onlara sərf etməyəndə öz maraqları çərçivəsində oynayırlar. Bu oynamanın nəticəsində Cənubi Qafqazda sülh hələ də bərqərar olmayıb”. Prezident köməkçisi onu da əlavə etdi ki, bu münaqişə başlayandan sonra Ermənistandan 250 mindən artıq azərbaycanlı və digər millətlərin nümayəndələri deportasiya edilib, bu ölkədə başqa millətlərin bir dənə də olsa, nümayəndəsi yaşamır.

Forum aprelin 29-da öz işini davam etdirəcək.(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button