Hadisə

Dostunu güllələyib öldürən şəxs məhkəmə zalından azad edildi

Dostunu güllələyib öldürən şəxs məhkəmə zalından azad edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il əvvəl tanışını qətlə yetirməkdə ittiham olunan Səmədov Varis Məcid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Tanışı Zülfüqar Ağalarovu güllələməkdə və meyiti Nəsimi Rayon Hərbi Komissarlığının arxasına atmaqda ittiham olunan V.Səmədov məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb isə cinayətin üstündən 17 il keçməsi göstərilib.

Qeyd edək ki, cinayət hadisəsi 23 avqust, 1997-ci ildə baş verib. Həmin gün səhər saatlarında odlu silahla qətlə yetirilən Zülfüqar Ağalarovun meyiti Nəsimi Rayon Hərbi Komissarlığının arxasında aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib-red) idarə etdiyi “VAZ-2106” markalı avtomaşınında olarkən metronun “20 yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun idarə etdiyi avtomaşında əyləşən digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görüb. Zülfüqar Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb və söhbət etmək üçün onu öz əyləşdiyi avtomobilə dəvət edib. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb.

Mübahisə zamanı “Makarov” tipli tapançadan Zülfüqara üç dəfə dalbadal atəş açıb. Daha sonra onun meyiti avtomaşınla gətirərək Nəsimi Rayon Hərbi Komissarlığının arxasına ataraq hadisə yerindən qaçıb.

Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə redaksiya) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub.

Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb. 2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib. 2003-cü ilin fevral ayında Nəsimi Rayon Məhkəməsi tərəfindən Varis Səmədovun barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edilib.

Ancaq sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilib və Bakı şəhər prokurorunun təqdimatına əsasən Səbayel Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunub.

V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib.

Ötən ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib və o, Səbayel Rayon Məhkəməsinin 09.10.2009-cu il tarixli qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində Varis Səmədov ona elan olunmuş itthamla özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində uzun illər Rusiyada yaşadığını, orada ailə həyatı qurduğunu göstərib. Bildirib ki, hərbi xidməti başa vurduqdan sonra Nijnivartovsk şəhərinə qayıdıb. Orada Raviyya Samedova ilə ailə həyatı qurub. 1985-ci ildə adam bıçaqladığıma görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan amnistiya aktına əsasən cəzadan azad olunub.

“1996-cı ilin əvvəllərində ailəmlə birlikdə Azərbaycana gəldim və Zülfüqar Ağalarovun qətlindən sonra yenidən Rusiyaya qayıtdım. O vaxtdan Eldar Əliyevi görməmişəm. Bir müddət sonra Eldarın Rusiyada (kriminal aləmə meylli olan, dəfələrlə məhkumluq həyatı yaşayan Eldar Əliyev 2004-cü ildə Rusiyada yaşadığı evin qarşısında qətlə yetirilib-red.) öldürüldüyünü eşitdim” – deyə Varis Səmədov bildirib.

Təqsirləndirilən şəxs əslən Zəngilan rayonundan olan Zülfüqarla 8-ci km qəsəbəsindəki bazarda təsadüfən tanış olduqlarını, Zülfüqarın da onu kimi xırda alverlə məşğul olduğunu, hərdən Almaniyadan maşın gətirib satdığını deyib. Bildirib ki, alverə görə Zülfüqarla münasibətləri bir qədər soyumuşdu: “Hadisə baş verən gün Zülfüqarı təsadüfən dostu Soltanın maşında keçdiyini gördüm. Maşını saxladıb söhbət etmək istədiyimi dedim. Zülfüqar borcla bağlı məsələ ilə danışarkən sərxoş olduğunu gördüm. Mübahisə zamanı qəflətən söyüş söydü, belindən tapança çıxarıb üstümə tutdu. Sonradan baş verənləri xatırlamıram. Hadisədən sonra metronun “Əzizbəyov” stansiyasının yaxınlığındakı səkidə özümə gələndə səhər açılırdı. Təxminən 3-4 gündən sonra Zülfüqarı öldürdüyümə görə polis tərəfindən axtarıldığımı eşidib inanmadım. Hadisə zamanı Zülfüqar üstümə silah çəkmişdi, ola bilsin həmin silahı alıb onu vurmuşam. Qorxumdan polislərdən gizlənirdim. Bir neçə gündən sonra qardaşımla əlaqə saxladıqda cinayət törətdiyimi dedi. Bundan sonra Rusiyanın Nijnevartovsk şəhərinə gedərək orada yaşadım. 2002-ci ildə qohumlarımın xahişi ilə Bakıya qayıdıb istintaqa hadisəni baş verdiyi kimi danışdım. Barəmdə olan cinayət işi xitam olunduqdan sonra xəstəliyimlə bağlı 2003-cü ildə Rusiyaya getdim. Amma 4-5 aydan sonra yenidən axtarışa verildiyimi eşitdim”.

Təqsirləndirilən şəxs ifadəsində ad-soyadını dəyişmək məcburiyyətdə qaldığını deyib: “2011-ci ilin fevral ayında yaşadığım ərazi üzrə müraciət edərək adımı və soyadımı dəyişib həyat yoldaşımın familyasını, adımı dəyişib babamın adını götürdüm. Rusiyada yaşadığıma görə isə oğlu sözünü çıxararaq “oviç”, yəni Rəşitov Həmid Məcidoviç adını qəbul etdim. 2012-cü il, iyun ayının 18-də Azərbaycana da həmin sənədlə gəldim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Raziyə İmanova ifadəsində həyat yoldaşı Zülfüqar Ağalarovla 1992-ci ilədək Rusiya Federasiyasının Tomsk şəhərində yaşadıqlarını göstərib. Onun dediyinə görə, Zülfüqar həmin vaxtlar üskük oynatmaqla və xırda alverlə məşğul olurdu. Bakıya köçəndən sonra isə bir müddət ayaqqabı sexi işlədib, hərdən maşın alveri ilə də məşğul olub. Onların birgə nikahdan iki övladları dünyaya gəlib.

“Münasibətlərimiz normal olsa da Zülfüqardan nə soruşanda “sən qadınsan, öz işinlə məşğul ol, sənə nə lazımdır, çörəyin, suyun var, başqa nə ilə maraqlanırsan?” deyirdi. Ölümündən əvvəl axırıncı dəfə Zülfüqarı Soltanla evdən çıxanda gördüm. Son bir neçə gündə Zülfüqar maşınını satışa çıxardığından onu Soltan aparıb-gətirirdi. Hadisə baş verən gün gecə saatlarında Zülfüqar zəng vurdu, yolda olduğunu, indi gələcəyini dedi. Danışanda əlaqə kəsildi. Gecə saat 1-ə qədər gözləsəm də, gəlmədiyini görüb yatdım” – deyə zərərçəkən bildirib.

Raziyə İmanova ifadəsində deyib ki, ertəsi gün Zülfüqarın hazırda Rusiyada yaşayan qardaşı onun öldürüldüyü barədə məlumat verib: “Bundan sonra köçkünlərin məskunlaşdığı yataqxanaya getdik. Həmin vaxt həyətə çoxsaylı adamlar yığışmışdı. Qaynatam həmişə Zülfüqarın arxasınca gileylənir, onun ətrafında olanların əksəriyyətinin cinayət aləmi ilə əlaqəli şəxslər olduğunu və bunun nəticəsinin yaxşı olmayacağını deyirdi. Yoldaşımı Varisin öldürdüyünü desələr də, səbəbini bilmirdim. Varisi əvvəllər həyətdə Zülfüqarla bir yerdə, bir də oğlunun ad günündə restoranda görmüşdüm. Deyib-gülən, danışan adam olduğundan Zülfüqarı onun öldürməsinə əvvəlcə inanmırdım. Amma Soltan orada olduğundan və məhz Varisin yoldaşımı öldürdüyünü deyəndə inandım. Varislə Zülfüqarın arasında söz-söhbət olmasını sonradan eşitmişdim. Nə Zülfüqarda, nə onun avtomobilində, nə də evimizdə silah, tapança olduğunu görməmişəm”.

Cinayət işi üzrə dindirilən şahidlər mərhum Zülfüqar Ağalarovun cinayət aləminə yaxın olan şəxs kimi tanındıqlarını göstəriblər. Şahid Cürət Quliyevin istintaqa verdiyi ifadəsindən: “Zülfüqar əsasən pul mübahisələrinin həlli ilə məşğul olurdu. Onun öldürülməsini televizordan eşitmişəm. Tanışlarımın dediyinə görə, Zülfüqarı Varis öldürüb”.

Şahidin bildirdiyinə görə, 2002-ci ildə 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən cinayət aləmində “Masallı Mamed” kimi tanınan məşhur “vor zakon” Varisə xəbər göndərmişdi ki, ona görə camaatı incidirlər, gedib cavab verməlidir. Məhz bundan sonra Varis istintaqa təslim olub.

“O, uzun müddət Maştağada xəstəxanada yatmışdı və xəstə olduğuna görə buraxılmışdı. Zülfüqarın Varisin pulunu götürüb qaytarmadığını 1997-ci ilin ortalarında “Masallı Mamed”lə Varisin arasında olan söhbətdən eşidib bilmişdim. Həmin söhbətdən bir-iki ay sonra isə Zülfüqarın öldürüldüyünü eşitmişdim” – deyə şahid bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button