Hadisə

Neft Şirkəti qəzeti məhkəməyə verdi

Neft Şirkəti qəzeti məhkəməyə verdiAqil Ələsgər: “Məqsəd qəzeti bağlatmaq və məni susdurmaqdır”

Şahin İsmayılbəyli: ““Yeni Çağ”ın yaydığı məlumatlar həqiqəti əks etdirmir və şirkətin nüfuzuna xələl gətirir”

“Yeni Çağ” (www.yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Çağ Öyrətim” şirkəti tərəfindən məhkəməyə verildiyini deyir. “Mən məhkəməyə verilməyimi sırf təsadüf nəticəsində öyrəndim. Belə ki, Səbail Rayon Məhkəməsinin internet saytına daxil olarkən bundan xəbər tutdum. Deməli, hazırlıq və baxış keçirildiyi halda mən məlumatlandırılmamışam. Halbuki mənim bütün koordinatlarım saytımızda var və bu ölkədə ən asan tapılacaq adamlardan biriyəm. Belə olduğu halda nə ARDNŞ, nə də məhkəmə mənimlə əlaqə yaratmağa cəhd etmədən, haqqımda qərar çıxarmaq və məni susdurmaq istəyirlər. Eyni zamanda biz “Çağ Öyrətim”in vəkilinə təhqirsiz, normal bir cavab məktubu göndərəcəkləri təqdirdə, dərc edə biləcəyimizi bildirsək də, onlar da mənim həbs olunmağımda və “Yeni Çağ”ın bağlanmasında qərarlıdırlar”.

ARDNŞ Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyli Bizimyol.info-ya açıqlamasında “Yeni Çağ”a qarşı məhkəmə iddiasının olduğunu təsdiqlədi: “Məhkəmə iddiası və məhkəmə prosesləri barəsində bildirişlərin verilməsi ARDNŞ tərəfindən tənzimlənmir. Bunu məhkəmə etməlidir. “Yeni Çağ”ın yaydığı məlumatlar həqiqəti əks etdirmir və şirkətin nüfuzuna xələl gətirir. Onun yaydığı məlumatların mənbələri naməlumdur. Ümumi sözlərdən istifadə edərək ARDNŞ-nin ünvanına böhtanlar yazmaqla məşğuldur. O məlumatlar yoxlanılmayıb, təsdiqlənməyib. Bir yazı metarialını silsilə şəkiində verməklə yalanları təkrarlayıb. Onun yazdığına görə, ARDNŞ bəzi adamlara və cərəyanlara kömək edir. Onun sübutu varmı? Neft şirkəti inkişaf edir, beynəlxalq milli transmilli şirkətə çevrilməsi istiqamətində addımlarını atır. Belə halda öz içimizdən bi məfər işgüzar nüfuzumuza xələt gətirdi. Bir-iki yazıya önəm vermədik, amma yazıların silsilə davam etməsi məhkəmə iddiasını verməyimizlə nəticələndi”.

O bildirdi ki, ARDNŞ məhkəmə iddiasında “Yeni Çağ”dan yaydığı yalan məlumatlara görə təkzib verməsini tələb edib: “İddiada qəzetin şirkətin işgüzar nüfuzuna vurduğu ziyana görə, müəyyən miqdarda kompensasiya da tələb olunur. İddiamızda onun həbs olunması tələbi yoxdur”.

Qeyd edək ki, “Yeni Çağ” məlumatlarında Dövlət Neft Şirkətini Fətullah Gülən şəbəkəsini maliyyələşdirməkdə ittiham edirdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button