Idman

“Menecerim zəng edib dedi ki, “Qarabağ” səninlə maraqlanır”

Xəbər verdiyimiz kimi, “Qarabağ” qış transfer pəncərəsi dönəmində Bolqarıstan “Çerno More”sindən Leandro Andradeni heyətinə qatıb. 

Ağdam təmsilçisi ilə 3,5 illik müqaviləyə imza atan 22 yaşlı yarımmüdafiəçi müsahibə verib.
Portuqaliyalı futbolçu yeni klubu ilə bağlı fikirlərini bölüşüb: 

– “Qarabağ”a gəlişiniz necə oldu? 

– Düzü, transfer məsələləri ilə elə də maraqlanan deyiləm. Bu işlərə qarışmıram. Keçmiş klubumda diqqətimi ancaq oyunlara, məşqlərə yönəltmişdim. Sonradan menecerim zəng edib dedi ki, “Qarabağ” səninlə ciddi maraqlanır. Keçid də beləcə baş tutdu. Ancaq proses müddətində əlaqə saxlayıb maraqlanmamışam. Agentim danışıqların son mərhələsində mənə bildirdi. Beləcə “Qarabağ”a keçidim baş tutdu.

– Bura gəlməzdən öncə “Qarabağ”ın hansısa matçını izləmişdiniz? 

– Keçmiş klubumda dekabrda qış fasiləsi başladı. Həmin ərəfədə Azərbaycan çempionatında da fasilə yaranmışdı. Ona görə də heç bir oyunu izləyə bilmədim. Həm də həllini tapmamış məsələyə görə diqqətimi yayındırmaq istəmirdim. Çünki keçidim hələ baş tutmamışdı. Ona görə də o zamankı vəziyyət haqqında düşünürdüm. Milad tətilinin ortalarında menecer keçidimin reallaşmaq üzrə olduğunu bildirdi. Ondan sonra başladım “Qarabağ” haqda məlumat toplamağa. Bir çox oyunlarından hissələr izlədim.

– “Qarabağ”dan təklif aldıqda Azərbaycanda oynamış və ya hazırda oynayan hansısa futbolçudan məsləhət aldınızmı? 

– Xidmətindən istifadə etdiyim agent şirkəti bir müddətdir ki, “Qarabağ”la əməkdaşlıq edir. Bu şirkət “Qarabağ”ın iş prinsipi, şərait, ümumiyyətlə, klub haqqında yetərli bilgiyə sahibdir. Elə həmin şirkətin digər üzvü Kevin Medina da “Qarabağ”da oynayır. Özüm Kevin ilə birbaşa danışmamışdım. Amma Medinanın sayəsində şirkət klubdaki şərait haqda ətraflı məlumata sahib idi. O, “Qarabağ”dakı mükəmməl şəraif, inkişaf üçün yararlı olan bütün şərtlər haqda məlumat vermişdi. Mən də belə məlumat toplamışam. Amma birbaşa hansısa futbolçu ilə özüm danışmamışam.

– Klubun tarixi ilə maraqlanmısınızmı? Hansı bölgəni təmsil etdiyini bilirsiniz?

– Əlbəttə, klubun tarixi ilə maraqlanmışam. Ağdam şəhərini təmsil etdiyini bilirəm. Bakıda oynama səbəbini də bilirəm. “Qarabağ”ın böyük bir klub olduğunun fərqinə varmaq üçün araşdırmağa elə də ehtiyac yoxdur. Son illərdə “Qarabağ”ın avrokubokların qrup mərhələsində oynaması onun necə böyük, ölkədə necə önəmli klub olduğunun göstəricisidir.

–  Artıq yeni komandanızın təlim-məşq toplanışına qatılıb, məşqlərdə və yoxlama matçlarında iştirak etmisiniz. Gəldiyiniz bu qısa müddət ərzində sizi təəccübləndirən nəsə olub?

– Yaxşı mənada təəccübləndirən məqamlar oldu. Komanda yoldaşlarım arasında birlik var. Daim müsbət ab-hava hökm sürür. Kimin hər hansısa çətinliyi olursa, bir-birinə yardım etməyə çalışırlar. Yeni gələn futbolçunun uyğunlaşması üçün hər kəs köməklik göstərir. Həm də məşqlər çox intensiv, dinamik keçir.  Məşqlərdə yüksək keyfiyyət var. Bunlar məni yaxşı mənada təəccübləndirdi. Ümumiyyətlə, klubda təşkilatçılıq yüksək səviyyədədir.

– “Qarabağ”da çıxış edən bəzi legionerlər Ansi Aqolli kimi “Qarabağ”lı olmaq istəyir, bəziləri isə avrokuboklarda özünü yaxşı tərəfdən göstərib digər klublara keçmək niyyətindədir. Sizin hədəfiniz nədir? 

– “Qarabağ”ı karyeramda tramplin kimi görmürəm. Bu haqda heç düşünməmişəm. Bura yeni gəlmişəm. Tez bir zamanda komandaya tam öyrəşmək istəyirəm. Hələ inkişaf etməli, üzərimdə çox çalışmalıyam. “Qarabağ” da bu imkanı mənə yaradacaq klubdur. Burda bu imkanlar var. Mənim əsas hədəfim klubun gələcəkdə qazanacağı uğurlarda pay sahibi olmaq, azarkeşlərlə böyük qələbə sevinci yaşamaqdır. Əsas düşüncəm budur. “Qarabağ”a qətiyyən tramplin kimi baxmamışam. O məqsədlə gəlməmişəm.

– Azarkeşlərə sözünüz varmı? Sizdən nə gözləsinlər? 

– Azarkeşlərə onu deyə bilərəm ki, mən də komandada uğur əldə etmək üçün çalışan, tər tökən futbolçulardan biriyəm. Əlimdən gələni edəcəm ki, həm oyunumla azarkeşləri sevindirim, həm də böyük qələbələrdə pay sahibi olum. Ümid edirəm ki, bu, tez bir zamanda həyata keçəcək.

Əli Sahib
Fanat.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button