Idman

“Topu hara gəldi vur, vaxtı öldür” – Mahmud Qurbanov

“Topu hara gəldi vur, vaxtı öldür” - Mahmud QurbanovKeçmiş futbolçu və millinin köməkçi məşqçisi olmağa namizəd Mahmud Qurbanovun müsahibəsi:

-Milli komandanın baş məşqçi postuna edilən yeni təyinat barədə nə deyə bilərsiz? Robert Prosineçki nə dərəcədə düzgün və yerində edilmiş seçim idi?

– Düzgünlük barədə danışanda ilk növbədə onu qeyd edim ki, yığmaya baş məşqçi seçilməli idi. Bu dəfə də əcnəbi məşqçiyə üstünlük verildi. Biz Prosineçkini ekranlardan əsasən futbolçu kimi görüb, tanımışıq. Bildiyiniz kimi “Real”Madriddə, “Barselona”da forma geyinib. Adlı-sanlı futbolçu olub. Ancaq məşqçi kimi heç birimizin elə də geniş informasiyamız yoxdur. Onu bilirik ki, Xorvatiya millisində köməkçi məşqçi işləyib. Daha sonra “Kayserispor”da çalışıb. Özü ilə də bu yaxınlarda bir dəfə görüşüb söhbət etdik. Hücum futboluna üstünlük verəcəyini və komandanı bu istiqamətdə çalışdıracağını bildirdi. Yəni ilk bağışladığı təsir odur ki, işləmək istəyir, özünü məşqçi kimi sübut etməyə çalışır. Belə də ki, indidən onun haqqında nəsə bir fikir söyləmək çox tezdir. Çünki yeni təyinatdır. Ümid yalnız yaxşı nəticələrədir.

-AFFA-nın yenidən xarici baş məşqçiyə meyl göstərməsini yerli mütəxəssislərə olan inamsızlığın növbəti sübutu kimi qiymətləndirmək olar?

-Yox, mən bunu belə qiymətləndirməzdim. Yığma komanda dedikdə hər kəsin diqqəti bir istiqamətə yönəlir. Əgər təyinat da Prosineçkinin lehinə olubsa, deməli, o məsləhət imiş. Futbol elə bir idman növüdür ki, proqnozu sevmir və onsuz çoxu da düz gəlmir. Bizdə yerli baş məşqçilər arasında ən çox Qurban Qurbanovun adı hallanırdı. Lakin AFFA-nın seçimi Prosineçki oldu. İndidən də durub desək ki, xorvatiyalı məşqçi uğursuz olacaq, bu düzgün olmaz.

-Yığmamızın keçmiş baş məşqçisi Berti Foqtsla müqayisədə Prosineçkidən müsbət mənada hər hansı bir dəyişiklik gözləməyə dəyərmi?

-Məncə, müqayisə etmək olmaz. Çünki Foqts uzun müddət ölkəmizdə çalışdı. Ancaq Prosineçki təzə gəlib. Futbolumuzu, futbolçularımızı tanımağa çalışır. Fərqə gəldikdə isə bayaq da qeyd etdiyim kimi Prosineçki hücum futboluna diqqət edəcək. Foqts isə əsasən müdafiə futbolu oynadırdı.

-Milli komandaya təyin ediləcək azərbaycanlı məşqçilərdən biri də siz olacaqsınız. Bir köməkçi məşqçi, Azərbaycan futbolunu və futbolçularını tanıyan mütəxəssis kimi Prosineçkiyə ilk olaraq nəyi dəyişməyi, hansı axsaqlığı aradan qaldırmağı məsləhət görərdiniz?

-Yox, hələ köməkçi məşqçi kimi rəsmən təyin olunmamışam. Bu ilin sonuna kimi bu məsələlərə aydınlıq gələcək. O ki, qaldı məsləhətə mən də hücuma meyilli bir yığma komanda yaratmağın tərəfadarıyam. Azarkeş qarışıq bizim də istəyimiz gözəl futbol oynaya bilən bir komanda görməkdir. Futbolda ən asan şey müdafiədə oturmaqdır. 9 nəfəri yığ arxaya, 1 nəfəri at qabağa, topu da hara gəldi vur və vaxtı öldür. Bu da cansıxıcı futbol olacaq, axı. Amma nəzərə alsaq ki, Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində bizim ev oyunlarımız var, yəqin ki, nəsə yenilik, dəyişiklik etməyə dəyər. Heyətimizdə də hücumda özünü yaxşı tərəfdən göstərə biləcək perspektivli futbolçularımız var. Hazırda qrupda xalımız yoxdur. Lakin qarşıda Malta kimi komandalarla oyunlarımız olacaq. Onlardan xal alaraq yaxşı nəticələr qazanmaq olar.

-Necə fikirləşirsiniz, Prosineçki də Berti Foqts kimi milliyə Almaniya Regional Liqasında, Tükiyənin aşağı divizyonlarında çıxış edən azərbaycanlı və ya qeyri-azərbaycanlı futbolçuları dəvət etməyə meyl göstərəcək?

-O bərədə hələ bir söhbətimiz olmayıb. Lakin bunu qeyd etmək lazımdır ki, yığma komandanın formasını geyinən hər bir futbolçu elə azərbaycanlıdır. Əgər bu insan bu formanı geyinirsə, deməli, bizlərdən biridir. Ancaq Prosineçkinin indidən kimlərə dəvət göndərəcəyini söyləmək biraz çətindir.

-Bəs əgər köməkçi məşqçi kimi təyinatınız rəsmiləşsə, millimizə indiyənə kimi dəvət olunmuş və artıqlıq yaradan Rüfət Dadaşovlar, Cihan Özkara kimi futbolçuların yenidən dəvət olunmasını əngəlləməyə çalışacaqsızınız? Bu barədə baş məşqçi ilə fikir mübadiləniz olacaq?

-Milli komandada oynamaq üçün güclü rəqabət olmalıdır. Həm çempioat oyunlarında özünü yaxşı tərəfdən göstərməlisən, həm də yığmaya dəvət alan oyunçular arasında . Qıraqdan baxanda bilinməlidir ki, sən milli komandanın futbolçususan. Sağlam rəqabət olmalıdır. Milliyə dəvət alan futbolçu bilməməlidir ki, gedən kimi əsas heyətdə oynayacaq. Futbolçu milliyə asan düşməməlidir. Eləcə də sizin vurğuladığınız o, Almaniya və Türkiyədən gələn futbolçular bundan sonra nəzarətdə olacaqlar. Necə oynadıqları, nə qədər oynadıqları, hamısı diqqətə alınacaq. Bundan əlavə hər bir baş məşqçi öz istəyinə uyğun heyət yığır və futbolçular dəvət edir. Prosineçki də Azərbaycanda yaşayacaq. Belə olduğu halda o, klublarla mütamadi əlaqədə olacaq. Futbolçuların məşqlərini izləyəcək. Yəqin ki, keçmişdə olan əksikliklər gələcəkdə görsənməyəcək.

-Millinin aşağı yaş qruplarında çıxış edən gənc futbolçular potensial olaraq nə dərəcədə əsas milliyə yardım edə bilərlər?

-Reallığımız odur ki, bu gün nəyimiz var ondan istifadə etməliyik. Əlimizdə olan futolçuları dəyərləndirmək lazımdır.U-21,U-19- da olan futbolçular da yığmaya can atmalıdırlar, ora üçün çalışmalıdırlar. Oyunları izləyəndə mən görürəm ki, aşağı yaş qruplarında elə futbolçular var ki, hər oyun artırırlar. Baxanda hiss edə bilirsən ki, futbolçu gəncdir, ancaq keçən ay oynadığı oyunu nümayiş etdirmir, daha inamlı çıxış edir. /Qafqazinfo.az/

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button