Idman

\”Abdulbari Gözəl dedi ki, \”Qarabağ\”ın uşaqlarına pul verin…\”

"Abdulbari Gözəl dedi ki, "Qarabağ"ın uşaqlarına pul verin..."“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl apasport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Komandanız çempionatın hesabat turunda \”Qəbələ\”yə uduzdu. 1:2 hesablı məğlubiyyətin \”İnter\”lə matçdan sonrakı psixoloji gərginliklə bağlılığı varmı?

– Futbolda məğlubiyyət bir həqiqətdi, bunun başqa adı yoxdu. Əlbəttə, olan hadisəni qəbul etmək çox ağırdı. Mənim indiki məqamda birinci hədəfim odu ki, klubumun əhvalı pozulmasın, yolumuza davam edək. Yüz faiz əminliklə deyə bilmərəm. Amma ola bilsin ki, \”Qəbələ\”yə uduzmağımızda dediyiniz məqam da rol oynadı. Hardasa təsiri var.

– \”İnter\”lə matçdakı hakim idarəçiliyinə görə UEFA-ya şikayət etdiniz. Sizcə, müraciətiniz müsbət cavablanacaqmı?

– Müraciət etdik, məhkəmənin keçirilməsini istədik. 2015-ci ilin fevralın 5-də məhkəmədə görüşəcəyik. Bu həftə isə UEFA nümayəndəsi Corcio Marketti ilə görüşüm olacaq. Onunla razılaşdıq ki, bu həftənin axırına kimi vaxt təyin edib, görüşək. UEFA-da görüşməli olduğum əsas şəxs Markettidi. Çünki rəqabət komissiyasının sədridi. Onunla üz-üzə görüş keçirmək ən məsləhətlisidir.

– Marketti ilə görüşdən sonra nə dəyişəcək? Axı olan olub. Bundan sonra görüş keçirmək gecikmiş addım deyilmi?

– Düzdü, olan oldu. Amma baş verən olay çox böyük olaydı. Belə hadisələr futbol tarixində az müşahidə olunub. Tanınmış, bu sahədə iz qoymuş futbolçu dostlarımız var. Zəng edib deyirlər ki, həyatımızda belə şeylə nadir hallarda üzləşmişik. Doğrudan da, tarixi hadisədi. Bu qədər açıq-aydın epizodda səhv etmək qeyri-mümkündü. Buna səhv deməyin yeri yoxdu. Belə epizodda hakim səhv edə bilməz. İndi biz nə etməliyik? İki yolumuz var: ya susmalı, olanları qəbul etməliyik, ya da buna qarşı mübarizə aparmalıyıq. Bizim klubun strukturu var. Baş məşqçi öz işini görür. Mən UEFA-ya dedim ki, sizin rəsmi bəyanatınız ayrı məsələdi, mən onun dalınca düşməmişəm. Məhkəməmiz olacaq, bu işin başını buraxmayacağıq. Amma şəxsən mənim gözümə baxıb, UEFA üzr istəməlidir.

– Hakimin bu səhvinə iki ad qoymaq olar. Ya qismətimiz belə imiş deyib, keçməliyik. Ya da bu səhvin arxasında başqa məqamlar axtarmaq lazımdı. Bununla bağlı araşdırma aparırsınızmı?

– Hərdən mən də düşünürəm ki, bəlkə bu məsələnin arxasında geostrateji maraqlar var. Bilirsiz, Ukrayna bu dəqiqə çox əzizdi. Baş verən olay onun adının Avropada hallanmasına hesablanıb, ya yox, bilmirik. Yüz faiz əmin ola bilmirik, çünki əlimizdə sübut yoxdu. Hesab edirəm ki, orda nə isə var idi. Bu, səhv, xəta ola bilməz. Amma bununla bağlı uzun-uzadı danışmaq istəmirəm.

– Artıq \”Dnepr\”in növbəti mərhələdəki rəqibi də bəllidi. Bu mənada \”Qarabağ\” – \”İnter\” matçının yenidən keçirilməsi inandırıcı görünmür. Üstəlik, məlumatı UEFA da təsdiqləyib…

– Biz sona qədər çalışacağıq. Amma həqiqət budu ki, mən İsveçrəyə bunun üçün getmirəm. Getməkdə əsas məqsədim bu deyil. Mənim üçün vacib olan UEFA-nın hakimin bu kobud səhvini etiraf etməsidi. Bir arzum var: o şəxslə həmin epizodu müzakirə etmək və onun gözlərinə baxmaq.

– \”Qarabağ\”ın adı 2-3 gün ərzində çox hallandı. Anti-reklamın özü də güclü reklamdı. Yəqin razılaşarsınız…

– Bəli, sizinlə razıyam. Çox maraqlı haldı. \”Qarabağ\”ın adının iki dəfə məzlumiyyətlə anınması. Həm Ermənistan tərəfindən təcavüzə uğraması, həm də bu məsələ. UEFA da baxdı ki, təcavüzkar vəziyyətə düşüb. Niyə? Çünki o hakimi göndərən təşkilat UEFA-dı. Bəlkə biz istəməyərək, bəlkə də təsadüf nəticəsində \”Qarabağ\”a edə biləcəyimiz ən yaxşı xidməti etdik. Artıq Avropada \”Qarabağ\” deyəndə hamı bizim haqsızlığa uğradığımızı deyir. Hətta Ermənistan saytları da yazdı ki, \”Qarabağ\”a, Azərbaycana haqsızlıq olub. Bunun özü çox böyük işdi. Maraqlısı ondadı ki, biz mərhələ adlasaydıq, dünya mediası \”Qarabağ\”dan bu qədər yazmayacaqdı.

– Belə haqsızlıqlarla üzləşəndə futboldan küsüb, bu sahədə olduğunuz üçün özünüzü qınayırsızmı?

– Əksinə. Belə hallarla üzləşəndə istək və həvəsim artır. Bu hadisədən sonra qarşımıza hədəf qoymuşuq ki, daha da yaxşı işləyək. Mən həvəsdən düşsəydim, gedib Avropada haqqımı axtarmazdım. Avropaya getməyimin əsas səbəbi də budu. İstəyirəm ki, qarşıdakı illərdə bir daha bu hal yaşanmasın. Tutduğumuz yola davam edəcəyik.

– Bura qədər gördüyü işə görə \”Qarabağ\”a təşəkkür düşür. Növbəti il üçün hədəf nə olacaq? Artıq Çempionlar Liqasının qrup mərhələsinə düşməyin vaxtı çatmayıbmı?

– Razıyam. Mənim üçün qarşıdakı ildə əsas infrastrukturdu. Suraxanıdakı baza, stadionla bağlı arzularım var. İnandırım sizi ki, tam bazamız olsaydı, indiki nəticədən 30-40 faiz də üstün nəticə göstərə bilərdik. Suraxanıda bazamızın ətrafında boş sahələr var. İstəyirik ki, onları da bazamıza qataq. Bunu edə bilsək, aşağı yaş qruplarında oynayan uşaqlarımız da orda məşq edərlər. Rəhbərlik olaraq, mənim builki hədəfim infrastruktur işlərini bitirməkdi. Həmişə deyirəm ki, mənim gələcək ulduzum indi 13 yaşındadı. Həmin futbolçu kimdi, bilmirəm. 13 yaşlı ulduzu tapmaq üçün sistem qurmalıyıq.

Qaldı ki digər məsələlərə, Qurban Qurbanovla danışacağıq. Siz də bilirsiz ki, bizdə peşəkar sistem var. O bizdən nə vaxt futbolçu transferi tələb edibsə, həmişə müsbət qarşılamışıq. Mən də razıyam ki, \”Qarabağ\”da nəsə yeniliklər olmalıdı. Yaşlı futbolçularımız var, onların yerinə yeniləri gəlməlidi. Biz bu məsələdə Qurban müəllimə ancaq dəstək ola bilərik. Çempionlar Liqasının qrup mərhələsini düşünmək üçün isə ilk növbədə, Azərbaycan çempionu olmaq lazımdır.

– Klubun prezidenti Abdulbari Gözəlin baş verən olaya münasibəti necə oldu?

– O da komandanı dəstəkləyir. Bilirsiz ki, sağlamlığı ilə əlaqədar olaraq Abdulbari bəy Amerikadadır. İnşallah, tezliklə gələcək. Məndən futbolçulara pul mükafatının verilib-verilməyəcəyi ilə bağlı soruşdular. Dedim ki, \”Qarabağ\”da o qədər mənəvi bağlılıq var ki, klub rəhbərliyi, baş məşqçi və kapitan olaraq birlikdə əyləşdik və bu məsələni öz aramızda 10 saniyə ərzində həll etdik. Gözəl bəylə əlaqə saxladıq. O da dedi ki, futbolçulara mükafat verilməlidir, uşaqlar sevinməlidilər. Çünki sona qədər savaşdılar, qazandılar. Gözəl bəyin bu dəstəyi nə deməkdi? Yəni \”Qarabağ\” qələbə qazandı. Biz özümüzü məğlub yox, qalib sayırıq. Buna görə də futbolçulara \”premiya\” veriləcək. Çox şükürlər olsun ki, xalq da bizi məğlub saymır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button