Canlı əfsanə futbolla vidalaşdı
Fransa futbolunun canlı əfsanəsi Tyeri Anri karyerasını rəsmən başa vurub.
Bundan sonra şərhçilik edəcəyini açıqlayan 37 yaşlı futbolçu deyib: “20 illik futbol karyeramı bitirməyi qərara aldım. “Monako”, “Yuventus”, “Arsenal”, “Barselona”, “Nyu-York Red Bulls” və Fransa millisindəki komanda yoldaşlarım və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Londona qayıdaraq, “Sky Sports”a qatıldığım üçün məmnunam.
Qeyd edək ki, 2010-cu ildə “Barselona”dan ayrılaraq “Nyu-York Red Bulls” klubuna üz tutan təcrübəli futbolçu bu komandanın heyətində keçirdiyi 122 oyunda 51 qol vurub və 42 məhsuldar ötürmə edib. 2012-ci ildə komandanın ən dəyərli futbolçusu seçilən Anrinin karyerasının parlaq dövrü “Arsenal”da olub.
1999-cu ildə “Yuventus”dan “Arsenal”a transfer olunan Anri London təmsilçisinin heyətində keçirdiyi 377 oyunda 228 dəfə rəqib qapılarına yol taparaq klubun ən çox qol vuran futbolçusu adını qazanıb. O, “Arsenal”ın heyətində iki dəfə Premyer Liqa çempionluğunu, üç dəfə İngiltərə federasiya kubokunu (FA) qazanıb. Dörd dəfə Premyer Liqanın ən məhsuldar futbolçusu olan Anri 2007-ci ildə “Arsenal”ı “Barselona”ya dəyişmişdi.