“İlqar Məmmədov ReAL-ı Kommunist Partiyasına çevirmək istəyir” – İstefa verən Azər Qasımlı
“Partiyada idarəetmədə kollektiv qərar vermək son 6 ayda daha da zəifləyib. İlqar Məmmədov bizim qurduğumuz yerli təşkilatları dağıdıb məhv etmək istəyir. O, İdarə Heyətinin son iclasında dəyişiklik və islahat etmək lazım olduğunu dedi. İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmış partiyalarda belə biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur”.
Bunu bu gün keçirdiyi mətbuat konfransında ReAL-ın sabiq Məclis sədri Azər Qasımlı deyib.
***
Respublikaçı Alternativ Partiyasının (ReAL) Məclis sədri Azər Qasımlı partiyadan istefa verib.
Yeni Sabah xəbər verir ki, o, istefa qərarını bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
Qeyd edək ki, ReAL-ın sədri bir neçə gün əvvəl partiyanın yenidən qurulması ilə bağlı təkliflərini açıqlamışdı. O bildirmişdi ki, partiyanın İdarə Heyəti istefaya göndərilmiş və partiyanın qurultaya gedəcəyi bəyan edilmişdi. Azər Qasımlı isə İlqar Məmmədovun təklifləri ilə razılaşmadığına görə istefa vermək qərarına gəlib.