Qaçqın mənzillərinin alverində məmur maxinator – İlham Həşimov
Son illər respublikanın bir çox bölgələrində qaçqın və məcburi köçkünlərin mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə çoxsaylı mənzillərin inşası köçkünlərlə yanaşı, qaçqınkomların da işinə yarayıb. Belə ki, qaçqınkomlar onların balansına verilən bu mənzillərdən sadəcə qaçqınların mənzil problemini həll etmək üçün deyil, eyni zamanda pul qazanmaq vasitəsi kimi də uğurla istifadə edirlər. Bu mövzu ilə bağlı olaraq \”Qaçqıkom\”da mənzil alveri\” başlıqlı geniş araşdırma aparmışdıq. Məsələ ilə əlaqədar redaksiyamıza yeni məlumatlar daxil olub və cumhuriyyet.az-a daxil olan bu məlumatlarda qaçqın və məcburi köçkünlərin mənzil təminatı prosesindən öz şəxsi məqsədləri üçün istifadə edənlərlə bağlı konkret adlar çəkilir. Bizə daxil olan məlumatlarda deyilir ki, belə məmur tiplərindən biri də Nazirlər Kabinetinin birbaşa tabeliyində fəaliyyət göstərən Sosial İnkişaf Fondunun baş texniki nəzarətçisi İlham Həşimovdur.
Rüşvət və maxinasiya prosesindən tam məlumatlı olan mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə İ.Həşimov qaçqın və məcburi köçkünlər kateqoriyasından olan vətəndaşlara xüsusilə üç və dörd otaqlı mənzillərin rüşvətlə satılmasında, həyata keçirilən təmir və tikinti işlərinin hədsiz keyfiyyətsiz yerinə yetirilməsində suçlu bilinir və bu ittiham hələ ki, ictimai qınaq səviyyəsindədir. Əslində isə bu sahədə həyata keçirilən korrupsiya hüquqpozmaları tək bir İlham Həşimovun işi deyil və burada Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin departamentlərinin rəhbər və funksioner vəzifəli şəxslərinin də qatılmış olduqları korrupsioner qrupun fəaliyyətindən şübhələnməyə dəyər. Xatırladaq ki, bu sadaladığımız məsələlərə diqqətlə yanaşan Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov bir müddət öncə Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucovun yol verdiyi neqativ hallara, rəvac verdiyi qanunsuzluqlara görə işdən çıxarılmasına nail olmuşdu. Onun yerinə təyin olunan Fərhad Təhməzov bu bir il ərzində öz təmiz adını qoruya bilsə də, İlham Həşimovun korrupsioner hərəkətləri belə davam etsə, onun da xidmətlərinə kölgə sala bilər.Bir az əvvəl İmişlidə qaçqın və məcburi köçkünlər üçün tikilən evlərin \”pay-püşk” edilməsindən ciblərini dolduran İlham Həşimov indi də Ağdamda tikilən evlərin bazarlığı ilə məşğuldur. Bir az da onun ictimaiyyətlə əlaqələrindən, fəaliyyətində \”şəffaflıq prinsiplərinə üstünlük verməsindən”, xüsusilə də KİV işçiləri ilə \”ünsiyyətə meylliliyindən” yazmağa ehtiyac duyuruq. Bildirildiyinə görə, İ.Həşimov yalnız zərif cinsin mənsubları olan media nümayəndələri ilə \”dil tapa” bilir və onlara əziyyət olmasın deyə gördüyü işlər barədə müfəssəl məlumatları vaxtaşırı paytaxta gətirir. Ondan müsahibə götürən xanım jurnalistlər həmsöhbətlərini öz oxucularına olduqca ünsiyyətli, şirindil adam kimi təqdim edirlər. Əlbəttə, bu cür təqdimat obyektiv gerçəkliyi tam əks etdirmir və şəksiz, İlham Həşimovun şirin dili özü ilə bağlı acı həqiqəti ört-basdır edə bilməz.