Manşet

YAP seçki siyahısını niyə yubadır: Mehdiyevsizliyin təlaşı yoxsa, rəqiblərə qurulan tələ? – ZÜLFÜQAR SAVAŞ YAZIR

YAP seçki siyahısını niyə yubadır: Mehdiyevsizliyin təlaşı yoxsa, rəqiblərə qurulan tələ? – ZÜLFÜQAR SAVAŞ YAZIR
2020-ci il fevralın 9-na təyin olunmuş parlament seçkiləri gündəmin əsas mövzusu olaraq qalır. Müxalifətin seçkiləri boykot yolunu seçmiş qanadına görə bu seçkilərdə öncədən proqnozlaşdırıla bilməyən hansısa nəticə qeydə alınmayacaq.

Siyasi spektrin digər təmsilçiləri isə ümumi mənzərənin proqnozlaşdırıla bilən olduğu fikri ilə razılaşsalar da növbədənkənar seçkilərin sürprizlərsiz də ötüşməyəcəyini ehtimal edir.

Sürprizlərə gəlincə isə bu ilk növbədə hakim Yeni Azərbaycan Partiyasının açıqlayacağı namizədlər siyahısında görülə bilər. Amma nədənsə YAP namizədlər siyahısını açıqlamağa tələsmir.

Nöbədənkənar parlament seçkilərinə qatılan siyasi partiyaların əksəriyyəti öz namizədlərinin siyahısını açıqlasa da, hakim Yeni Azərbaycan Partiyası bu məsələdə hamıdan axıra qalıb. Maraqlıdır, hakim partiyanın siyahını yubatması hansı səbəblərlə izah edilə bilər?

Burada diqqətdən keçiriləsi bir neçə ehtimal üzərində dayanmaq mümkündür. Bir çox siyasi təhlilçilər hesab edir ki, hakim partiyanın siyahını yubatması hakimiyyət içindəki ziddiyyətlərlə bağlıdır. Belə ki, Ramiz Mehdiyevin PA-dan və bütünlükdə uzun illər rejissoru olduğu Azərbaycan siyasətindən kənarlaşdırılması gözlənildiyi kimi əks təsirlərsiz ötüşməyib. Uzun illər Rusiyanın ölkəmizdəki maraqlarının ifadəçisi kimi prosesləri nəzarətində saxlayan “boz kordinal”ın oyundan kənar vəziyyətə salınması sitiuasiyanı bir qədər qəlizləşdirib.

YAP seçki siyahısını niyə yubadır: Mehdiyevsizliyin təlaşı yoxsa, rəqiblərə qurulan tələ? – ZÜLFÜQAR SAVAŞ YAZIRDoğrudur, Azərbaycan hakimiyyətinin hətta Ramiz Mehdiyevin hansısa iştirakı olmadan belə Kremllə münasibətləri normaldır. Növbədənkənar parlament seçkilərinin Putinlə razılaşdırılması, yeniliklərə rəsmi Moskvanın “xeyir-duası”nın alınması şübhə doğurmur. Amma bu Kremlin formalaşacaq parlamentdə öz payınından imtina etməsi anlamına da gəlməməlidir. Moskva öz adamlarını yeni Milli Məclisdə görmək istəyir, daha dəqiq ifadə etsək, öz adamlarının sayının mümkün qədər çoxluğuna çalışır. Məhz bu məqam nəticə etibarilə YAP-ın yekun seçki siyahısının elan edilməsini ləngidə bilər.

Digər tərəfdən isə YAP siyahısının elanını bütün iştirakçı partiyalardan sonraya saxlaması rəqiblərini çıxılmaz duruma salmağa da xidmət edir. Sirr deyil ki, indi ölkə ictimaiyyətinin və siyasi çevrələrin bütün diqqəti hakim partiyanın namizədlər siyahısına yönəlib. İstər iştirakçı müxalifət, istər hakimiyyətə yaxın dairələr, istərsə də müstəqil şəkildə deputatlığa namizədliyini verəcək şəxslər öz seçki taktika və strategiyasını YAP-ın seçki siyahısı üzərində fokuslaşdırıblar. Hər halda onların heç biri YAP-ın çox güclü və seçiləcəyinə şübhə olmayan namizədi ilə eyni dairədə mübarizə aparmaq istəməz. Elə bunu nəzərə alan YAP rəqiblərini qərarsız durumda daha çox saxlamaq və bununla da onları səhv etməyə məcbur etmək niyyətilə seçki siyahısının rəsmi elanını bilərəkdən yubadır.

Amma YAP-ın rəqibləri ilə bu “əsəb savaşı”nın son epizodlarına şahidlik edirik və böyük ehtimalla dekabrın 23-də baş tutacaq bələdiyyə seçkilərindən dərhal sonra hakim Yeni Azərbaycan Partiyası “döyüşə kimlərlə gedəcəyini” açıqlayacaq.

YAP seçki siyahısını niyə yubadır: Mehdiyevsizliyin təlaşı yoxsa, rəqiblərə qurulan tələ? – ZÜLFÜQAR SAVAŞ YAZIRHakim partiyanın siyahısında isə sürpriz adların olacağı tamamilə real görünür. Bu adlar sırasında həm də bir neçə sabiq deputatın da ismini görə bilərik. Eyni zamanda, V çağırış Milli Məclisin üzvü olmuş 10-dək yaşlı YAP-çı deputatın siyahıdan çıxdaş edildiyi vurğulanır. Onların əvəzinə ilk dəfə parlament seçkisinə qatılacaq gənclərin daxil edildiyi bildirilib.

Hər halda uğurlar diləyirik. Güclü və layiq olan qazansın…

Zülfüqar SAVAŞ
Savash.org saytının baş redaktoru

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button