Manşet

\”Ümid\” sədri Rauf Arifoğluya Habil Əliyevin lətifəyə çevrilmiş məşhur sözlərini xatırlatdı – GƏRGİNLİK

"Ümid" sədri Rauf Arifoğluya Habil Əliyevin lətifəyə çevrilmiş məşhur sözlərini xatırlatdı - GƏRGİNLİK\”Yeni Musavat\” qəzetinin baş redaktoru Rauf Arifoğlunun \”Ümid\” Partiyasının sədri İqbal Ağazadənin namizəd olduğu 35 saylı Xətai 3-cü seçki dairəsindən namizədliyini irəli sürməsi tərəflər arasında gərginliyə səbəb olub. Adıçəkilən şəxslərin tərəfdarları sosial şəbəkələrdə bir-birinə qarşı aqressiya nümayiş etdirərək, qarşılıqlı ittihamlar səsləndirib.

Savash.org-un məlumatına görə \”Ümid\” Partiyasının sədri İqbal Ağazadə baş verənlərlə bağlı sosial şəbəkə üzərindən fikirlərini bölüşüb və tərəfləri sakitləşdirməyə çalışıb. O eyni zamanda Rauf Arifoğlunu çox incə tərzdə sancmağı da unutmayıb. Həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:

***

Dəyərli dostlar, əziz partiyadaşlar, sayğıdəyər səhifə izləyicilərimiz!

35 saylı Xətai 3 – cü seçki dairəsindən Rauf bəy Arifoğlunun namizədliyini irəli sürməsi çoxlarınızda emosiya və aşırı təpki yaradıb. Hamınızı anlamağa çalışıram, reaksiyalarınıza və düşüncələrinizə hörmətlə yanaşıram. Lakin…

Bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür. Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq. Hüquq Rauf bəyə haqq verir ki, istənilən dairədən namizədliyini irəli sürüb mübarizə aparsın. Passiv seçki hüququndan istifadə etməyə kimsəyə qadağa qoymağa nə mənim, nə də sizin haqqınız yoxdur.

Təəssüf edirəm ki, həm sizlər, həm də Rauf bəyi müdafiə edənlər ifrata vararaq bir – birinizi kiçiltməyə çalışırsınız. Etməyin.

Əziz partiyadaşlar, dostlar.

Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım.

Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən – həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən – namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir.

Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar.

Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun.

Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq – Mənə münasibətdən asılı olmayaraq.

\”Yeni Müsavat\”dakı dostlarımız isə tarixin müxtəlif dönəmlərində müsahibə, reportaj və s. məsələləri xüsusi qabartmasınlar, o da Rauf bəylə mənim aramda.

Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm.

P. S. Bir gün yenicə Əməkdar Artist adı alan müğənnilərdən biri mərhum sənətkarımız Habil Əliyevə deyir ki, bəs mənə də Əməkdar Artist adı verdilər. Habil müəllim deyir ki, onlar verdi, verdi, bəs sənin abrına nə gəldi ki, götürdün? İndi namizəd olanlar bir də bunu düşünsünlər, xalq səs vermirsə, nəyisə götürməyin, daşıya bilməyəcəksiniz…

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button