Burada xəstələri niyə öldürürlər? – “BAKU MEDİCAL PLAZA” YENƏ CAN ALDI
Ölkə səhiyyəsinin mövcud durumu haqda məlum həqiqətləri təkrarlayaraq oxucuları yormadan birbaşa mətləbə keçirik. Deməli, belə…
Adı müntəzəm olaraq xəstə ölümləri səbəbindən mətbuatda hallandırılan “Baku Medical Plaza” yenidən diqqət mərkəzinə düşüb.
Savash.org-un məlumatına görə, buna səbəb adıçəkilən tibb müəssisəsinə şəfa tapmaq ümidiylə gələn daha bir xəstənin ölməsidir. Söhbət 1950-ci il təvəllüdlü Sevil Zeynalovadan gedir. O ağciyər xəstəliyinin kəskinləşməsi dioqnozu ilə 2019-cu il noyabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və orada müalicə almağa başlayıb. Lakin dekabrın 23-də xəstəxanada dünyasını dəyişib.
Bu isə ortaya sual çıxardır. Maraqlıdır, xəstələr “Baki Medical Plaza”da niyə ölür və ya ölümcül hala salınır? Axı, yuxarıda təqdim etdiyimiz fakt yeganə deyil, bu qəbildən olan müntəzəm acı xəbərlər zəncirinin yalnız növbəti həlqəsidir. Gəlin, faktlara nəzər salaq:
***
2019-cu il aprelin 18-də Bakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyevanın keçirdiyi burun əməliyyatından sonra gecə saatlarında vəfat etdiyi barədə məlumat yayıldı. Gənc qız “Baki Medical Plaza” da 15 gün ərzində 3 dəfə əməliyyat olunubmuş.
İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Aprelin 17-də baş tutan sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
***
Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata keçirən həkim-ginekoloqun, Türkiyədən gəlmiş doktor Cəlaləddin Örnək-in qəbuluna gedib.
Müəllimənin başına gələnlərin ardını mətbuata onun həyat yoldaşı Baba Şirəliyev danışıb. B.Şirəliyevin sözlərinə görə, həyat yoldaşı hamiləlik dövründə həmin klinikada rəsmi qeydiyyatda olub, ayda ən azı 2 dəfə hərtərəfli həkim müayinəsindən keçib.
“Ginekoloq müayinə etdi, qan analizləri verdik. Dedilər ki, qanında hansısa mikrob tapılıb, müalicə edəcəyik, keçib gedəcək. Həkimin təyinatına əsasən xəstə bir neçə gün antibiotiklər qəbul etsə də, vəziyyəti yaxşılaşmadı. Təxminən 3-4 gündən sonra təkrar həkimə getdik”-qəhərdən boğulan və çətinliklə danışan Şirəliyev deyir.
Təkrar klinikaya müraciət edəndə ailəyə bildiriblər ki, dəqiq diaqnozu yalnız MRT müayinəsindən sonra deyə bilərlər, bu müayinə isə yalnız klinikada edilməlidir. Başqa klinikada aparılmış MRT müayinəsinin nəticəsini qəbul etməyəcəklər. Şirəliyevanı MRT növbəsinə yazıblar, bəlli olub ki, növbə çox olduğundan xəstə günlərlə gözləməlidir.
Beləliklə daha 3 gün vaxt itirilib, nəhayət ailənin təkidi ilə qadını KT müayinəsindən keçiriblər. Müayinə zamanı xəstənin qarın boşluğunda maye müşahidə edilib. “Yuxarı palataya çıxardılar, drenaj qoşdular ki, maye çölə axsın. 2 gün keçdi, vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Buna görə də qarın boşluğundan əməliyyat etdilər, əməliyyatı türkiyəli həkim Taner Ercemik həyata keçirmişdi”, -şikayətçi deyir.
Yalnız bu əməliyyatdan sonra Baba Şirəliyevə bildiriblər ki, heç demə onun həyat yoldaşının kor bağırsağı partlayıbmış və nəticədə iltihab qarın boşluğuna yayılıb. Buna görə də bağırsağıdan 12 sm. kəsib götürməli olublar. Və xəstənin vəziyyəti yaxşılaşsa təkrar əməliyyat edəcəklər. Beləliklə, xəstə yaxınları çoxsaylı analizlərə, əməliyyata və s. görə klinikanın kassasına 17 min manatdan çox vəsait ödəyiblər. Xəstəyə 2 litrə yaxın donor qanı köçürülüb, amma müəllimənin vəziyyəti daha da pisləşib.
“Bu gün də çıxıb deyirlər ki, vəziyyəti kritik ağırdır, hər şeyə hazırlıqlı olun. Öz ayağı ilə xəstəxanaya gələn yoldaşımın bütün bədəni şişib, tanınmaz hala düşüb. Klinikaya indiyədək 17 min manat ödəmişəm, daha 17 min manat da borclu qalmışıq. Dedilər ki, qanı sürətlə düşdüyündən qan vurmaq lazımdır, ayrıca 900 manat da qan üçün ödəmişəm. Mən də, Lətafət də müəllim işləyirik, qohumlar köməklik edirlər. İndiyədək xərcləri birtəhər qohum-əqrəbanın köməyi ilə düzəldib vermişdik ki Lətafəti xilas edək”, -B.Şirəliyev deyir.
Və çarəsiz halda soruşur ki, kor bağırsağı şişmiş insanı 10 gün ərzində gah növbə, gah antibiotiklə müalicə adı ilə niyə yubadıblar, vaxtında dəqiq diaqnoz qoyub, müdaxilə etməyiblər? “İstəyirlər ki, onu klinikadan çıxarıb evə aparaq. Dedim ki, evimi sataram, təki Lətafəti sağaldıb versinlər”.
Klinikadan təqdim edilən arayışda göstərilir ki, L.Şirəliyevaya peritanit, septik şok, kəskin tənəffüs çatışmazlığı, ağciyərlərin kəskin respirator distres sindromu, laporatomiya sindromu diaqnozu qoyulub.
***
“Bu cür xəstəxanaların lisenziyası əllərindən alınmalıdır və birmənalı bağlanmalıdır. Adam öldürdüklərinə görə hələ bir 35 min manat pul da alırlar”. Bu sözləri isə müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.
İfaçı “Baku Medical Plaza”da 40 yaşlı qadının ana olduqdan sonra səhhətinin pisləşməsinə münasibət bildirib: “Mənim bir rəfiqəmi də az qalmışdı ki, burda öldürsünlər. O da ana olmağa gəlmişdi. Allahsızlar qanı 1 müsbət olana mənfi 4 qan qrupu çıxarmışdı. Təsəvvür belə etmək istəmirəm, əgər ona orda qan vurulsaydı, nələr ola bilərdi. Yazıqlar olsun! Belə həkimlərə ar olsun. Adamı şikəst eləməkləri azmış kimi hələ bir pul da istəyirlər. Məhkəməyə verib bunlardan 117 min almaq lazımdır”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Orxan
Savash.org