Azərbaycanın İranla sərhəd bölgəsi təhlükə altında – ABŞ SƏHVƏN BİZİ VURA BİLƏRMİ?
“Çox güman ki, ABŞ İranın son hərəkətlərinə cavab verəcək. Bu cavab isə İranın bir müddət əvvəl ABŞ bazasına endirdiyi raket zərbələrindən heç də zəif olmayacaq”.
Bu sözləri İranın general Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi bazasına raket zərbəsi endirməsi fonunda hadisələrin necə cərəyan edəcəyinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib: “Fikrimcə, Vaşinqton İran ərazisində yerləşən bəzi obyektlərə zərbə vuracaq. Daha çox ehtimal olunur ki, İranın nüvə, raket və digər hərbi obyektlərinə zərbələr endiriləcək. Bu müstəvidə demək olar ki, iki tərəf arasında müharibə artıq başlayıb. İndi isə müharibə yeni müstəviyə keçib”.
Politoloq düşünür ki, hazırda ABŞ prezidenti Donald Trampın əlinə İranın nüvə obyektlərinə zərbələr endirmək üçün əlverişli fürsət düşüb: “ABŞ növbəti prezident seçkiləri ərəfəsindədir, Trampa da qələbə lazımdır. İranda bu mənada Trampa qələbə qazanmaq üçün imkan yaradır”.
Prosesin Azərbaycana təsirinə gəldikdə isə həmsöhbətimiz qeyd etdi ki, hər halda yaxşı heç nə gözlənilmir: “Çoxsaylı qaçqın axını ilə üz-üzə qala bilərik. Müharibə geniş vüsət alsa, İrandan Azərbaycana qaçqın axınını müşahidə edə bilərik. Amma düşünmürəm ki, müharibənin geniş vüsət alması ölkəmizi bu prosesə qoşa bilər. Azərbaycanda ABŞ-a, İsrailə, ümumiyyətlə hər hansı bir xarici dövlətə məxsus hərbi obyekti yoxdur. Ona görə də İranla ABŞ arasında geniş miqyaslı savaş başladığı təqdirdə, Azərbaycanın da hərb meydanına çevriləcəyini zənn etmirəm. Ancaq ABŞ vurmaq niyyətinə düşdüyü İranın hərbi obyekti Azərbaycanla sərhəd zonasında və Xəzər dənizi hövzəsində yerləşərsə bundan ölkəmiz ziyan çəkə bilər. Bu halda endirilən raket zərbələri səhvən ölkəmizin ərazisinə də düşə bilər. Belə vəziyyətdə, Şimal-cənub dəhlizinin işə salınması da sual altına düşəcək”.
Elçin
Sfera.az