Manşet

Namus üstə qulaq kəsdi, arvadı ilə qızını isə küçəyə atdı – (Video)

Namus üstə qulaq kəsdi, arvadı ilə qızını isə küçəyə atdı - (Video)“…Özüm anasız böyümüşəm, qızımın anasız böyüməsinə razı ola bilmərəm. O, mənim taleyimi yaşamayacaq, döyülməyəcək, evdən qovulmayacaq…”

Göz yaşları danışmasına imkan vermir. O qədər yavaş səslə danışır ki, bir sualı iki-üç dəfə təkrarlayırıq…

“Bakıda kişi uşağın qız doğulmasından qəzəblənərək arvadını və körpəni öldürmək istəyib, onları ölümlə hədələyib. Buna görə də hər ikisini sığınacaq evinə yerləşdirmişik” – bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə virtualaz.org saytına belə bir açıqlama vermişdi.

Biz də küçəyə atılan həmin qadını axtarmağa başladıq, onunla elə sığınacaq evində görüşdük.

23 yaşlı Nərmin Məmmədova deyir ki, həyat yoldaşı uşaqdan öz anasının məsləhəti ilə imtina edib:

-Hamilə vaxtı beş dəfə həkimə getmişəm, uşağın gah qız, gah da oğlan olacağını söylədilər. Uşaq doğulandan sonra həyat yoldaşımın anası gəldi. Qayınanam dedi ki, mən uşağın oğlan olacağını gözləyirdim, məni aldatdınız, uşaq qız doğuldu, biz qız uşağı istəmirik, daha nələr.

Bundan sonra həyat yoldaşım da uşaqdan imtina etdi. Deyir qız uşağı bədlik gətirir, düşəri-düşməzi olur. Guya qız atanın namusuna xələl gətirir. Deyirlər ki, uşağı internata ver, bundan sonra özün evə qayıda bilərsən. Ancaq uşağı internata verməsəm, ikimizi də öldürəcəyi ilə hədələdi.

-Bəs sənin valideynlərin niyə sizə sahib çıxmadı?

-Mən anasız böyümüşəm. Atam, bacım, qardaşlarım var. Qardaşlarım mənimlə danışmırlar. Çünki qoşulub qaçmışam. Bacım isə bibimin oğlu ilə ailə qurub. Onun da vəziyyəti yaxşı deyil, bibimdən icazəsiz heç nə edə bilməz. Atam dedi ki, uşağı atasına ver, bundan sonra evə qayıda bilərsən, uşağa baxmağa imkanım yoxdur. Amma evimiz böyükdür, atamın şəraiti var. Elə atama, bibilərimə görə ailə qurmaq istəyirdim. Fikirləşirdim ki, öz evim olacaq, mənə sahib çıxacaqlar. Buna görə də baş götürüb getmişdim.

-Həyat yoldaşınla rəsmi nikahın varmı?

-Onunla rəfiqəmin toyunda tanış olduq. İmişlidən yaşadığımız rayona toya gəlmişdi. Elə rəfiqəmin köməyi ilə də tanışlığımızdan bir ay sonra qoşulub qaçdım. Dini kəbin kəsdirdik, amma nikah bağlamadıq. Ailəsi bizə toy elədi. Amma onlarla gediş-gəlişimiz olmadı. Yalnız iki dəfə qayınanam Bakıda kirayədə yaşadığımız evə gəlib. Sonuncu dəfə gələndə uşaq qız doğulduğu üçün bizimlə danışmayacaqlarını dedi. Atası isə oğlunun heç nəyinə qarışmır. Yəni ona heç kim bir söz deyə bilmir.

-Niyə?

-Biz evlənəndən sonra öyrəndim ki, həyat yoldaşım həbsdə yatıb. Dostunun bacısına söz atan oğlanın qulağını kəsib, 8 il həbsdə qalıb. Mən ailəsi ilə arasında olan soyuq münasibətin səbəbini soruşdum. Dedi ki, həbsdən çıxandan sonra atasıgillə münasibəti pis olub. O, çox qəzəblidir, içəndən sonra isə heç kim ona cavab qaytarmır. Onun işinə qarışmağa qorxurlar. Amma demişdi ki, uşaq oğlan olsaydı, onun üçün hər şey edəcəkdi. Qız oldu, hər şey dəyişdi.

-Qız doğulmazdan əvvəl yaxşı yaşayırdınız?

-Yemək alırdı, kirayədə qalırdıq. Amma tez-tez, əsasən də içəndə məni döyürdü. Çalışırdım ki, o, əsəbi gələndə danışmayım, nə deyirdisə, tez yerinə yetirirdim. Bir dəfə hamilə vaxtı məni möhkəm döydü, xəstəxanada yatdım. Ona görə də çox qorxuram.

-Neçə vaxtdır görüşmürsünüz?

-Məni döydü, mən də atamgilə getdim. Onlar da uşağı qəbul etmədilər. Sonra polislərə yaxınlaşıb getməyə yerimin olmadığını dedim. Ötən il dekabrın əvvəlində məni bu sığınacaq evinə gətirdilər. Təxminən 3 aydır ərimin üzünü görmürəm. Polislər onunla danışıb. Polislərə deyib ki, uşaqdan imtina edir, amma uşağı internata versəm, məni evə buraxacaq. Deyib ki, mənə aliment verməyəcək, əgər məhkəməyə müraciət etsəm, uşağın onun olmadığını deyəcək. Mən də zəng vurdum, yalvardım ki, bizi evə burax, uşağı böyüdək. Dedim ki, söysə də, döysə də razıyam. Ancaq razı olmadı.

-Yoldaşının neçə yaşı var? Deyirsən ki, 8 il həbsdə yatıb.

-28 yaşı var. Mənimlə 3 ildir ailəlidir. Biz tanış olanda həbsdən yenicə çıxıbmış.

-Yəni 18-19 yaşında cinayət törədib.

-Toydan sonra dedi ki, mən dostuma görə qulaq kəsmişəm. Sonra dostları da bunu təsdiqlədilər. Mən bibilərimin davası ilə böyümüşəm. Deyirdilər ki, atanızın ailə qurmasına sən icazə vermirsən. Bibilərim məni danlayırdılar, söyürdülər. İndi isə qızımın həmin taleyi yaşamasına razı ola bilmərəm. Sığınacaqdan çıxandan sonra nə edəcəyimi bilmirəm. Amma hər işə razıyam, xadiməlik edərəm, uşaqlara baxaram, təki qızımı məndən ayırmasınlar.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva isə deyir ki, qızların təsadüfi tanışlığı, rəsmi nikahın olmaması həm qadının, həm də uşağın hüquqlarını məhdudlaşdırır. İndi 23 yaşlı ana köməyə möhtacdır…

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button