Manşet

Putin özünü ömürlük “çar” elan etdi – DÜNYAYA VERDİYİ “VƏSSALAM, SÖHBƏT BAĞLANDI” MESAJI

Rusiya prezidenti Vladimir Putin hakimiyyətdən getməkdənsə Konstitutsiyanı maraqlarına uyğun olaraq dəyişməyi seçdi. Onun bu addımının demokratiya cücərtilərinin onsuz da zəif olduğu keçmiş Sovet respublikaları üçün də pis örnək olacağı şübhəsizdir.

“SAVAŞ” Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasını təmin edəcək ssenarinin ilginc detallarını təqdim edir.

Hər şey belə başladı

Xatırladaq ki, keçmiş qanunlara əsasən onun ardıcıl olaraq üçüncü dəfə namizədliyini irəli sürməsi qadağandır, lakin yeni dəyişikliklə o, 2024-cü ildə ümumilikdə beşinci, 2030-cu ildə isə altıncı dəfə prezident ola bilər.

Ondan başlayaq ki, Putin onun 2024-cü ildə prezidentliyə yenidən namizədliyini irəli sürməsinə icazə verəcək konstitusiya dəyişikliyini rəsmi olaraq təsdiqləyib. Belə ki, o Konstitusiyaya edilən düzəlişlər və özünün prezidentlik səlahiyyətlərinin sıfırlanması ilə bağlı qanunu imzalayıb.

Putini yenidən sükan arxasına gətirəcək dəyişikliklər

Savash.org Rusiyanın nüfuzlu “Otkrıtıye media” nəşrinə istinadla xəbər verir ki, nəzərdə tutulan düzəlişlər Konstitusiya məhkəməsinin müsbət rəyini aldıqdan sonra Ümumrusiya səsverməsinə təqdim ediləcək. Ümumrusiya səsverməsi  cari ilin 22 aprelində keçiriləcək (həmin gün rəsmən istirahət günü elan edilib-red.). Təklif edilən düzəlişlər 50 faizdən çox səsverənin dəstəyini qazandığı halda, qüvvəyə minəcək.

Qeyd edək ki, Konstitusiyanın Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənən yeni redaktəsində Vladimir Putinin prezidentlik səlahiyyətlərinin sıfırlanması da nəzərdə tutulur. Mövcud qanunvericiliyə görə, bir şəxs iki müddətdən artıq ard-arda prezident vəzifəsini icra edə bilməz. Qanunvericiliyin yekun versiyasından “ard-arda” ifadəsinin götürülməsi nəzərdə tutulub.

Putin planı təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına növbədənkənar seçkilər keçirilməsi təklifini qəbul etməsə də, özünün  prezidentlik müddətini sıfırlamaq fikri ilə razıdır, bir şərtlə ki, Konstitusiya məhkəməsi də bu təklifi təsdiqləsin. O, bunu Dövlət Dumasının iclasında çıxış edərkən bəyan edib.  Xatırladaq ki, “Duma TV” sözügedən iclası seyriçilərə canlı təqdim edirdi.

Putin: “Sovetlər dönəminə qayıtmaq doğru olmaz”

Rusiya Prezidenti öz çıxışında prezidentlik müddətinin sıfırlanması ilə bağlı bunları söyləyib:

“Ölkəmizə güclü hakimiyyət ilk növbədə sabitlik üçün  vacibdir.Amma inkişafımızın bugünkü mərhələsində idarəetmənin parlament forması Rusiyada tətbiq edilə bilməz. Xalq tərəfindən seçilməyən qurumlara prezident səlahiyyətlərinin verilməsi doğru deyil, qəbulolunmaz  və təhlükəlidir. Rusiyada bu birmənalı şəkildə ikili hakimiyyətə gətirib çıxaracaq. Gəlin bunu etməyək. Təklif olunub ki, Konstitusiyada dəyişiklik edib hazırkı dövlət başçısının səlahiyyət müddəti artırılsın. Amma bunu qəbul etsək, belə alınar ki, səlahiyyətlər alternativsiz uzadılır, bu üzdən seçkilər hökmən keçirilməlidir.

Sovetlər dönəminə qayıtmaq doğru olmaz. İndi tamamilə fərqli situasiyadır. Formal olaraq müddətlə bağlı məhdudiyyəti ləğv etmək olardı. Amma zənnimcə, Konstitusiyadan bu bəndi götürmək məqsədəuyğun deyil”.

“Biz yeni Konstitusiya qəbul etmirik, sadəcə…”

Putin qeyd edib ki, prezidentlik müddətinin sıfırlanması variantı yalnız Konstitusiya məhkəməsi bu dəyişikliyi təsdiq edəcəyi təqdirdə mümkün ola bilər: “Biz yeni Konstitusiya qəbul etmirik, sadəcə Əsas Qanunumuza  əhəmiyyətli dəyişikliklər edirik.”

Növbədənkənar seçkilərlə bağlı isə Putinin fikri belədir: “Bu məsələ ilə bağlı fikrim hamıya məlumdur. Əgər vətəndaşlar dəyişikliklərin leyhinə səs versələr, Dəyişikliklər dərc olunan gündən qüvvəyə minəcək. Bu isə o deməkdir ki, Duma da dərhal yeni səlahiyyətlər almalıdır. Bunun üçün bütün hüquqi əsaslar var. Bu sizin qərarınızdır.  Dövlət Dumasına növbədənkənar seçkilər keçirilməsinə ehtiyac görmürəm. Əgər insanlar məntəqələrə gəlib səs versələr, demək, hazırkı deputatların səlahiyyətlərini də təsdiqləmiş olacaqlar. Vəssalam- söhbət bağlandı”

Bir vaxtlar bunu xarici KİV-lərin uydurması adlandırırdılar

Xatırladaq ki, Dövlət Dumasına növbədənkənar seçkilər keçirilməsi və Putinin prezident səlahiyyətlərinin müddətinin sıfırlanması təklifi ilk dəfə cari ilin 10 martında səsləndirilmişdi. Birinci təkliflə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və “Yedinaya Rossiya” partiyasından deputat olan Aleksandr Karelin, ikinci təklifi isə aşağı palatanın iclasında dünyanın ilk qadın kosmonavtı, deputat Valentina Tereşkova irəli sürmüşdülər. Salondakılar Tereşkovanın təklifini sürəkli alqışlarla qarşılamışdılar.

Bu arada qeyd edilməlidir ki, hələ fevralın 26-da Putinin keçmiş köməkçisi Vladislav Surkov prezidentin səlahiyyət müddətinin sıfırlanmasının mümkünlüyünü dilə gətirmişdi. O zaman Kremldə onun bəyənatını şəxsi fikir adlandırmışdılar.

Rusiyada növbədənkənar seçkilər keçirilməsi haqda məlumat da yeni deyil. Parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin isə cəmi iki ay əvvəl bu məlumatları “xarici KİV-lərin yaydığı”  şaiyə adlandırırdı.

Deputatlar sözügedən təklifləri ilk dəfə  səsləndirəndən cəmi saat yarım sonra Putin öz sıx iş cədvəlinə baxmayaraq,  Dövlət Dumasında bu məsələləri müzakirə etmək üçün  vaxt tapdı.

Məsələ özlüyündə aydındır və elə buradaca yazıya nöqtə qoymaq olar, belə də edirik.

Orxan

Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists