Manşet

Ziya Məmmədova şok zərbə: Büdcədən ayrılan pul 2 dəfə azaldıldı, nəqliyyat sektorunda ixtisarlar

Ziya Məmmədova şok zərbə: Büdcədən ayrılan pul 2 dəfə azaldıldı, nəqliyyat sektorunda ixtisarlarNeftin ucuzlaşmasına görə xərcləri kəsilən qurumların adları məlum oldu

Akif Nəsirli: «Bütün nazirliklərə tapşırılıb ki, may-iyun aylarına qədər işçilərin sayını 21 faiz azaltsınlar»

Neftin qiymətinin ucuzlaşması bu il hökuməti büdcəyə daha ehtiyatlı yanaşmağa sövq edəcək. Artıq ilkin olaraq investisiya xərclərinin 1,9 milyard manatının ehtiyat kimi saxlanılması, bölüşdürülməməsi haqda xəbərlər yayılıb. Belə ki, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşunda bir sıra istiqamətlər üzrə xərclər ixtisara düşüb. Bu haqda ətraflı məlumat bir qədər sonra…
Öncə vurğulayaq ki, 2015-ci il üçün dövlət investisiya proqramının həcmi 8,4 milyard manat təşkil edəcək. Bunun 6,9 milyard manatını dövlət büdcəsinin investisiya xərcləri, 1,4 milyard manatı xarici kreditlər hesabına cəlb olunan sərmayələr, 1,9 milyard manatını isə Dövlət Neft Fondunun yatırımları təşkil edir. Bu yazımızda əsas toxunacağımız məqam dövlət büdcəsinin əsaslı vəsait qoyuluşunun strukturu, azalan xərclər barədədir. Əlbəttə, investisiya xərclərinin strukturu şəffaf olaraq ictimaiyyətə təqdim edilmir. Bu dəfə ümumi icmal büdcənin parametrləri əsasında 2015-ci ilin investisiya xərcləri haqqında məlumatlar əldə etməyə çalışdıq.
Büdcə rəqəmlərinin təhlilindən məlum olur ki, 6,9 milyardlıq xərcin 1,3 milyardı Bakı şəhərində I Avropa Olimpiya Oyunlarına sərf ediləcək. Ötən ilin xərcləri ilə birgə bu istiqamətdə yönələn vəsaitlərin həcmi 3 milyard manatı keçib.
Bundan sonrakı yerdə enerji layihələrinə qoyulan sərmayələr durur. \”Şahdəniz\” qaz-kondensat yatağının işlənməsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə, TANAP və TAP-ın həyata keçirilməsinə 928 milyon manatın sərf edilməsi gözlənilir. Çox güman ki, bu vəsaitin böyük qismi Azərbaycan Dövlət Neft Şirkətinə ayrılacaq. Caspianbarrel.org 2015-ci il icmal büdcə materiallarını təhlil edərək qeyd edir ki, bu il Azərbaycan Dövlət Neft Şirkətinə investisiya xərclərindən 660 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Həmin vəsaitin 10 milyon manatı \”Azot gübrələri\” istehsalı zavodunun tikintisinə, 650 milyon manatı isə \”Cənub Qaz Dəhlizi\” layihəsinin maliyyələşdirilməsinə xərclənəcək.
Qeyd edək ki, 2009-2015-ci illərdə dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində SOCAR-a ümumilikdə 1.730 milyard manat ayrılıb. Bundan 790 milyon manatı ölkənin regionlarının və Bakı şəhərinin qəsəbələrinin qazlaşdırılması, 290 milyon manat \”Azot gübrələri\” zavodunun tikintisi, 650 milyon manatı isə \”Cənub Qaz Dəhlizi layihəsi\” çərçivəsində SOCAR vasitəsilə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Beləliklə, yerdə qalan 4,6 milyard manatlıq investisiya xərclərinin digər dövlət qurumları arasında bölüşdürülməsi nəzərdə tutulub. Maliyyə Nazirliyinin büdcə sənədlərinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 7,5 milyon manat; Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 1,8 milyon manat; Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 9,2 milyon manat; Hərbi və müdafiə təyinatlı layihələrin icrasına 542 milyon manat yönəldiləcək.
Əlbəttə, təqdim edilən bu rəqəmlər görünən xərclərdir. Lakin qeyd etdiyimiz kimi, hökumət investisiya xərclərinin bir hissəsini ehtiyat kimi saxlayıb. Neftin qiyməti bahalaşmayacağı təqdirdə onlar icra edilməyəcək. Bura hansı layihələr daxildir?
Əldə etdiyimiz məlumata görə, ən böyük ixtisarlar nəqliyyat sektorundadır. Nəqliyyat Nazirliyinə ayrılan xərclər iki dəfə azaldılaraq 600 milyon manata salınıb. Ötən ilin investisiya xərclərində Nəqliyyat Nazirliyinə düşən pay 1,2 milyard manat təşkil edib. Bu il də nəqliyyat sektoruna 1,3 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulsa da, sonradan onun böyük hissəsini ehtiyatda saxlamaq qərarı verilib.
Regionlardakı rayon icra hakimiyyətlərinə ayrılan əsas vəsait qoyuluşu isə ötən ilə nisbətən 200 milyon manat azaldılaraq 125 milyon manata endirilib. Təəssüf ki, ayrı-ayrı layihələr üzrə məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən ixtisara düşən və ya smetası kiçildilən layihələrin hansılar olduğunu demək çətindir.
Onu da yazaq ki, 2015-ci ildə \”Sovetski\”nin köçürülməsi və sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə 180 milyon manat ayrılıb.
Ümumi məlumatlar əsasında deyə bilərik ki, istər Dövlət Neft Fondu, istərsə də dövlət büdcəsindən təmir-tikinti xərclərində ciddi korrektələr aparılıb. Ekspertlərin fikrincə, investisiya xərcləri uzun müddətdir ki, ölkədə işsizlik probleminin həllində mühüm rol oynayıb. Bu sektorda on minlərlə işçi çalışır. Lakin bir sıra təmir-tikinti layihələrinin dayandırılması işsizliyin səviyyəsinin artmasına, əhalinin gəlirlərinin azalmasına səbəb ola bilər.
İqtisadçı-ekspert Akif Nəsirli \”Bizim Yol\”a şərhində bildirir ki, iqtisadiyyatda ixtisarların aparılması məcburi xarakter daşıyır: \”Burada tək hökumətin investisiya xərclərinin azaldılmasından söhbət getmir. Neft gəlirlərindən qidalanan sektorların hamısında ciddi təlatümlər yaşanacaq. Neftin qiymətində artım baş verməzsə, investisiya layihələrinin bir hissəsinin ixtisar olunması qaçılmazdır. Vacib olmayan layihələrin icrası dayandırılacaq. Bu da təbii ki, iş yerlərinin azalmasına, əhalinin gəlirlərinin aşağı düşməsinə səbəb olacaq.
Məndə olan qeyri-rəsmi məlumatlara görə, Azərbaycan hökuməti nazirliklərdə ixtisarların aparılmasını düşünür. İlkin xəbərə görə, bütün nazirliklərə tapşırılıb ki, may-iyun aylarına qədər işçilərin sayını 21 faiz azaltsınlar\”.
\”Neft gəlirlərindən dolayı yolla qidalanan şirkətlər də var. Onların dövriyyəsi aşağı düşəcək. Konkret rəqəmlər söyləmək çox çətindir. Amma qarşıdakı aylarda iş yerlərinin itirilməsi, ticarətin zəifləməsi, iqtisadiyyatın inkişaf tempinin azalmaya doğru getməsi, əhalinin pul gəlirlərinin aşağı düşməsi qaçılmazdır\”-deyə iqtisadçı vurğuladı.
Ekspert əlavə etdi ki, dövlət rezervləri hesabına iqtisadiyyatın real sektorunun dirçəldilməsi üçün islahatlar aparılmalıdır.

Vüsalə RÜSTƏMOVA

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button