Manşet

\”Tapançanı ağzına dayayıblar ki, Fazil Məmmədovun adını çək\” – ASLAN ASLANOVA QARŞI İTTİHAM YAĞIŞI

"Tapançanı ağzına dayayıblar ki, Fazil Məmmədovun adını çək" - ASLAN ASLANOVA QARŞI İTTİHAM YAĞIŞIKeçmiş icra başçısı oğlunun qətlini nazirin üzərinə yıxmağa çalışıb

Vüqar Əliyevin xanımı hadisə barədə ilginc faktlar açıqladı

Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov oğlu Ruslan Aslanovun qətlini vergilər naziri Fazil Məmmədovun üzərinə yıxmaq istəyib. Bu barədə “Azadlıq”a Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynurə Əliyeva bildirib. Aynurə Əliyevanın sözlərinə görə, Ruslan Aslanov qətlə yetiriləndən sonra Şəmkir prokurorluğunda Vüqar Əliyevə təzyiq olunub ki, qətlin sifarişçisi kimi Fazil Məmmədovun və konyak zavodunun direktoru Etibar Ocaqquliyevin adını çəksin.

“Aslan Aslanovun qardaşı Elsevər Aslanov prokurorun kabinetində tapançanı Vüqar Əliyevin ağzına dayayaraq ondan tələb edib ki, Ruslanı Fazil Məmmədovun və Etibar Ocaqquliyevin sifarişilə qətlə yetirdiyini desin. Amma Vüqar heç kimə qarşı ifadə verməyəcəyini deyib. Bundan sonra Aslan Aslanov Vüqarın anasını, xalalarını həbs etdirdi”,- deyə Aynurə Əliyeva deyib. Onun sözlərinə görə, Elsevər Aslanovdan sonra Aslan Aslanov özü Vüqar Əliyevlə görüşüb: “Vüqar deyib ki, bilirəm Ruslanı sən öldürməmisən. Oğlunun ruhuna and verib ki, əgər Vüqar Fazil Məmmədovun adını çəksə onu, anasını və xalalarını dərhal azad etdirəcək. Amma Vüqar yenə razılaşmayıb. Həmin vaxt Elsevər Aslanov butulka ilə Vüqarın başına zərbə endirib. Vüqar bir də təcridxanada al qan içində ayılıb. Vüqara o qədər işgəncə vermişdilər ki, Gəncə türməsi onu qəbul etmirdi”.

Aynurə Əliyeva deyir ki, daha sonra Vüqar Əliyevdən Şəmkirin polis rəisinin əməliyyat-axtarış üzrə müavininə qarşı ifadə almağa cəhd olunub. Amma bu cəhdlər də boşa çıxıb və Vüqar amansız işgəncələrə məruz qalıb: “Vüqara dəhşətli işgəncə verməklə yanaşı, bütün nəslini həbs etdilər. Lamiyə Quliyeva, namusuna toxunulmuş bu yetim qız da dəhşətli işgəncələrə məruz qalıb. Aslan Aslanov məmur olduğundan bütün bunlar ört-basdır edilib. Iki insanın həyatı bu qəddar məmurun qanunsuz əməlləri nəticəsində məhv edilib”.

Aynurə Əliyeva ölkə başçısı Ilham Əliyevə müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edib. “Cənab prezident, dəfələrlə sizə Lamiyənin və Vüqarın azadlığa çıxması üçün ərizələr yazılıb. Ancaq heç bir nəticə verməyib. Mən xahiş edirəm ki, bu məsələyə qərəzli baxılmasın. Yoldaşım artıq 12 ildir ki, heç bir günahı olmadan həbsxanada çürüyür. Aslan Aslanovun fironluğuna nə vaxt son veriləcək?

Aslanovun kiçik oğlu Turqay Aslanov Ədliyyə Nazirliyində işləyir. O, bu sistemə məhz Lamiyədən, Vüqardan qisas almaq üçün yerləşdirilib\”.

Aslan Aslanov bir neçə gün əvvəl mətbuata açıqlamasında oğlunun qətli məsələsi barədə danışmaq istəmədiyini söyləməsinə baxmayaraq, Aynur Əliyevanın dedikləri ilə bağlı onun da mövqeyini öyrənməyə cəhd etdik. Keçmiş icra başçısının əlimizdə olan mobil nömrəsinə zəng etdik. Lakin telefonu açan şəxs Aslan Aslanov olmadığını bildirdi. Bununla belə keçmiş icra başçısının və yazıda adı hallanan digər şəxslərin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button