Manşet

SSRİ bərpa oluna bilərmi? – Rusiya prezidentinin eyhamına ŞƏRH

“Bu cür təhlükəli perspektiv mövcuddur. Ancaq Putinin bu istəyi Rusiyaya rəqib olan ABŞ, NATO və AB kimi güclərin davranışından, pandemiyadan necə çıxacaqlarından asılı olacaq”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putinin son müsahibələrindən birində SSRİ-nin yenidən təşkili məsələsinə işarə vurmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib.

Politoloqun sözlərinə görə, koronavirus pandemiyası Putinin bu sayaq açıqlamalarla çıxış etməsinə münbit şərait yaradıb: “Vladimir Putin həmin açıqlama ilə Rusiyanın imperiya siyasətini ortaya qoyub. Kremlin bu siyasəti əslində hər zaman olub. Sadəcə, imperiyanın yenidən bərpası üçün Moskva zaman gözləyir. COVİD-19 pandemiyasından sonra yeni dünya düzəninin yaranma ehtimalı fonunda Rusiya yenidən önə çıxmağı düşünür. İmperiyanın bərpası üçün münbit şərait yaradılmalıdır ki, onlardan biri də Rusiyaya rəqib olacaq ABŞ, NATO və Avropa Birliyi kimi dünya güclərinin zəiflədilməsi məsələsidir. Bu yöndə konkret işatrılar da mövcuddur. ABŞ pandemiya ilə mübarizədə bir növ küncə sıxışdırılıb. Onun bu problemdən çıxıb-çıxmayacağı sual altındadır. Pandemiya NATO və Avropa Birliyi kimi qurumların parçalanması təhlükəsini də yaradıb. Pandemiyadan ən çox İtaliya və İspaniya əziyyət çəksə də, quruma üzv digər dövlətlər onlara kömək etmədi. Bu da vahid məkan olan AB-nin kritik vəziyyətlərdə ciddi mexanizmlərə malik olmadığını ortaya qoydu. Əvəzində, Rusiya dərhal İtaliyanın “köməyinə” qaçdı. Hansı ki, bu “yardım” məsələsi də əslində gələcək perspektivdə AB-nin birliyini sarsıtmağa hesablanmış addımdır. Yəni, Moskva və Pekin pandemiya ilə bağlı yaranmış durumda rəqib təşkilatda olan bəzi ölkələrə yardımlar etməklə NATO və AB-ni zəiflətmək, parçalamaq niyyətindədir”.

N. Miri bildirdi ki, Putinin sovet imperiyasının bərpası ilə bağlı açıqlaması məhz postpandemiya dövrünə hesablanıb: “Düşünür ki, postpandemiya dövründə parçalanmanın olması ilə sözügedən güc mərkəzləri zəifləyəcək və belədə postsovet məkanı ölkələrini yenidən öz caynağı altına ala bilər”.

Həmsöhbətimzi onu da qeyd etdi ki, Rusiya prezidentinin imperiya arzusunun reallaşıb-reallaşmayacağı postpandemiya dövründə yaranması ehtimal edilən yeni dünya düzənindən sonra bəlli olacaq: “Bunun mümkün olub-olmayacağı pandemiya bitəndən sonra bəlli olacaq. İndilikdə Rusiya özü koronavirusla ciddi şəkildə boğuşur və onun pandemiyadan sonra öz iqtisadiyyatını bərpa edə biləcəyi də sual doğurur. Neftin qiymətinin kəskin düşməsi Rusiya iqtisadiyyatının əslində çöküşünə olan bir işarədir. Adətən, bu cür iqtisadi böhranlardan sonra proseslər həmişə dünya müharibələrilə müşahidə olunub. Deməli, bu təhlükə də istisna deyil. SSRİ-nin yenidən bərpasından söhbət gedirsə, Rusiya təkcə MDB ölkələrini deyil, Baltik dövlətlərini də öz tərkibinə qatmağa cəhd edəcək. Bu cür təhlükəli perspektivlər mövcuddur”.

Elçin

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close