Manşet

Azərbaycan hakimiyyəti üçün “fatihə” məsləhəti – ÖZƏL TƏHLİL

Azərbaycan hakimiyyəti üçün “fatihə” məsləhəti - ÖZƏL TƏHLİLSakitlikdir. Elə bir sakitlik ki, sanki siyasi meydanlarda heç zaman aktivlik olmayıb,sanki daha hakimiyyətin çoxdan arzuladığı “müxalifət problemini birdəfəlik həll etmək” arzusu da reallaşıb.Üzdə görünən bütün əlamətlər hakimiyyətin “təntənəli qələbəsi”ndən xəbər verir: Real müxalifət hara qədər mümkündürsə məhz həmin küncə qədər sıxışdırılıb, ölkədə müstəqil media demək olar ki, ya susdurulub ya da satın alınıb. İndi bir vaxtlar adına müstəqil və ya müxalifət mətbuatı deyilən medianın yerini “Jalə” suları ilə bəslənən, “uzaqdan idarə olunan” çoxsaylı media orqanları tutub. “Cib müxalifəti” var olduğu dövrdən bəri ən qüdrətli günlərini yaşayır. Siyasi bisbalans avtomatik olaraq məhz onların bir qədər önə çıxmasına yol açıb. Bir sözlə hər şey bir vaxtlar iqtidar texnoloqlarının görmək istədiyi kimidir-bu danılmaz faktdır. Amma hazırda cavabı verilməli olan ən aktual sual budur…

Bəs sabah necə – o da hakimiyyətin istədiyi kimi olacaqmı?
Yuxarıda da qeyd etdiyimiz kimi YAP iqtidarı bəlkə də siyasi həyatının ən inamlı və güclü dövrlərini yaşayır. Bir qədər paradoksal görünsə də etiraf edilməlidir ki, hətta mərhum dövlət başçısı Heydər Əliyevin dövründə belə iqtidar üçün bunca rahat düzən qurulmamışdı. Mərhum Heydər Əliyevin hakimiyyət illəri siyasi proseslər baxımından daha dinamik, daha çevik və nəticə etibarilə daha maraqlı idi. Bu bir tərəfdən həmin dövrün danılmaz ziddiyyətləri ilə izah oluna bilərsə, digər tərəfdən həm də mərhum dövlət başçısının özünə hədsiz güvəni idi. Bizi o illərdən illər daha çox ayırdıqca belə bir qənaət daha da möhkəmlənir ki, Heydər Əliyev gücsüz müxalifət istəmirdi, bəzən hiss olunmayacaq səviyyədə siyasi rəqiblərinə həm də dəstək verirdi. Bu ona özünütəsdiq üçün çox lazım idi. Yəni, istənilən müxalifətlə oynayar və udaram! Zatən, o bunu hər kəsə sübut da etdi.
Amma İlham Əliyevin hakimiyyət illərində siyasi rəqibə münasibət nəzərəçarpacaq dərəcədə dəyişdi. Bu təkcə Heydər Əliyevin fiziki yoxluğundan qaynaqlanan çəkingənlik deyildi, sonrakı illər təsdiqlədi ki, bu düşünülmüş və uğurla həyata keçirilən strategiya idi. Oğul Əliyev bir qədər fərqli yanaşırdı proseslərə: O ənənəvi müxalifətlə vaxt itirmək belə istəmir və özünün arzuladığı müxalifəti formalaşdırmaq istəyirdi. Yaşadığımız son on illik məhz buna sərf olundu və nəticə göz önündədir: Ənənəvi (bir vaxtlar iqtidar mediası onları “radikal müxalifət” adlandırmaqdan xüsusi zövq alırdı-red) müxalifət darmadağın olub, onların sırası nəinki genişlənməyib, əksinə ənənəvi elektoratda ciddi sapmalar var. Əksər ənənəvi müxalifət partiyasının işərisində bir neçə “canlı bomba” var, onların lazımı vaxtda “partladılması” an məsələsidir. Bir vaxtlar hakimiyyətin əsas başağrısı hesab olunan Müsavat partiyasının durumu hər kəsə aydındır. İsa Qəmbər “ehtiyyat oyunçular skamyasına” yollanıb, amma bu da partiyanı xilas etmədi. Daxili ziddiyyətlər caynağında qıvrılan bu partiya artıq hakimiyyət üçün ümumiyyətlə problem sayılmır.
AXCP ilə bağlı isə durum bir qədər fərqlidir. AXCP sədri Əli Kərimli protest elektoratının şəriksiz liderinə çevrilməkdədir. Özü və rəhbəri olduğu siyasi təşkilat haqda “meydanda bizdən başqa kimsə qalmayıb” fikrini ictimailəşdirən Əli Kərimlini tam haqsız saymaq düzgün olmasa da, onun tamamilə haqlı olduğunu da iddia etmək doğru deyil. Əvvəla, ona görə ki, meydanda qalmağın göstəricisi praktiki nəticədir, siyasi gücdür. Amma biz AXCP-nin və AXCP-nin azacıq genişləndirilmiş formatı olan Milli Şuranın varlığını yalnız mətbuatdan görürük. “Məhsul” meydanındakı son aksiyalarda isə bu formatın ən kritik anlarda “nə qədər məhsul verə biləcəyi” aydınlaşdı. Odur ki, əlavə şərhə ehtiyac duymuruq. Amma bütün bura qədər yazdığımız və sizin də oxuduqlarınız belə düşünməyə əsas verə bilərmi ki…

Hakimiyyət əbədidir və heç vaxt yıxılmayacaq? – Əsla…
Beynəlxalq siyasi praktika isbatlayıb ki, bir çox siyasi rejimlər özünün ən güclü dövrlərində iflasa uğrayıb. Bununla bağlı uzun-uzadı siyahı və statistika ilə vaxtınızı almadan bir məsələnin üzərinə qayıdaq. Məgər, Azərbaycan hakimiyyəti beynəlxalq birlik üçün onu devirməyə qüvvəsi yetməyəcək qədər gücə çevrilə bilibmi? Aydın məsələdir ki, yox. Hakimiyyət sadəcə olaraq, daxili auiditoriyanı susdurub, əslində heç susdurmayıb da, obrazlı ifadə etsək, bir qədər səsini alıb-vəssalam. Amma cəmiyyətdə daxili etirazlar kifayət qədərdir. Əgər bir neçə il bundan qabağa qədər etirazlar yalnız siyasi çalarda idisə, artıq həmin etiraz panoramasına yeni rənglər qatılmaqdadır. Yerlərdəki bərbad idarəçilik, sosial-iqtisadi narahatlıqlar, əhalinin az qala bir nıəfər kimi bankların girovuna çevrilməsi və bu kimi onlarla problemlər hakimiyyət üçün ciddi başağrısına çevrilməkdədir. Əksinə, indi insan haqları, söz azadlığı və siyasi plüarizm kimi hakimiyyətə qarşı işlədilən ənənəvi “təzyiq silahları” aktuallığını itirib. Hazırda bunlar problemlər siyahısında sonuncu yerlərdə gəlir. İndi vətəndaşı bircə şey düşündürür:

Dövlətim təsəvvür edə bilməyəcəyim qədər varlıdırsa, mən çörəyi niyə nisyə almalıyam?
Cəmiyyətdə məhz bu düşüncə hakimdir. Artıq vətəndaşlar açıq, amma lokal şəkildə etirazlara qalxır. Düzdür, bu etiraz ocaqları dərhal söndürülür, amma bu problemin birdəfəlik və köklü həllidirmi? Düşünürük ki, yox. Məşhur fizika qanuna azacıq “düzəliş” versək, belə oxunar: Etiraz itmir, bir haldan başqa hala keçir. Bəli, hazırda Azərbaycanda etirazın bir haldan başqa hala keçməsinin şahidlərinə çevrilməkdəyik. İqtidarına və müxalifətinə eyni dərəcədə “inanan” Azərbaycan vətəndaşı nicatı dini radikalizmdə axtarır. Əgər, din onun üçün ilk vaxtlar yalnız təsəlli və son ümid yeriydisə, indi sitiasiya çox fərqlidir. İndi din ona həm də mübarizə mayakıdır.
Son illər açıq və ya gizli olmasından asılı olmayaraq siyasi islamın gücləndiyini kim dana bilər? Bu dəfələrlə elə azərbaycan hakimiyyətinin öz təmsilçiləri tərəfindən, həm də uca səslə etiraf olunmayıbmı? Danılmaz reallıqdır ki, ənənəvi və silahı yalnız söz olan müxalifətin sıradan çıxarılması hakimiyyət üçün daha qorxulu rəqibi meydana çıxarır. Bu isə təkcə azərbaycan hakimiyyətini təhdid edən təhlükə deyil, həm də Azərbaycan dövlətçiliyinin ciddi sınaq anıdır. Əslində, biz sözügedən təhlükəyə qarşı dövlət olaraq bir qədər gecikmişik, amma indi də gec deyil. Əsas məsələ isə budur: “Fatihə”ni birinci kim oxuyacaq, biz yoxsa, onlar…
Azərbaycan hakimiyyəti üçün “fatihə” məsləhəti - ÖZƏL TƏHLİLFaiq LƏTİFOV
SAVASH,ORG

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button