Manşet

«Lamiyəni zorlayanın yanında silahlı şəxslər olub» – YENİ FAKTLAR

«Lamiyəni zorlayanın yanında silahlı şəxslər olub» - YENİ FAKTLARHəbsxanadan cəmiyyəti silkələyən olayla bağlı yeni faktlar açıldı

Lamiyə Quliyeva ittiham olunduğu cinayətə görə bəraət aldı; Ombudsman nümayəndəsi olayda cinayət olmadığını iddia etdi

Parlamentdə Lamiyə Quliyeva ilə bağlı məsələ qaldırıldıqdan sonra Penitensiar Xidmətdə baş vermiş olay ətrafında müzakirələr daha da qızışıb. Millət vəkilləri Penitensiar Xidməti sərt tənqid edərək qadının övlad dünyaya gətirməsinə aydınlıq gətirməsini tələb ediblər.
Dünən isə Lamiyə Quliyevaya bəraət verilməsi ilə bağlı yayılan xəbər gündəmə bomba kimi düşdü. Amma vəkil Fəxrəddin Mehdiyevin açıqlamasından sonra məlum oldu ki, qadın hələ uzun müddət həbsdə qalacaq. F.Mehdiyev bildirib ki, Lamiyə Quliyeva barəsində 3 cinayət işi olub: \”Həmin cinayət işlərindən biri qətllə bağlıdır. 2003-cü ildə qətldə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə Lamiyə Quliyevaya cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə yeni cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar olaraq Lamiyə Quliyevanın barəsində 10 ildən əlavə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 2013-cü ildə Lamiyə Quliyeva barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə üçüncü dəfə cinayət işi başlanılıb. Bu cinayət işi onunla bağlı olub ki, guya Lamiyə Quliyeva məhkumlardan birindən hədə-qorxu ilə pul tələb edib. Həmin məhkumun ifadəsi əsasında başlanılan cinayət işinə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılıb. Lakin hakim həmin cinayət işini rədd eləyib. Bundan sonra prokuror apellyasiya protesti verib. Apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Hakim Xətai rayon Məhkəməsinin hökmünü ləğv edərək, Lamiyə Quliyeva barəsində yeni hökm çıxardı. Beləliklə, onun əvvəlki cəzaları toplanmaqla qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Biz də həmin hökmdən kassasiya şikayəti verdik. 2014-cü ilin oktyabr ayında Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə bizim verdiyimiz kassasiya şikayətinə baxaraq məhkəmə üçüncü cinayət işi ilə bağlı hissədə bəraət hökmü çıxardı. Yəni Bakı Apellyasiya Məhkəməsinin hökmünü ləğv elədi. Həmin qərarın isə bundan əvvəl təyin olunmuş cəzaya, yəni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə olan hissəsinə aidiyyatı yoxdur\”. (APA)
\”Lamiyə olayında cinayət məsuliyyəti olmasa da, inzibati məsuliyyət mövcuddur. Burada söhbət məhkum Lamiyə Quliyeva ilə uşağın atasının görüşünə şərait yaradılmasından gedir. Bir daha təkar edirəm, burada hansısa cinayət məsuliyyəti yoxdur\”.
Bunu isə AzVision.az-a İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib. O bildirib ki, yanvarın 24-də məhkum qadınların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində keçirdikləri görüş zamanı dünyaya uşaq gətirən Lamiyə Quliyeva ilə də qapalı söhbətdə olublar:
\”Bizi maraqlandıran suallardan biri Lamiyənin təcavüzə məruz qalması ilə bağlı mediada səslənən fikirlərə aydınlıq gətirilməsi idi. Məlum olduğu kimi, Lamiyə hər hansı zorakılığa məruz qalmadığını dedi. Amma istənilən halda araşdırma aparılır və biz ümidvarıq ki, bu məsələ araşdırılıb sona çatdırılacaq\”.
V.Məhərrəmov qeyd edib ki, Lamiyə Quliyeva uşağın məhkum atasının adını da onlara söyləyib: \”Biz həmin məhkumla da görüşməyi planlaşdırırıq. Artıq yaxın vaxtlarda uşağın atası kimi Lamiyənin bizə dediyi şəxslə də görüşümüz keçiriləcək. Bəlkə həmin məhkum uşağın atası olmayacağını deyəcək. Ona görə də DNT analizi keçirilməlidir\”.
MQR rəhbərinin sözlərinə görə, bu məsələdə narahatlıq doğuran məqam məhkumlar arasında görüşün baş tutmasıdır: \”Doğrudur, bu gün məhkumlar arasında ailə quranlar var. Ancaq nikahı olmayan şəxslərin uzunmüddətli bir otaqda saxlanılması qanunvericilikdə qadağan olunub. Lakin buna baxmayaraq, biz iddia edə bilmərik ki, bu uşağın bünövrəsi həmin otaqların birində qoyulub. Bununla bağlı Penitensiar Xidmətdə araşdırma aparılır. Yəqin ki, araşdırmanın nəticəsi olaraq, buna şərait yaratmış məsul şəxs intizam qaydasında cəzasını alacaq. Amma yenə də deyirəm ki, nəzarətçi buna şərait yaradıbsa belə, baş verənlərdə cinayət tərkibi yoxdur\”.

Adəm Məmmədov: \”Heç 1937-ci ildə də bu cür repressiya olmayıb\”

\”Azadlıq\” radiosuna müsahibə verən Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin vəkili Adəm Məmmədov isə cinayət işi ilə bağlı bu günə qədər açıqlanmayan faktlardan danışıb.
– O ana olması üçün mütləq qeydiyyat şöbəsində kiminləsə nikaha daxil olmalıdır. Əgər nikaha daxil olmayıbsa, ailə münasibətlərinin olması qanunsuzdur. Bu işlə tanış olanda görürsən ki, necə olmasından asılı olmayaraq, bu xanıma qarşı qisasçılıq baş verib. Təsəvvür edin ki, cəzasını çəkib qurtarmasına az qalmış təkrar şərləyib həbsdə saxlayıblar. Bu, birmənalı şəkildə qisasdır. Ona və nişanlısı Vüqar Əliyevə ən yüksək, ədalətsiz cəzanın verilməsi buna sübutdur. Bundan başqa Vüqar Əliyevin atasını, anasını, xalasını, qardaşının həyat yoldaşını və digər yaxınlarını həbs və məhkum etdiriblər. Mən bu cür qisas görməmişəm. Bu, quldarlıq dövrünün qisas metodudur. Heç 1937-ci ildə də bu cür repressiya olmayıb.

– Qisas deyəndə nəyi nəzərdə tutursuz? Kim və nəyin qisasını alırmış?
– Hər iki şəxs Şəmkir rayonunun o vaxtkı icra başçısı Aslan Aslanovun oğlu Ruslanın ölümündə günahlandırılırlar. Atadır, başa düşürəm. Ancaq cəza da, qanunun tətbiqi də ədalətli olmalıdır. Özü də yaxşı bilir ki, oğlunun ölümünün əsas motivi gizlədilib. İstintaq da, məhkəmə də buna göz yummuşdu. Əgər həqiqətlər üzə çıxsa idi, Aslan Aslanov çox ciddi problemlərlə üzləşərdi. O öz işini, nüfuzunu qorumaq üçün bu yolu seçdi. İşin motivini dəyişdirtdirib ki, guya torpaq məsələsi olub və oğlunu sifarişlə öldürüblər.
– Əslində necə olmuşdu?
– Əslində bu işdən xəbərdar olanlar, bütün Şəmkir camaatı bilir ki, hadisə namus üstə baş verib. Məhkəmədə ifadələrini veriblər. İbtidai istintaqda isə Lamiyəyə təzyiq olunub. Əslində keçmiş icra başçısının öldürülən oğlu məktəbdə Lamiyəni zorlayıbmış. Həmin vaxt onun yanında silahlı şəxslər də olub. Yəni həmin şəxslərin yardımıyla zorlayıb Lamiyəni. Sonradan bu hadisənin üstü açılıb və Vüqarla Lamiyənin nişanı pozulub. Bütün bunlar şahid ifadələrində öz əksini tapıb. Bundan sonra Lamiyədə aqressiya yaranıb və bu hadisə törənib (cinayət işinin materiallarına görə Lamiyə icra başçısının oğlu Ruslanı onu zorladığı üçün öldürüb – red.)
Düzdür, o qız zorlanıb, ancaq bütün hallarda adam öldürən cəzasını almalıdır. Burada sadəcə, hadisənin motivi dəyişib. Bundan sonra səlahiyyətdən sui-istifadə edib, özündən və yaxın qohumlarından qisas almaq düzgün deyildi.
– Deputatlar da fikir səsləndirib ki, bu işdə cinayətkarlar cəzalanmalıdır…
– Əlbəttə cəzalanmalıdır. Bu işdə müstəntiq də, hakim də, kimin əli varsa, hamısı məsuliyyət daşıyır. Gec-tez onlar cəzalanacaqlar da.
– Lamiyə Quliyevanın qeyri-qanuni ana olmasına görə kimlər məsuliyyət daşıyır?
– Birbaşa Penitensiar Xidmətin əməkdaşları, nəzarətçilər. Həbsxana otel, yaxud yaşayış evi deyil ki, orada bu cür hadisələr baş versin. Bu günlərdə Penitensiar Xidmət bu məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, Lamiyə Quliyeva həbsxanada öz istəyi ilə ana olub. Məlumatda həm də bildirilirdi ki, baş verən hadisə araşdırılacaq. Araşdırmanın nəticəsi ilə bağlı hələlik açıqlama verilməyib. Xidmətdən həm də onu bildirmişdilər ki, Lamiyə Quliyevanın həbsinin uzadılması konkret cinayət hadisəsi ilə bağlı olub.
Qeyd edək ki, Lamiyə Quliyeva Şəmkir rayonu İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə əlaqədar həbs edilib. 2003-cü ildə 15 yaşında həbs edilən L. Quliyevanın cəza müddəti 2013-cü ildə başa çatmalı olsa da, sonradan onun cəzaçəkmə müəssisəsində nəzarətçiyə qarşı kobudluq etməsi səbəbindən cəzası daha 5 il 6 ay artırılıb.

Elmar

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button