“Lamiyə olayında” böyük yalan: Elnurun sperması qadın həbsxanasına necə yol tapıb?
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi hələ də ölkə gündəminin əsas müzakirə mövzularındandır.
Doğrudan da maraqlıdır, qadın məhbus həbsxanada necə uşaq doğa bilər? O həbsxanada kimlə və necə cinsi əlaqəyə girə bilərdi? Yaxşı, bunları da kənara qoyaq, Lamiyənin 9 aylıq hamiləlik dövründə artıq həbsxana rəisinə, Pentensiar Xidmətin rəhbərliyinə hər şey aydın idi, bəs məsələ o zaman niyə ictimailəşdirilmədi?
Suallar kifayət qədər çoxdur və sual siyahısını istədiyimiz qədər uzatmaq olar. Amma bu an suallar o qədər də önəm daşımır, ortadakı suallar cavablandırılmalıdır. Cavab isə yoxdur. Əslində var, amma bu cavablarla elə ilkin tanışlıq da bəs edir ki, çox güclü və müəmmalı güclərin işi batırmaq üçün dəridən qabıqdan çıxdığını görəsən.
Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağın atasının “tapılması” ilə bağlı mediada yayılmış bu günkü məlumat isə özünün primitivliyinə görə diqqəti daha çox cəlb edir. Həmin məlumata görə, uşağın atası 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Xəbərdə deyilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri sübut edib. Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb, uşaq da bu yolla mayalanıb.
Yalandı, yalandı və yenə yalandı…Necə yəni, Elnur Rəsulov özünün toxum mayesini Lamiyəyə yollayıb? Axı, o bunu niyə etməliydi, o hardan bilirdi ki, lamiyəyə onun toxum mayesi lazımdır? Bu da cəhənnəmə, yaxşı bəs Elnur özünün toxum mayesini qadınlar həbsxanasına necə keçirib? Qəzetə büküb göndərib ya necə? Axı, həbsxana elə bir yerdir ki, burda nəzarətçilər hətta daxili orqanlarda belə keçirilməsinə çalışan malı rahatlıqla aşkarlaya bilir… İndi Pentensiar Xidmət zəhmət çəkib cavab versin: Elnurun sperması Lamiyənin həbs çəkdiyi yerdə necə peyda oldu? Yəqin, buna da nəsə bir yalan düşünəcəklər, amma bugünkü məlumatın yalan olduğunu təsdiqləyən başqa tutarlı fakt da var axı…Bu Lamiyənin çox da uzaq olmayan keçmişdə baş verənlərlə bağlı açıqlamasıdır. Həmin açıqlamanı olduğu kimi təkrar dərc edirik ki, yaddaşlar yenidən təzələnsin. Beləliklə, Lamiyə \”danışır\”:
“Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depresiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi. Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNK test nümunələrini də təqdim etmişəm”.
Adamlar, anlayırsınızmı, Lamiyə açıq şəkildə “HƏMİN ADAMLA GÖRÜŞDÜM” yazır. “Görüşdüm”lə toxum mayesini qəbul etmək arasındakı fərqi geniş izah etməyə lüzum belə görmürük. Biz heç Lamiyənin yuxarıda təqdim etdiyimiz açıqlamasının səmimiliyinə də inanmırıq. Unutmayaq ki, o həbsxanadadır və çox böyük ehtimalla ona hazır təqdim olunan açıqlamanı imzalayıb. Amma ona bu açıqlamanı imzaladanlar bu günkü məlumatla həmin açıqlamanın “kiçik fərqlə” başqa-başqa şeylər olduğunun fərqində belə deyillər.
Bütün bunlar isə Lamiyə Quliyevanın həqiqətən də zorlanması ehtimalını daha inandırıcı bir hala gətirməkdədir. Bəli, Lamiyəni zorlayıblar, indi isə nə cür olur-olsun işin içindən çıxmağa çalışırlar.
Xatırladaq ki, L. Quliyeva 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. Həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ya lamiyəni həmin həbsxanada yeganə kişilər olan rəis və müavinləri zorlayıb (lap tutaq ki, heç zorlamayıb, akt könüllü baş tutub – SAVASH.ORG) ya da Lamiyəni həbsxanadan çıxardıblar və onunla hansısa kişi və ya kişilər görüşüb.
Hər halda həqiqətləri bu gün gizlədə bilərlər. Amma bütün bunların üstü gec ya tez açılacaq, hökmən açılacaq.
O zaman 18 yaşında qətl törədərək həbsxanada olmazın müsibətlər yaşayan bir qadının ahı hər kəsi tutacaq: Onu zorlayanı yaxud zorlayanları da, sonradan bu işi ört basdır edənləri də, giriş sayı bir qədər çox olsun deyə Lamiyənin taleyinə reytinq iksiri kimi baxan biz media mənsublarını da…
Yazının sonunda bir dəqiqəlik sükut elan edirəm….
Zülfüqar SAVAŞ
SAVASH,ORG