Nəzir qutularında gizlədilən sirr: Şeyx niyə hesabat vermir?
Azərbaycandakı gizli və müəmmalı, dəfələrlə müzakirəyə çıxarılsa da şəffaflığı təmin edilməyən gəlir sahələrindən biri də nəzir biznesidir.
İlk baxışdan adi oxucuya mövzu bir qədər qeyri-ciddi görünə bilər, amma kiçicik bir araşdırma da yetərlidir ki, əslində heç bir hesabatı aparılmayan bu sahədə milyonların dövr etdiyi aşkarlansın. Bəli, nəzir qutularından başlayan Qafqaz Müsəlmanları İdarəsinin hansısa qaranlıq hücrəsində qaranlıq “uçotu” aparılan nəzir biznesi kifayət qədər gəlirli sahə sayılır.
Bəlkə də elə bu səbəbdəndir ki, QMİ bütün dirənişlərə rəğmən bu günə qədər sözügedən gəlir sahəsi ilə bağlı heç bir hesabat verməyib. Müxtəlif zamanlarda sözügedən mövzuyla bağlı QMİ rəsmilərinin mətbuata verdiyi açıqlamalar isə təəssüf doğurmaqla yanaşı, daha çox izi itirmək mahiyyəti daşıyıb. Savash.org olaraq mövzunu yenidən gündəmə gətirməklə nəzir biznesinin arxasındakı gizli qüvvələri və ortada dövr edən böyük pulların təxmini dəyərini araşdırmağa çalışdıq.
İlk öncə vacib olan bəzi rəsmi informasiyalarla tanış olaq: Hazırda Azərbaycanda 1750 məscid və 500-dən artıq ziyarətgah var. Onların hamısının qarşısında birmənalı olaraq nəzir qutuları qoyulub. Bu qutulara hər ay on milyonlarla manat pul toplanır. Təbii ki, həmin pullarla bağlı heç zaman rəsmi hesabat verilmədiyindən biz pulların miqdarı ilə bağlı yalnız təxminlərlə danışa bilıərik. Amma bir şey gün kimi aydındır: Ortada dövr edən pulun dəyəri milyonlarla ölçülə bilər və buna əsla şübhə yeri yoxdur. Sirr kimi qorunan isə təkcə həmin pulların konkret miqdarı deyil, həmin milyonların hansı təyinat üzrə xərcləndiyi də müəmma olaraq qalır.
Xatırladaq ki, dünyanın digər ölkələrində də nəzir vermək adəti var. Ancaq bu ölkələrdə proses şəffaf aparılır. Məsələn, ABŞ-da yəhudilərə məxsus fondlardan toplanan pullarla bağlı hesabatlar verilir. Türkiyədə isə məscidə yardım edən şəxs qeydiyyatdan keçmiş mədaxil qəbzi alır. Həmçinin mətbuat vasitəsilə ictimaiyyətə yığılan sədəqələrin haralara xərcləndiyi açıqlanır. Bu pullar ehtiyacı olanlara, məscidlərin təmirinə sərf olunur.
Azərbaycanda da isə bu məsələ az qala dövlət sirri kimi qorunur. İndi isə gəlin, müxtəlif zamanlarda səsləndirilən ittihamlarla bağlı bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin açıqlamaları ilə tanış olaq. Görün Şeyx həzrətləri işin içindən necə çıxmağa çalışır: “Yığılan nəzir pulları məscidlərin, eləcə də ziyarətgahların elektrik enerjisi, qaz, su məsrəfinə tələb olunan ödənişləri üstələyir, xərc borcunu ödəmir\”.
Necə deyərlər. Inanan daşa dönsün! Yaxşı, xərci borcu ödəmirsə o zaman zəhmət çəkib toplanan sədəqə ilə bağlı hər ay ictimaiyyətə hesabat verin. Axı, buna mane olan nədir? Amma nə baş verir? QMİ rəsmiləri bu məsələ hər dəfə gündəmə gələndə “qəzəbli açıqlamaları” ilə medianı borclu çıxartmaq istəyir, hələ üstəlik ictimai rəyə açıq-aşkar hörmətsizlik etməkdən belə çəkinmir. Bu baxımdan,
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salmanın saytlardan birinə verdiyi telefon müsahibəsinə nəzər yetirmək maraqlı olar:
– Hacı salam. Nəzir qutularına yığılan vəsaitlərin hara sərf olunması ilə bağlı nə deyə bilərsiniz?
-Hacı Salman Musayev: Başa düşmədim. Bunun mətbuata nə dəxli var? Biz heç yerə hesabat vermirik.
– Amma nəzir qutularına pul atan insanlar həmin vəsaitlərin ehtiyacı olan insanlara ünvanlanmsı üçün atır yəqin. Ona görə də bu məsələdə şəffaflıq olmalıdır.
Hacı Salman Musayev: Biz heç kimə hesabat vermirik. Bu ilk dəfə deyil ki, necənci dəfədir ki, jurnalistlər mənə bu sualı ünvanlayırlar. (qışqırır). Təkrar təkrar bu məsələyə qayıdılır. Mən indi sizdən soruşuram, insanlar nəzir verəndə gəlib sizə deyir ki, nəzir verirəm?
Əməkdaşımız: Nəzir verənin açıqlama verməsinə ehtiyac yoxdu. Amma vəsaitlərin sərf olunması şəffaf olmalıdı. Bu məsələ ilə bağlı hesabatlar, rəsmi açıqlamalar olmalıdı. Demək ki, şəffaflıq olmalıdı ki, əlavə suallar ortaya çıxmasın.
Hacı Salman Musayev: Biz sizə hesabat vermirik. (yenə qışqırır)
– Amma hesabat verilməlidir….
Hacı Salman Musayev: Siz gedin, onu məscidlərdən soruşun. Onlar yığır.
– Məscidlər Qafqaz Müsəlmanları İdarəsinə tabedir axı?
-Hacı Salman Musayev: Biz ianələrə nəzarət etmirik. Bir də mən başa düşmədim sən kimsən ki, müstüntiqsən ki, məndən hesabat soruşursan?
– Mətbuat bütün sahələr üzrə ictiami nəzarəti həyata keçirir. Bütün dünyada da dini qurumlar – kilsələr sinaqoqlar, məscidlər, məbədlər yığılan pulların hara xərcləndiyi barədə rəsmi hesabat verir.
-Hacı Salman Musayev: Kim harda necə edirsə edir, biz sizə hesabat verən deyilik! Qurtardıq! Belə söhbət də olmamalıdır. Siz bizim haqqımızda yalan məlumatlar yayırsınız!
– Hansı yalan məlumat yayılıb ki? Nədir yalan olan? Mən sizdən sadəcə rəsmi açıqlama istəyirəm, məlumat verim ictimaiyyətə ki, yığılan ianələr hara və necə sərf olunur. Əgər siz belə aqressiv şəkildə suala cavab verməkdən imtina edirsinizsə, demək gizlədiləcək məqamlar var və bu sahədə vəziyyət hec də yaxşı deyil.
Hacı Salman Musayev: Get əlindən nə gəlirsə yaz!
Hesab edirik ki, əlavə şərhə ehtiyac belə qalmadı…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən isə dəfələrlə eyni məzmunlu açıqlama verilib ki, Komitənin işi yalnız ziyarətgahları və məscidləri dini icma kimi qeydiyyata almaqdır. Nəzir pulunun necə xərclənməsi isə Komitəninin kurasiyasında deyil və Komitə bu işlərə qarışmır…
Bax belə, görünən odur ki, ciddi dövlət müdaxiləsi olmasa nə Şeyx, nə də Şeyxin digər işçiləri ictimaiyyətə yığılan milyonlarla vəsaitlə bağlı heç bir açıqlama verməyəcəklər. Amma unudulmamalıdır ki, vətəndaşlar nəziri Şeyxə ya da hansısa digər din xadiminə çatsın, deyə vermirlər…
Əgər bu nəziryeyənlər doğrudan da Tanrıya inanırlarsa o zaman unutmasınlar: Bunun hesabını Azərbaycan dövləti soruşmasa da Tanrı soruşacaq. Hökmən soruşacaq!!!
SAVASH.ORG