Manşet

Qarabağ bəyanatı ilə bağlı beyinləri qarışdıran 10 suala CAVAB – Qubad İbadoğlunun şərhi

“Qarabağda müharibənin dayandırılmasından sonra yaranmış durumla bağlı çoxsaylı şərhlər olsa da suallar tükənmək bilmir. Bunun başlıca səbəbi yalnız 9 maddədən ibarət bəyanatın açıqlanmasıdır”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu özünün facebook səhifəsinə yazıb.

Onun qənaətinə görə, hazırkı vəziyyəti bir bəyanatla tənzimləmək mümkün deyil və böyük ehtimalla ortalıqda razılaşadırılmış digər məqamları da özündə təsbit edən başqa sənədlər də var:

“Onlar hələ açıqlanmadığına görə, mövcub bəyanat əsasında əksəriyyəti ən çox düşündürən 10 sualı cavablandırmaq istərdim. Bəri başdan deyim ki, mənə ünvanlanan sualların cavabı bəyanatdan hasıl etdiyim qənaətlər üzərində qurulub.

  1. Türk əsgərlərinin rus “sülhməramlıları” ilə birlikdə münaqişənin tənzimlənməsinə iştirak edəcəkmi?

Rusiya rəsmiləri bunu təkzib etsələr də, mümkün variantlardan biri türklərin Bəyanatın 5-ci maddəsində qeyd olunan münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə təmsilçiliyidir.

Lakin, bu mərkəzin funksiyaları adından bilinsə də səlahiyyətləri bəlli deyil. Fikrimcə, əgər Türkiyə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə təmsil olunarsa Rusiya heç vaxt bu Mərkəzə böyük səlahiyyətlər verməz.

2. Xankəndi, Xocalı, Xocavənd, Əskəran və Ağdərə rayonlarının taleyi necə olacaq?

Bəyanatın 1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. Məlumat üçün qeyd edim ki, Əskəran rayonu 26 noyabr 1991-ci ildə ləğv edilib və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilib. Belə olan halda Xocalı və Xocavənd rayonlarının Azərbaycan ordusunun nəzarətində olan qəsəbələri və kəndləri istisna olmaqla yuxarıda sadalanan rayonların hamısı Dağlıq Qarabağın (DQ) tərkibində qalacaq.

3. Belə olan halda Xankəndi, Xocalı, Xocavənd, Əskəran və Ağdərə rayonlarında azərbaycanlılar yaşaya biləcəkmi?

Mənim qənaətimə görə, DQ-da azərbaycanlılar yalnız Şuşada və Xocalı və Xocavənd rayonlarının Azərbaycan ordusunun nəzarətində olan qəsəbələri və kəndlərində yaşayacaq. Yerdə qalan ərazilərdə ermənilər kompakt yaşayacaq, rus “sülhməramlıları” onların Ermənistana, eləcə də Ermənistandakıların DQ-a gediş-gəlişinin təhlükəsizliyi ilə yanaşı ermənilərin yaşayış yerində də təhlükəsizliyinə nəzarət edəcək. Bir sözlə rusların əsas işlərindən biri DQ-da erməniləri qorumaq olacaq.

4. DQ-nin statusu necə olacaq?

Bəyanatda bu barədə heç nə qeyd olunmayıb, eyni zamanda onun əksi, yəni DQ Azərbaycan ərazisidir təsbiti də yoxdur. Görünən odur ki, DQ-ın yuxarıda sadalanan ərazisi de-yure Azərbaycana, de-fakto isə Laçın dəhlizi vasitəsilə Ermənistana birləşdiriləcək.

5. Rus “sülhməramlıları” DQ-dan 5 ildən sonra çıxacaqmı?

 Bəyanatın 4-cü maddəsində qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Bu o deməkdir ki, rus “sülhməramlıları” ən azı 5 il DQ-da olacaq, göründüyü kimi tərəflərdən heç biri müraciət etməzsə onda əlavə 5 il müddətdə də qalacaqlar.

Sənədin bu hissəsində rus “sülhməramlıları”nın DQ-dan çıxmasının birtərəfli müraciətlə mümkünlüyünə aydınlıq gətirilmir. Amma görünən odur ki, bir tərəf çıxsın, ikinci tərəf çıxmasın deyərsə, onda qoşunlar yenə də qalacaq. Yeri gəlmişkən qeyd edim ki, Dnestryanı bölgədə “sülhməramlıları” adı ilə 1994-cu ildən yerləşən 1700 nəfər rus hərbiçisinin çıxması ilə əlaqədar Moldova höküməti dəfələrlə Rusiya hökümətinə müraciət etsə də indiyə qədər Rusiya Moldovadan qoşunlarını çıxarmayıb.

6. Ermənistan rəsmiləri Xankəndinə səfər edə biləcəkmi?

Böyük ehtimalla Ermənistan rəsmiləri Xankəndinə, Azərbaycan rəsmiləri də Şuşaya səfər edə biləcək? Səfərlərin hansı nəqliyyat vasitəsilə təşkil olunması barədə isə bəyanatda heç nə qeyd olunmayıb. Odur ki, səfər üçün yenə də vertolyotlardan istifadə oluna bilər.

7. “Sülməramlılar”ın qərargahı harda yerləşəcək?

Qərərgahın rus mənbələrində Xankəndinə yaxın ərazidə yerləşəcəyi qeyd olunur.

8. Sərsəng su anbarı kimin nəzarətində olacaq?

Təəssüf ki, Sərsəng su anbarı, Sərsəng SES və Sərsəng Balıq zavodu ermənilərin nəzarətində qalacaq.

9. Müharibə dayanmasaydı Azərbaycan ordusu neçə günə Qarabağı tam ala bilərdi?

Qarabağda 900-dən artıq yaşayış məntəqəsi işğal edilmişdi. Azərbaycan ordusu noyabrın 10-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edib. 9 noyabrda 1 gündə 71 kənd, 1 qəsəbə, 8 yüksəklik azad edilmişdi. Bu templə davam edərdisə onda yerdə qalan yaşayış məntəqələrini 8-9 günə tam azad etmək olardı.

10. Naxçıvanla olan dəhlizdən kimlər istifadə edəcək?

Böyük ehtimalla sərnişin daşıması üçün azərbaycanlılar, ruslar və türklər, yüklərin daşınması məqsədilə Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan bu yoldan istifadə edəcəkdir. Bu yolun təhlükəsizliyinə Rusiyanın Federal Təhlükəsizlik Bürösunun Sərhəd Xidməti qoşunları nəzarət edəcək.

Müəllif sonda xatırladıb ki, onun cavabları məhdud informasiyalara və onun əsasında formalaşan qənaətlərə əsaslanır.

Orxan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists