Manşet

“İndi görün, Prezidentə hansı mənbələrdən informasiya daxil olur”

Son günlər Ermənistan rəsmiləri tərəfindən müharibə dövründə Dağlıq Qarabağdan təxminən 90 min civarında erməninin qaçdığı iddia edilir. Bu gün isə Prezident İlham Əliyev xalqa müraciətində faktlarla bu iddiaların əsassız olduğunu deyib. Ölkə başçısı İkinci Qarabağ müharibəsinədək işğal altında olan torpaqlarımızda maksimum 65 min erməninin yaşadığını diqqətə çatdırıb.

Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan Ana Vətən Partiyasının sədri, Milli Məclis deputatı Fəzail Ağamalı bildirib ki, bu gün igid əsgərlərimizin qazandığı bu zəfərin vermiş olduğu siyasi xarakterli nəticələr Prezident tərəfindən detallı şəkildə şərh edilib:

“Prezident bu gün xalqa müraciətində olduqca möhtəşəm bir çıxış etdi. Həmişə olduğu kimi ciddi məsələlərin üzərində dayandı. Beynəlxalq səviyyədə Azərbaycana qarşı yenə də davam edən ədalətsiz mövqe, təhdidlər, Ermənistanın müdafiə olunması, beynəlxalq təşkilatların susqunluğu və ermənistanın düşmüş olduğu böhranın ayrı-ayrı detalları konkret arqumentlərlə prezidentimiz tərəfindən izah edildi. Artıq Ağdam azad edildi, qarşıdan Kəlbəcər və Laçının azad edilməsi gəlir. Bu gün hər birimiz üçün böyük əhəmiyyətli, gələcəyə hədəflənən strateji yol xəritəsi cənab Prezident tərəfindən müəyyənləşdirildi. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin yalan üzərində qurulmuş olan təbliğatı cənab Prezident tərəfindən bir daha ifşa edildi. Prezident çox ciddi informasiya mənbələrinə malikdir. Özü də söylədi ki, bu məlumatları ermənilərin içərisində olanlardan götürürük. İndi görün hansı mənbələrdən cənab Prezidentə informasiyalar daxil olur”.

Fəzail Ağamalı vurğulayıb ki, Dağlıq Qarabağda yaşayan ermənilər 60-65 mindən çox ola bilməz:

“Qarabağa gələnlər könüllü şəkildə Azərbaycanın qanunlarını qəbul edən, onu bayrağının qarşısında diz çöküb öpən insanlar olmalıdır ki, bundan sonrakı ömürlərini Azərbaycanda başa vura bilsinlər. Başqa niyyətlə gələnlər təbii ki, birmənalı şəkildə Azərbaycan dövlətinin iradəsi qarşısında lazım olan cavabı alacaqlar. Əgər kimsə haradansa saxta pasportla və ya şəxsiyyəti müəyyənləşdirən digər sənədlərlə Azərbaycana gəlmək istəsə, onun qarşısı alınacaq. Burada mən özümüz üçün ciddi təhlükə görmürəm”.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağdan gedən ermənilərin mütləq əksəriyyəti oraya geri qayıtmayacaq:

“Çünki onların böyük əksəriyyəti mənsub olduqları dövlətlə bərabər o qədər böyük cinayətin içərisindədirlər ki, buna cəhd etməzlər. Onlar törətmiş olduqları cinayət əməllərini göz önünə gətirərək Azərbaycana qayıtmayacaqlar. Qayıtsa da, təxminən 10-15 min nəfər qayıdacaq. Heç güman etmirəm ki, 65 min erməni Dağlıq Qarabağa gəlsin. Çünki ermənilərin vətəni yoxdur. Vətən anlayışı onlar üçün abstrakt bir mahiyyət daşıyır. Harada həyatları xoş keçirsə, ora onların vətənidir”.

Həmsöhbətimiz Ermənistanda yaşanan böhranı da diqqətə çatdırıb: “Özləri etiraf edirlər ki, son 1-2 ildə 16 mindən çox insan vətəndaşlıqdan çıxıb. Hələ Ermənistan vətəndaşı ola-ola bu gün Rusiyada, Türkiyədə və başqa ölkələrdə öz həyatlarını quranlardan, yaşamaq üçün ən müxtəlif oyunlardan çıxanlardan danışmıram. Bu müharibədən sonra onlar çox ağır, sarsıdıcı, ölümcül zərbələr aldılar. Ermənistanın daxilində baş verən vətəndaş qarşıdurması, birinin digərini açıq şəkildə ittiham etməsi, düşmənçilik münasibətləri özündə böyük əhali axınına səbəb olacaq. Onlar Dağlıq Qarabağa nə üçün gəlməlidirlər ki? Onlar bu dəqiqə gedib Qarabağda nə edəcəklərini düşünürlər. Qarabağa o şəxslər gələcək ki, onların artıq fiziki imkanları məhdud olacaq. Onlar gedib başqa yerdə özləri üçün işləyib özlərinə şərait qura bilməyəcəklər. Bu cür insanlar ola bilsin ki, ağıla gəlib Azərbaycan qanunlarını qəbul edərək Azərbaycana gələ bilsinlər. Bu da  dediyim kimi, çox məhdud sayda olacaq. Ermənistan başqa cür hərəkət etmək istəsə, nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir və müvafiq qurumlar tərəfindən  onlar layiqli cavablarını alacaqlar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists