Manşet

İlham Əliyev fövqəladə müşavirə hazırlığında: “Manat zəlzələsi”nin səbəbkarları cəzalandırılacaq

İlham Əliyev fövqəladə müşavirə hazırlığında: “Manat zəlzələsi”nin səbəbkarları cəzalandırılacaqBir neçə gündür ki, ölkədə görünməmiş təşviş və həyacan yaşanır. Heç gözlənilmədiyi halda fevralın 20-dən 21-nə keçən gecə ABŞ dollarının məzənnəsi son illərin rekord göstəricilərini də ötərək manatı üstələdi. Bunun ardınca isə birmənalı olaraq bütün ölkə boyunca total bahalaşma müşahidə olundu.

İş hətta o yerə çatdı ki, iri marketlər və topdan satış məntəqələri qapılarını bağlayaraq satışın dayandırıldığını elan etdilər. Əhali panika içindədir və ölkə rəsmilərinin baş verənlərlə bağlı tutarlı izahat verməməsi təşvişi daha da artırır. Artıq əhali milli valyutaya inamını tam itirib, Azərbaycan hakimiyyətinin imicinə ciddi zərbə dəyib və bu özünü müxtəlif yerlərdən gələn etiraz aksiyaları vasitəsilə də göstərməkdədir. Son məlumata görə, artıq sosial şəbəkələrdə fevralın 28-də Bakının Fəvvarələr Meydanında da “Bahalaşmaya son” şüarı ilə aksiya nəzərdə tutulub.

Bütün bunlar isə Azərbaycan hakimiyyətinin necə çıxılmaz duruma düşdüyünün qorxulu əlamətləridir. İqtisadi inkişaf və manatın illərdir ki, dəyərini qoruması hakimiyyətin ənənəvi təbliğat rıçaqlarından idi. Hazırda isə bu mühüm rıçaq əldən çıxıb, onun yerini isə hakimiyyətə inamsızlıq və bədbinlik almaqdadır. Hakimiyyət başbilənləri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirməsə proseslərin nəzarətdən çıxma riski də kifayət qədər böyükdür.

Savash.org-un əldə etdiyi məlumatda isə iddia olunur ki, artıq hakimiyyət də proseslərin arzuolunmaz məcrada inkişaf edəcəyi ehtimalını nəzərə alaraq preventiv tədbirlərə başlamaq niyyətindədir. İlkin olaraq isə prezident İlham Əliyevin yanında bütün nazirlərin və komitə sədrlərinin iştirakı ilə fövqəladə müşavirənin çağırılması planlaşdırılıb. Həmin müşavirədən sonra manatın dollara nisbətən bir qədər bahalaşacağını iddia edən mənbəmiz Milli Bankın prezidenti Elman Rüstəmovun cəzalandırılmasını da mümkün sayır:

“Düzdür, manatın ucuzlaşması qaçılmaz idi və buna görə Elman Rüstəmovu ittiham etmək doğru olmazdı. Amma Milli Bankın rəhbəri ölkə rəhbərliyini əmin etmişdi ki, dollar 90 qəpikdən baha olmayacaq. Baş verənlər isə göstərir ki, Elman Rüstəmov qəsdən də olmasa prezidenti aldadıb və ölkədə ciddi təşvişin yaranmasına səbəb olub. Onun cəzalanması da məhz buna görə baş tutacaq”.
SAVAS.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button