Manşet

Hansı icra başçıları özlərini prezidentdən artıq hesab edir? – PARADOKS

Hansı icra başçıları özlərini prezidentdən artıq hesab edir? – PARADOKSPrezident Adminstrasiyasının qarşısında nəqliyyatın hərəkəti sərbəstdir, İcra Hakimiyyəti binalarında isə…

İcra hakimiyyətlərinin binaları qarşısına ictimai nəqliyyat buraxılmır. Bir neçə ildir ki, əyalətlərdə formalaşan bu ənənə getdikcə paytaxtın ayrı-ayrı rayonlarını da əhatə etməkdədir və bu heç də yaxşı perspektiv vəd etmir.

Belə ki, rayon icra hakimiyyətlərinə rəhbər təyinatından sonra yeni kadrların ilk “islahatı” əhalinin rahatlığına əngəl yaratmaq, xüsusən aztəminatlı insanların istifadə etdiyi nəqliyyat vasitələrinin hərəkət troyektoriyasına müdaxilə etmək olur.

Onlar RİH binasının qarşısındakı yolları bağlayaraq, sanki xalqla öz aralarında güclü sərhəd yaradırlar. Halbuki belə bir qadağa hətta Prezident Adminstrasiyasının qarşısında belə tətbiq edilməyib. Hər kəsin bildiyi kimi PA-nın inzibatı binası qarşısından həm ictimai nəqliyyat, həm də bütün növ nəqliyyat vasitələri heç bir maneə ilə qarşılaşmadan hərəkət edirlər. Belə olan halda isə ortaya bir sual çıxır: İcra başçıları özlərini prezidentdən artıq hesab edir?

Hansı RİH başçıları özləri üçün “xudmani xanədan” qurub?

Apardığımız araşdırma və müşahidələr ortaya çox maraqlı mənzərə çıxartdı. Məlum oldu ki, artıq ölkənin əksər bölgələrində icra başçıları özləri üçün xudmani xanədan quraraq, ictimai nəqliyyatı RİH binasının qarşısından çoxdan qovub.

Həmin rayonlar sırasında Sumqayıt, Bərdə, Kürdəmir, Yevlax, Abşeron, Ağstafa, Qazax, Göygöl, Mingəçevir, Ağdaş, Şirvan, Saatlı, Beyləqan, Sabirabad və digərlərinin adları yer alıb. Təbii ki, siyahini uzatmaq da olardı, amma mövzuya yenidən qayıdacağımızı nəzərə alaraq hələlik bu məqamı bir qədər arxa plana atdıq.

Fakt ondan ibarətdir ki, hətta qarşısında park deyil, yol olan, həmin yolu da bütün nəqliyyat növlərinin üzünə açıq olan İcra Hakimiyyəti binası tapmaq çox çətindir. Əyalətdə külli-ixtiyar sahibi olan məmurların bu anlaşılmaz davranışının səbəbi isə çox maraqlıdır. Görəsən, ictimai nəqliyyatın İcra Hakimiyyəti binalarının qarşısından hərəkətinə qoyulan qadağanın hüquqi əsası varmı?

Savash.org-un araşdırması göstərib ki, yaradılan əngəllərin səbəbi heç İH-dəki məsul şəxslərin özlərinə də bəlli deyil. Abşeron İcra Hakimiyyəti də bir ildir ki, bu addımı atıb. Belə ki, rayonun 50 illik yubileyinə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlərdən biri də, İcra Hakimiyyətinin qarşısından keçən 119 saylı yeganə marşurutun yolunu kəsmək olub. Bunun səbəbi marşurut sürücüləri üçün də maraqlı olub.

Sürücülər arasında “İcra Hakimiyyətinin qarşısından keçən M.Ə.Rəsulzadə küçəsi mailidi. Oradan sürətlə gələndə əyləci basmaq məcburiyyətində qalırdıq. Yəqin o səs mane olur icra başçısına” deyən də var, ”Yolda avtobusun qarşısına adam çıxır, heyvan çıxır, siqnal verməli oluruq. Siqnal səsindən narahat olur” – deyə ehtimal irəli sürən də. Lakin yolun bütün növ maşınların üzünə açıq olması, yalnız avtobusların buradan keçməsinə qadağa qoyulması bu ehtimalları zəiflədir. Yəni, oradan keçərkən siqnal verən avtomobillər də, əyləcdən istifadə edən yük maşınları da kifayət qədərdir.

Abşeron RİH-dən “əndrabadi” izahat…

Deməli, bu qadağa yalnız əhalinin aztəminatlı hissəsinə, risq qrupuna girən təbəqəsinə aid edilib? Qeyd edək ki, həmin marşurutun hərəkət xəttinin dəyişdirilməsi böyük bir məhəllənin – 27-ci məhəllənin sakinlərinin işini çətinləşdirib. Hazırda Xırdalan şəhəri 27-ci məhəllənin sakinləri böyük bir məsafəni piyada qət etməli olur. 119 saylı marşurutun keçə bilmədiyi həmin məhəllədə olan obyektlərə diqqət edək: Abşeron yayon poçt şöbəsi, Rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, poliklinika, 1 saylı orta məktəb, prokurorluq, məhkəmə və bələdiyyə binaları, 1 saylı orta məktəb də daxil olmaqla 50-yə qədər yaşayış binası və çoxsaylı fərdi evlər. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucov marşurutun yolunun dəyişdirilməsini nə qədər qəribə də olsa, avtobus sürücülərinin pis maşın sürməsi ilə əlaqələndirib: “Biz marşurut sahibləri ilə danışıb, məsələni yoluna qoyduq da. Avtobusları düzgün idarə etmirlər, hardan gəldi sürürlər. Bardurları qırıb dağıdırlar. İntervala baxmırlar”.

“Təkər rezindəndir, rezinlə bardur qırmaq olar?”

Sürücü Məşədi Möhlət Həsənov isə bu iddia ilə razılaşmır: “19 maşın var, 6 dəqiqəlik intervalla işləyirik. Nəinki yolları dağıtmaq, əksinə yollari bərpa etdiririk. Marşurut “Xaliq Faiq oğlu” MMC-yə aiddir. Avtobuslar Quşçuluq massivində pis vəziyyətdə olan yerlərdən keçir. İki avtobusumuz qarşılaşanda biri dayanıb o birinə yol verməli olur. Üstəlik yollar da bərbad gündədir. Sahibkar özü vəsait ayırıb yolları düzəltdirir ki, avtobuslar çox ziyan görməsin. Bu yollarda maşın saxlamaq çox çətindir. Maşınları da sahibkar düzəltdirir, yolları da. Qaldi ki, bardurları qırmağa, təkərlərimiz rezindəndi. Rezin isə barduru qıra, dağıda bilməz. Ümumiyyətlə, rayon mərkəzlərində aparılan kosmetik dəyişikliklərdən sonra icra başçılarının keçdiyi yollara “aşağı sinfin nümayəndələrinin” istifadə etdiyi ictimai nəqliyyatın buraxılmaması artıq ənənəyə çevrilib.

Xarüqələr yaradır, icra başçısı Sumqayıtda…

Ölkəmizin ən böyük şəhərlərindən olan Sumqayıt da bu ənəyə sadiq qalır. Belə ki, artıq Sumqayıt Şəhər İcra Hakimiyyəti də nəqliyyat vasitələrinə yol qadağası tətbiq edib. Binanın qarşısını bayraq meydanına çevirən İH-də bu qadağanın nə ilə bağlı olduğunu başçının müavinləri də bilmir. Şəhərdə tətbiq edilən qaydanın tətbiqinin səbəbini nə ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Seyfəddin Rəhimov, nə də başçının müavini Taryel Hacıyev izah edə bilib.

Qeyd edək ki, İcra Hakimiyyəti binalarından fərqli olaraq Prezident Adminstrasiyasının qarşısından ictimai nəqliyyatın fəaliyyətinə hər hansı qadağa yoxdur. Ən strateji obyektlər sayılan Daxili İşlər, Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin qarşısından da hər cür maşın sərbəst keçir.

Ekspertlər nə düşünür?

Elə isə bölgələrdə dəbə çevrilən və izah edilə bilməyən bu addımı icra başçıları niyə atır? Görəsən, hansı qanunda yazılıb ki, ictimai nəqliyyat dar, kələ-kötür yollarla getməli, təmir olunmuş küçələrdən keçməməlidir.

Müstəqil ekspert Rövşən Ağayevin fikrincə, bunun izahı çox çətindir. Savash.org-a açıqlamasında ekspert problemin səbəbini rayonların idarəetmə sistemində axtarmaq lazım olduğunu vurğulayıb: “Rayonlara gedəndə bu problemi mən də müşahidə etmişəm. Məsələn, Bərdə rayon icra hakimiyyətinin qarşısından keçən 300 metrdən artıq yol bağlıdır. Özü də bütün maşınların üzünə. İnsanları dar küçələrə salırlar. Belə yerləri görəndə mən həmişə düşünürəm ki, Prezident Administrasiyasının qarşısı açıqdır, ancaq icra hakimiyyətlərinin yolu bağlanıb. Ancaq kiçik məmurlar oturduqlrı ofisin qarşısını kəsirlər. Bu, sadəcə həmin primitiv düşüncəli kiçik məmurların xalqa güc nümayişidir, saymazlığıdır. Bunun izahı o qədər çətindir ki”…

R.Ağayevin fikrincə, problemin qarşısını almağın yolu rayonların idarəetmə sistemində dəyişiklikdir: “Onlar xalqı görmək istəmirlər. Xalqı görmələri üçün isə idarəetmə sistemi dəyişməlidir. İcra başçısı seçkili olmalıdır. Regionların idarəetmə sistemi dəyişsə, oturduğu ofisin qarşısını kəsməyəcəklər”.

Ruhiyyə Daşsalahlı
SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button