Manşet

“İnflyasiya qaçılmaz olacaq…” – Ekspert hansı məhsulların bahalaşacağını AÇIQLADI

Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Yanacağın qiymətinin bahalaşması digər sahələrdə də qiymətlərin artması narahatlığını doğurub.

Maraqlıdır, benzin və dizeldə müşahidə olunan bahalaşma hansı sahələrdə qiymət artımı ilə nəticələnəcək?

“SAVAŞ” xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli yanacağın qiymət artımının bir çox sahələrdə bahalaşmaya səbəb olacağını düşünür:

“Aİ-92 markalı benzinin qiymətinin artması artıq inflyasiyanın yaranması üçün ciddi səbəbdir, bundan qaçmaq mümkün deyil. Aqrar sahədə və logistikada qiymət artımının olması məhsulun maya dəyərinə və son qiymətlərinə ciddi təsir edən amilə çevriləcək. Aqrar sektorda maya dəyərinin formalaşmasında 30 faizə yaxın dizel yanacağının payı var. Bu onu göstərir ki, qiymət artımı bu sahədə daha çox diqqətə çarpacaq. Çünki birdən-birə dizel yanacağının qiymətinin 34 faiz artması kənd təsərrüfatı məhsullarının qiymətlərinə ciddi təsir göstərəcək.

Bundan başqa bahalaşma logistikaya, daşımalara da təsir edəcək. Axşam saatlarından etibarən super marketlərə daşımanın xərci artıb. Çünki bu daşımanı həyata keçirən nəqliyyat vasitələrinin böyük əksəriyyəti dizel yanacağı ilə işləyir. Bu baxımdan artıq bu gündən etibarən marketlərdə bahalaşmanın şahidi olacağıq.

Bir neçə aydan sonra, əsasən mart ayında aqrar sahədə qiymət artımını müşahidə edəcəyimizi düşünürəm. Ümumilikdə mart-aprel aylarında bazarda kənd təsərrüfatı mallarının qiyməti kifayət qədər yüksələcək”.

İqtisadçı ekspert şəhərlərarası daşımalarda qiymətin kifayət qədər qalxacağını qeyd edib:

“İctimai nəqliyyatda gediş haqqının da artırıılması gözlənilir. Taksilərdə qiymətlər artacaq. “BakuBus” avtobuslarının əksəriyyəti sıxılmış qazla işləyir. Amma avtobuslar sıxılmış qazla işləsə belə keçən ildən başlayaraq Bakı Nəqliyyat Agentliyi və BakuBus Səhmdar Cəmiyyəti tez-tez açıqlama verirdi ki, sərnişindaşımada maya dəyəri yüksəkdir və təklif olunan qiymətlər aşağıdır.

Bunu nəzərə alaraq deyə bilərəm ki, bu sahədə də qiymət artımı olacaq. Şəhərlərarası daşımalarda indi karantin rejimi olduğu üçün kifayət qədər azalmalar var. Lakin karantindən sonra şəhərlərarası gedişhaqqının da kifayət qədər bahalaşması gözlənilir”.

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button