Manşet

Human Rights Watch-ın Azərbaycana buraxılmayan nümayəndəsi: \”Hey soruşurdular ki, niyə gəlmisən…\”

Human Rights Watch-ın Azərbaycana buraxılmayan nümayəndəsi: "Hey soruşurdular ki, niyə gəlmisən..."Human Rights Watch təşkilatının nümayəndəsi Giorgi Gogia martın 30-da Bakı hava limanından Azərbaycana buraxılmamasını \”siyasi qərar\” hesab edir.

O BBC Azərbaycancaya deyib ki, rəsmilər onun insan haqları fəalları Rəsul Cəfərov və İntiqam Əliyevin məhkəməsində iştirak etməsinin qarşısını almaq məqsədi güdüblər. Cənab Gogia martın 31-də Gürcüstana deportasiya edilib.

Azərbaycan tərəfi rəsmi qaydada Gürcüstanın Bakıdakı Konsulluğuna bildirib ki, bu, \”milli təhlükəsizlik\”lə bağlı bir qərar olub və Gogianın \”persona non grata\” olduğu deyilib.
Pasport

Giorgi Gogia BBC Azərbaycancanın müxbirinə telefonla verdiyi müsahibədə hadisənin təfsilatı barədə danışarkən deyib ki, o pasport nəzarətindən keçmək üçün pasportunu təqdim edib, amma məmur ona kompüterdə problem olduğunu və gözləmək lazım gəldiyini bildirib.

Bundan sonra başqa bir şəxs onun pasportunu aparıb, Giorgi Gogianın özünə isə yenə də gözləməli olduğunu deyiblər.

Onu iki saat gözlətdikdən sonra təhlükəsizlik xidmətinin müşayiəti ilə tranzit zalına aparıblar. Orada da bir saat gözləməli olub. Bundan sonra onu yenidən bir neçə dəfə pasport və tranzit zallarına aparıblar.

Ona kim olduğu, Bakıya gəlişinin məqsədi, Azərbaycana daha əvvəl gəlib-gəlmədiyi barədə suallar verilib. Gogia deyib ki, onun pasportundakı möhürlərdən də görmək olardı ki, o əvvəllər də dəfələrlə Azərbaycana səfər edib.

“Onlar bilirdilər ki, mən iki hüquq müdafiəçisi – İntiqam Əliyev və Rəsul Cəfərovun açıq məhkəməsində iştirak etmək üçün gəlmişəm. Məndən soruşdular ki, onları şəxsən tanıyırammı, mən də dedim bəli, tanıyıram. Onlar gedib-gəlib eyni sualları yenidən verirdilər”- deyib Gogia.
30 saat gözləmə

Cənab Gogia bildirib ki, rəsmilərin onu ölkəyə buraxmaq istəməmələri aydın idi, amma nədənsə bu qərarı vermək xeyli vaxt aparıb.

Onu yalnız 31 saatdan sonra Gürcüstana uçan təyyarəyə oturdublar və ölkəyə buraxılmaması ilə bağlı heç bir səbəb göstərməyiblər.

“Onların mənə verdikləri kağız parçasında yazılıb ki, mən ölkəyə buraxılmıram. Bu qərarın hansı müddət üçün qüvvədə olduğu da məlum deyil” – deyib Gogia.

Human Rights Watch təşkilatının nümayəndəsi ölkəyə buraxılmamasının siyasi qərar olduğuna əmindir.

O deyir ki, Gürcüstan vətəndaşı olduğundan Azərbaycana gəlmək üçün vizaya ehtiyacı yoxdur, əvvəllər Azərbaycanda heç bir qanunu pozmayıb, heç Dağlıq Qarabağ ərazisinə də səfər etməyib.

Azərbaycan tərəfi rəsmi qaydada Gürcüstanın Bakıdakı Konsulluğuna bildirib ki, bu, milli təhlükəsizliklə bağlı bir qərar olub və Gogianın persona non grata olduğu deyilib.
İnsan haqları

Giorgi Qogianın hava limanında qaldığı müddətdə ona yemək və yaxud su təklif olunmayıb.

“Məni həbs etməmişdilər, amma pasportumu əlimdən almışdılar. Mənə təhkim etdikləri insan isə nə rusca, nə də ingiliscə danışa bilirdi” – deyib Giorgi Gogia.

Giorgi Gogia Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti yaxından izləyir və bu mövzuda hesabatların hazırlanmasında iştirak edir.

Human Rights Watch son bir il ərzində ölkədə hüquq müdafiəçilərinin siyasi səbəblərdən həbsi və QHT-lərin məruz qaldığı əngəllər, tənqidi fikirlərin boğulması da daxil olmaqla ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı 35 səhifəlik hesabat dərc edib.

Azərbaycan hökuməti HRW də daxil olmaqla, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarını qərəzli hesab edir və ölkədə insanların siyasi baxışlarına görə təqib olunmadığını deyir.

“Əlbəttə ki, mənim ölkəyə gəlməyimi məhdudlaşdırmaları pis oldu, amma baş verənlər bizi ölkədəki vəziyyət barədə hesabat verməkdən saxlaya bilməz. Biz vəziyyəti monitorinq etməkdə və baş verənləri ictimailəşdirməkdə davam edəcəyik” – deyib Human Rights Watch-un nümayəndəsi.

Gogia deyib ki, onun öz başına gələnləri bəlkə də bağışlamaq olar, lakin Azərbaycan tərəfi insan haqları sahəsindəki nöqsanları aradan qaldırmaq istiqamətində hərəkət etməlidir.

“Xədicə, Rəsul, Leyla, İntiqam – bunlar ölkədəki hüquq müdafiə hərəkatının liderləridir və onlar həbsxanada olmalı deyillər. Düşünürəm ki, Azərbaycan nəhəng hadisənin – Avropa oyunlarının başlanması ərəfəsində ən tez zamanda onları azad etmək barədə düşünməlidir. Bu, ən düzgün addım olardı” – deyib Human Rights Watch təşkilatının nümayəndəsi Giorgi Qogia.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button