Manşet

Daşınmaz əmlak bazarında nə baş verir? – Ekspertdən mənzil almaq istəyənlərə MƏSLƏHƏT

Mənzil bazarında 2020-ci ildə yaranan durğunluğun bu il tədricən aradan qalxacağı gözlənilir. Bununla əlaqədar mənzillərin bir qədər bahalaşması ehtimalı var. Bu ehtimal çərçivəsində hazırda mənzil almaq nə dərəcədə əlverişlidir?

Sfera.az-a danışan “Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı deyir ki, 2021-ci ildə gözləntilər bazarda tələbin artması yönündədir. Onun fikrincə bu şərtlər daxilində tələbin güclənməsi qiymət artımlarına səbəb ola bilər: 

“Ümumi maliyyə göstəricilərini, dövlət büdcəsinin xərc proqnozlarını, digər mənbələrdən ayrılan vəsaitlərin həcmini, qarşıdakı dövrlərdə şəhərsalma ilə bağlı görüləcək işləri, infrastruktur layihələrin həcmini, eyni zamanda daşınmaz əmlakla bağlı bir sıra istiqamətlər üzrə qəbul edilən qərarları təhlil etdikdə belə qənaətə gələ bilərik ki, 2021-ci ildə daşınmaz əmlak, mənzil bazarında qiymət artımı ehtimalı daha çoxdur. Daşınmaz əmlak bazarında aktivliyə təsir göstərən əsas amil pandemiya və bununla əlaqədar xüsusi karantin rejiminin tətbiq edilməsidir. Pandemiya başa çatdıqdan sonra daşınmaz əmlak bazarında baş verə biləcək aktivlik qiymət artımlarını şərtləndirəcək. Bu baxımdan indi daşınmaz əmlak almaq üçün ən əlverişli dövrdür. Karantin aradan qalxdıqdan sonra qiymətlərdə artım olma ehtimalı yüksəkdir”.

Bununla belə R.Osmanlı hesab edir ki, qiymətlərin bahalaşacağına dair qəti fikir söyləmək də çətindir: “Hələ də bazarı proqnozlaşdırmaq çətindir. Sahib olduğumuz informasiyalar bazarda 5-6 ay sonrakı dəyişiklikləri, o cümlədən qiymət dəyişikliklərini proqnozlaşdırmağa imkan vermir. Çünki Azərbaycanın daşınmaz əmlak bazarının indikatorları yoxdur. Buna görə də bazarda nə baş verdiyini, tələb təklifin nə yerdə olduğunu aydın müşahidə etmək imkanı azdır”.

R.Osmanlı qeyd etdi ki, aktivlik artsa da mənzil alışı artmaya bilər. Onun sözlərinə görə ev təsərrüfatlarında olan vəsaitlərin böyük hissəsi dollara dəyişdirilib və insanlar hələ də növbəti devalvasiyanın olacağını gözləyir. Bu səbəbdən o insanların dolları manata dəyişərək mənzil almağa tələsmədiyini də vurğuladı: “Devalvasiya olacaqsa, manatla ifadədə mənzillər bahalaşacaq, amma dollar ifadəsində ucuzlaşacaq. Bu amili də nəzərə aldıqda insanlar mənzil almağı hələlik riskli hesab edir”. 

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov isə hesab edir ki, ağıllı insanlar böhran dövründən istifadə edib sərmayə qoymağa, alışlar həyata keçirməyə çalışır. “Böhranlı dövrlərdə qiymətlər enir, daha əlverişli qiymətlərlə əmlak almaq mümkündür”, – deyən E.Azadov pandemiya dövründə də belə imkanların yarandığını söyləyib: 

“Pandemiya, karantin bitdikdən sonra qiymətlərdə endirim halları ya olmayacaq, ya da az təsadüf ediləcək. Artıq yeni tikililərin bəziləri 2021-ci ildən qiymətləri artırıb. Məsələn, Nərimanovda yeni tikilən bir binada bir neçə ay əvvəl kvadrat metri 1500 manata satılan mənzili hazırda 1700 manatdan təklif edirlər. Bazarda canlanmanın olduğu müşahidə edilir. Qarşıdakı aylarda satışa çıxarılacaq mənzillərdə də qiymətlər bir qədər yüksək olacaq. 

Hələlik, pandemiyanın təsirləri hiss edilir, həm satışda, həm də qiymətlərdə ciddi fərq yoxdur. Əslində, daşınmaz əmlak bazarında qiymətlərdə ciddi enmə olmayıb, qiymətlər 2019-cu ildəki səviyyə uyğundur. Yalnız köhnə tikililərdə müəyyən qədər qiymət azalması qeydə alınıb”. E.Azadov proqnozlaşdırır ki, ötən ilin müştəriləri 2021-ci ildə bazara qayıdacaq. Eyni zamanda 2021-ci ildə yeni müştərilər də bazara daxil olacaq. Həmsöhbətimiz bu səbəblərdən mənzil bazarında aktivliyin yüksələcəyini gözləyir.

Vasif

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button