Manşet

Ziya Məmmədovu “aciz nazir”ə çevirən problemlər – ARAŞDIRMA

Ziya Məmmədovu “aciz nazir”ə çevirən problemlər - ARAŞDIRMABakı şəhərinin ən problemli məsələlərindən biri onun ictimai nəqliyyatıdır. Avtobus sürücülərinin özbaşınalığı haqqında mətbuatda hər gün səhifə-səhifə yazılar yazılsa da, onlar sərnişinləri təhqir etməkdən tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər özbaşınalıq etməkdən çəkinmirlər. Bu özbaşınalığın əziyyətini isə təbii ki, sərnişinlər çəkirlər.

Acı da olsa bu bir həqiqətdir ki, son illərdə marşrut avtobusların törətdiyi qəzalarda xeyli sayda insan həyatını itirib. Bu hadisələr avtobus sürücülərinin qayda-qanunlara məhəl qoymamaları məsələsini gündəmdə saxlayır. Ümumiyyətlə, avtobus parklarının yenilənməsinə baxmayaraq, Bakıda marşrut bazarındakı vəziyyət tam tənzimlənmir. Çünki problem nə birdir, nə də iki… Aidiyyəti qurumların həyata keçirdiyi tədbirlər isə kampaniya xarakterlidir. Bir də görürsən ki, sərnişin avtobuslarının fəaliyyəti ilə bağlı reydlər başlayır. Qanunu pozan sürücülər cərimələnir, bəzilərinin sənədləri alınır, idarə etdikləri avtobuslar texniki baxışa göndərilir. Amma üstündən iki gün keçməmiş hər şey yenidən qayıdır əvvəlki vəziyyətinə.

Ən acınacaqlısı isə Nəqliyyat Nazirliyi bütün bunlardan xəbərdar olduğu halda nədənsə susur… Adi bir məqamı xatırladaq. Bakıda keçirilən \”Eurovision\” mahnı müsabiqəsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən biri də Nəqliyyat Nazirliyi tərəfindən marşrut sürücülərinin vahid geyim formasının paylanması oldu. Lakin mahnı müsabiqəsi başa çatar-çatmaz sürücülər də formalarını çıxarıb atdılar.

Sürücülərin sərnişinlərə qarşı etinasız davranışı artıq vətəndaşları da hövsələdən çıxarıb. Bir çoxu problemin kökünün ictimai nəqliyyatı özəl sektora həvalə edilməsində görür. Özəl sektoru idarə edənlər isə keyfiyyətli xidmət barədə düşünmək əvəziə yalnız şəxsi mənfəətlərini artırmağı fikirləşirlər. Sərnişin avtobuslarının hərəkəti sanki ralli yarışlarına çevrilib. Hadisələrin çoxu avtobusların bir-biri ilə rəqabəti, üst-üstə düşən qrafikə görə olur. Dayanacağa birinci çatmaq üçün sürücülər sərnişinlərin həyatını təhlükəyə atırlar. Hətta işıqforun qırmızı işığında da keçir, yol nişanlarının tələblərini pozur və qarşıdan gələn nəqliyyatın yoluna belə çıxırlar.

Hətta iş o yerə çatır ki, bəzən bir-birinin avtobusunu keçmək istəyən sürücülər piyadaların gedib-gəldiyi səkilərə çıxmaqdan belə çəkinmirlər və bu yolla bir qədər vaxt qazanmaq istəyirlər. Amma bu zaman unutduqları çox məqam olur. Onların bu “irəli düşmək” cəhdi əksər hallarda kimlərinsə həyatına son qoyur. Avtobus sürücüləri yalnız yol hərəkəti qaydalarını pozmaqla kifayətlənmirlər. Nəqliyyat Nazirliyi isə hələ də susur. Düzdür, avtobuslarla bağlı Bakı şəhərində Nəqliyyat Nazirliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq reydlər keçirirlər. Amma keçirilən reydlərə və görülən tədbirlərə baxmayaraq, yenə bəzi avtobus sürücüləri yol hərəkəti qaydasını kobud surətdə pozur, bir-biri ilə ötüşür və hətta işıqforun qırmızı işığına məhəl qoymurlar.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, sərnişin daşıyan hər bir nəqliyyat vasitəsi və onun sürücüsü reys öncəsi həm texniki, həm də tibbi müayinədən keçməlidir. Amma baş verən faciələr göstərir ki, sərnişin daşıyan nəqliyyat vasitəsi və sürücüsü reys öncəsi nə texniki, nə də tibbi müayinədən keçir. Əks təqdirdə bu qədər qəzalar baş verməzdi. Uşaqdan böyüyə kimi hamı bilir ki, avtobus sürücüsünün idarəetmə zamanı telefonla oynaması, siqaret çəkməsi, qida qəbul etməsi qadağandır. Amma gəlin görək bu qaydalara məhəl qoyan varmı? Əslində avtobus xəttə buraxılmadan öncə bir neçə prosedur qaydaları yerinə yetirilməlidir. İlk öncə avtobusun sazlığı yoxlanılmalı, daha sonra o yuyulmalı və təmizlənməlidir. Görəsən ölkədə kifayət qədər sərnişindaşıma xidməti göstərən iri tutumlu avtobus şirkətləri bu qaydalara əməl edirmi? Əməl etməyəcəyi tədqirdə Nəqliyyat Nazirliyi necə mübarizə aparır?

Hər halda, Azərbaycanın qanunverici orqanında avtobus sürücülərinin intizamsılığı ilə bağlı dəfələrlə məsələ qaldırılıb, lakin heç bir məsələyə birdəfəlik nöqtə qoyulmayıb. Odur ki, 10 minlərlə sərnişinin həyatı, 20-22 yaşı gənc avtobus sürücülərindən asılı vəziyyətdə qalır. Hər bir sahibkar öz işində peşəkar olmalıdır. Çünki söhbət vətəndaşların mənzil başına sağ-salamat çatdırılmasından gedir. Amma gənc sürücülər bunu dərk edə bilmirlər. Əks halda onlar avtobus sürə-sürə internetə girməz, SMS yazmaz, telefonla danışmaz, çay içib siqaret çəkməzdilər. Yəqin ki, dünyanın heç bir ölkəsində belə hal yoxdur. Və hansısa ölkədə bu barədə danışsaq, yəqin ki, bizə ən azından gülərlər…

Nəqliyyat naziri Ziya Məmmədov bir müddət əvvəl verdiyi açıqlamada etiraf etmişdi ki, avtobus sürücülərin özbaşınalığı onların ən “yaralı yeri”dir və bunun qarşısı almaq çətindir. Çünki nazir deyir ki, avtobus marşrutları özəl şirkətlərə məxsusdur və sürücüləri də həmin şirkətlər cəzalandırmalıdır. Elədirsə, Nəqliyyat Nazirliyi nəyə lazımdır? Lazımdırsa, işləmək də lazımdır. Amma hələ ki, avtobus sürücüləri ilə bağlı nəsə tədbir görüldüyünü yalnız sözlə deyirlər. Əməli iş görülsəydi, vəziyyət dəyişərdi.

Maraqlıdır ki, bu sahədəki qanunsuzluqlar, yəni sürücülərin avtobusu yüksək sürətlə idarə etməsi halları Nəqliyyat Nazirliyinin əməkdaşlarının gözü qarşısında qeydə alınır. Buna baxmayaraq, nazirliyin işçiləri yol hərəkəti qaydalarına uyğun hərəkət etməyən sürücüləri cəzalandırmırlar. Avtobus sürücüləri arasında mədəniyyət də aşağı səviyyədədir. Təbii, bunu hamısına şamil etmək doğru olmazdı. Onların arasında kifayət qədər mədəniyyətli və sərnişinlərlə mülayim rəftar edənləri var. Di gəl ki, əksər sürücülər ağızlarına nə gəldi danışırlar. Yaxud siqaret çəkə-çəkə avtobus idarə edirlər.

Nəqliyyat Nazirliyi sürücülərin iş başında ikən avtobusda siqarət çəkməsinə qadağa qoyub. Təəssüf ki, sürücülərin bir çoxu buna əməl etmir. Bunun hamısı Nəqliyyat Nazirliyinin bu sahə üzrə cavabdeh olan əməkdaşlarının işlərinə düzgün yanaşmamasından irəli gəlir. Əgər nazirliyin ictimai nəqliyyata nəzarət edən işçiləri siqaret çəkib tüstüsünü sərnişinlərin üzünə üfürən sürücüləri layiq olduğu formada cəzalandırsa, başqaları buna baxıb nəticə çıxarar. Nəticə isə budur ki, nəqliyyat naziri Ziya Məmmədov yerində deyil.

İctimai nəqliyyatdakı irili-xırdalı problemləri təcili həll etmək lazımdır. Ölkəmiz gələn il böyük turnirə – ilk Avropa yay olimpiya oyunlarına ev sahibliyi edəcək. Azərbaycana gələcək turistləri ictimai nəqliyyatda problemlərlə qarşılamağımız ölkəmizin adına və beynəlxalq aləmdəki imicinə yaraşmaz.
Sərnişin avtobusları ilə bağlı problem təkcə sürücü mədəniyyətsizliyi ilə bitmir. Bu sahədə problemlər çoxdur.

Məsələn, elə onu xatırladaq ki, Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanmasından bir ilə yaxın vaxt keçsə də, hələlik bu sistem işləmir. Görünən odur ki, nə marşrut sahibləri, nə də sürücülər sistemin işləməsində maraqlı deyil. Vətəndaşlar bunu daha çox sistemin düz qurulmaması ilə izah edir. Qəribədir ki, bir çox avtobus sürücüləri də gediş haqlarının kartla ödənilməsini mümkünsüz sayır.

Sürücülərdən bəzilərinin fikrincə, həmin sistem düzgün tətbiq olunsaydı, işləyə bilərdi. Bu üzdən onlar hələlik yeni sistemin keçərsiz olduğunu düşünür. Bunu onunla əsaslandırırlar ki, sərnişinlər səbrsizdir. Dayanacaqda saxlayıb, qapılardan birini açmayanda, sərnişinlər narazılıq edir və s. Halbuki, kart sisteminin bir neçə üstünlüyü var. Bu zaman sürücünün əli təmiz olur. Yəni sürücü ilə sərnişin arasında birbaşa təmasa ehtiyac yaranmır. Məsələn, kimsə 20 qəpiyə görə 50 manat uzadır ki, bunu xırdala. Kartla ödəmədə pulun xırdalanmasına ehtiyac olmur və nəticədə vaxta da qənaət olunur. Üstəlik, sürücü plan verməkdən ötrü tələsmir, normadan artıq sərnişin götürmür və s. Maraqlıdır, sistem işləməyəcəkdisə, o zaman buna bir belə xərc qoymaq nəyə lazım idi?

Kart sisteminin tətbiqinin əsas üstünlüyündən biri də o idi ki, planın yüksək olmasından gileylənən avtobus sürücüləri artıq stabil maaş alacaqdılar. Paytaxtın ictimai sektorunda əmək haqqı sisteminə keçid tezliklə reallaşmalıdır.

Nəqliyyat Nazirliyi bildirib ki, Birinci Avropa Oyunlarınadək ictimai nəqliyyatda nağd ödəniş aradan qaldırılacaq. Bu isə sürüclərin əmək haqqı sisteminə keçidini sürətləndirməyə imkan yaradacaq. Sahibkar bu gün sürücü ilə müqaviləni gündəlik hesablaşma əsasında bağlayır. Kart-ödəniş sisteminin tam tətbiqindən sonra tərəflər arasında əmək müqaviləsi imzalanacaq və sürücüyə konkret maaş təyin olunacaq. Əmək haqqı marşrutun gəlirliliyi, iş rejimi nəzərə alınmaqla sahibkar tərəfindən müəyyənləşdiriləcək.

Görünən odur ki, məsələnin kökündə Nəqliyyat Nazirliyi ilə sahibkarlar arasındakı anlaşılmazlıq durur. Problem ondadır ki, Ziya Məmmədov sahibkarların imkanlarını məhdudlaşdıqca onlar da minnətli işləyirlər. Nəticədə də əzab çəkən sürücülərlə sərnişinlər olur. İstər qəzaların artması, istərsə də sürücü mədəniyyətsizliyi buradan qaynaqlanır. Beləliklə, aydın olur ki, nəqliyyat sahəsinin başlıca problemi elə Ziya Məmmədovun özüdür. Deməli, bu sahədə sahman yaratmaq üçün ilk növbədə Nəqliyyat Nazirliyinin özündə ciddi dəyişikliklər edilməlidir.

istiqlal.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button