Manşet

Nəqliyyatdan güzəştli istifadə söhbəti bahalaşmaya hesablanıb – “Oyanıb görəcəyik ki…”

Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatına görə, Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq. Sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq. Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, mövzunun müzakirəsi bir növ dolayı yolla qiymət artımına gətirib çıxarmaq cəhdləridir: 

“Yəni, birbaşa qiymət artımı haqda söhbətlər dolaşırdı. Ardınca da güzəştli yeni mexanizmlər söhbəti ortaya çıxdı. Əslində bunun yaxşı və pis tərəfləri də var. Güzəştli xidmət məsələsi ondan ibarətdir ki, bəzi imtiyazlı şəxslər, müəyyən kateroqiyada olan insanlar ictimai nəqliyyatdan istifadə zamanı pul ödəməyəcəklər – həm metroda, həm avtobuslarda. Burada dövlət qurumları xaric, özəl şirkətlərə də məbləği dövlət ödəyəcək ki, vətəndaşlar həmin şirkətlərin xidmətindən pulsuz istifadə etsinlər”.

Ekspertin sözlərinə görə, ümumilikdə burda əsas istiqamət məsafəyə görə ödəniş söhbətindən ibarətdir: “Amma bu çox çətin mexanizmdir. Dünyanın əksər ölkələrində bu cür mexanizm tətbiq edilməyib. Şəhərdaxili ictimai nəqliyyatın, metronun, tramvayın, troyleybusun qiymətləri ilə bağlı bəlli standartlar var və bəlli qiymətlər tətbiq olunur. Belə mexanizmi necə müəyyələşdirmək olar? Şəxsən mənə qəribə görünür. 

Deyək ki, vətəndaş bir dayanacaq hərəkət edirsə, bu qədər ödəniş edir və ya iki dayanacaq hərəkət edirsə, başqa məbləğ ödəyir. Bunu kim, hansı mexanizm hesablayır – belə texnologiyanın tətbiqi böyük vəsait, xeyli vaxt deməkdir. Bu, Azərbaycan reallığı üçün üfüqdə nöqtə qədər görünən ideyaya bənzəyir. Ümumilikdə vahid qiymət standartı var və buna uyğun qiymətləri tənzimləmək lazımdır. Qəliz işlər hələ ki bizim üçün real deyil. Bizim üçün daha prioritet məsələlər var. Bütün investisiyalar hazırda işğaldan azad olunan ərazilərdə istifadə olunur”

Müsahibimiz ictimai nəqliyyatla bağlı onsuz da qiymət artımı olacağını bildirib: “Lakin bunu dolayı yolla etmək kimi düşüncələr varsa, lazım deyil. Əhalini aldatmaq olmaz. Tarif Şurası konkret sözünü deməlidir ki, artırdım və qiymət budur. Bu gün yanacağın qiymətinin qalxması, digər məsələlər artıq daşıyıcı şirkətləri də çıxılmaz vəziyyətə qoyur. Onlar da işləyə bilmirlər. 

Bakı şəhərində bir sərnişinin hərəkəti 50 qəpik – 1 manat arasında başa gəlir. Amma dövlət 30-40 qəpikdən yuxarı olmamaq şərtilə qiymət qoyub. Daşıyıcı şirkət də bunun əziyyətini çəkir. Dövlətin nə qədər dəstək göstərməsi müəmmalıdır. Digər tərəfdən şirkətlərin boynuna təzə avtobusların alınması ilə bağlı məcburiyyət qoyuruq. Amma 30 qəpikdən sərnişin daşımalı, hər gün işləməlidirlər və.s.

İctimai nəqliyyatda qiymət məsələsini bu qədər qloballaşdırmaq lazım deyil. Daha yaxşı xidməti təşkil etmək lazımdır. Qiymət onsuz da bir gecənin içində verilən qərardır. Sabah duracağıq ki, neçəsə qəpik olub, bununla da iş bitəcək. Bəs, ictimai nəqliyyatda xidmətin keyfiyyətini kim yaxşılaşdıracaq? Bu barədə düşünən yoxdur”

Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif şurası müəyyən edir.

Günay Rəsulqızı
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button