Manşet

Pandemiyaya görə hər bir vətəndaşa pul yardımı ediləcəkmi? – Deputatdan açıqlama

Ötən gün ABŞ prezidenti Co Bayden ölkə tarixinin ən böyük yardım paketlərindən birinə imza atıb. “ABŞ -ın xilas planı” adını alan paket 1,9 trilyon dollarlıq yardımı nəzərdə tutur. Həmin vəsaitin 400 milyard dolları pandemiya ilə mübarizəyə, 1 trilyon dollar isə əhaliyə maddi yardıma ayrılacaq. Amerikalılara 1400 dollar birdəfəlik yardım ediləcək.

Azərbaycanda da pandemiyadan demək olar ki, əhalinin bütün təbəqələri əziyyət çəkib, hamı maddi itkiylə üzləşib. Bu baxımdan maraqlıdır, ölkədə hər bir vətəndaşa bu cür yardım paketi ayrıla bilərmi?

Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Sfera.az-a açıqlamasında Azərbaycanda pandemiya ilə əlaqədar müəyyən yardımların onsuz da edildiyini xatırladıb:

“600 minə yaxın insana əlavə müavinətlər verildi. Düşünürəm ki, əhalinin hər bir təbəqəsi üçün yardım paketinin ayrılmasına ehtiyac yoxdur. Çünki buna ehtiyacı olmayan insanlar var. Lakin karantinin yenidən sərtləşdiriləcəyi halda ehtiyacı olanları müəyyən edib, onlara yardım etmək lazımdır”.

Deputat həmçinin karantin rejiminin yenidən sərtləşməsi ilə də razı olmadığını bildirib:

“Sərt karantin rejimi ölkə əhalisi, həmçinin dövlət üçün ciddi problemlər yaradır. İnsanlar işləyə bilmirlər. Qarşıdan Novruz bayramı gəlir, insanlar rayona gedib gəlməlidirlər, bölgələrdən gətirilən ərzaqlar sayəsində bazarlarda müəyyən qədər ucuzlaşma olur və.s. Bu baxımdan sərt karantin rejiminə getmək lazım deyil. Hətta məndən asılı olsaydı, rejimi bir balaca da yumşaldardım”.

Qeyd edək ki, ölkəmizdə bir neçə dəfə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara birdəfəlik ödəmə (190 manat) vəsaitləri köçürülüb.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button