Manşet

“Hədə-qorxu mesajları, ard-arda zənglər…” – Nərmin məhkəməyə üz tutdu

Martın 8-də Bakıda qadınların keçirdiyi etiraz aksiyasının təşkilatçılarından biri olan ictimai fəal, psixoloq Nərmin Şahmarzadə Facebook hesabının ələ keçirilməsi və şəxsi fotoları, yazışmalarının yayılması ilə əlaqədar məhkəməyə müraciət edəcək.

Bu barədə AzadlıqRadiosuna Şahmarzadə özü məlumat verərək bildirib ki, hələlik Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Müraciətdə göstərib ki, etiraz aksiyasından sonra hesabı ələ keçirilib. İndiyədək həmin hesabdan paylaşdığı polis və hökumətlə bağlı tənqidi statuslar, videolar silinib. İctimai fəalın sözlərinə görə, özəl həyatı ilə bağlı yazışmaları götürülərək saxtalaşdırılıb.

“Onların məzmununa, tarixinə əl gəzdirib yayırlar. Telefon nömrəmin də yayılması nəticəsində telefonuma çoxlu təhqiramiz, hədə-qorxu dolu mesajlar, ard-arda zənglər gəlir. Baş verənlər cinayət hadisəsidir və bunu törədənləri axtarıb tapmaq, cinayət məsuliyyətinə cəlb etmək dövlətin vəzifəsidir. Mediada cinayət barədə gedən məlumatlar cinayət işinin başlanması üçün əsasdır”, – Şahmarzadə müraciətində vurğulayıb.

İctimai fəal deyir ki, əgər dövlət orqanları cinayəti törədənləri aşkarlayıb cəzalandırmasa, bu əməlin arxasında onların özlərinin dayandığını düşünməyə əsas verəcəklər.

Şahmarzadənin Facebook hesabından yayılan paylaşımlarda adları hallananlardan biri də son parlament seçkilərində deputatlığa namizəd olmuş ictimai fəal Bəxtiyar Hacıyevdir. O da yazışmaların saxtalaşdırıldığını bildirir və bunu törədənlərin tapılıb cəzalandırılmasını tələb edir. Bundan ötrü Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

“SaVAŞ” xatırladır ki, Daxili İşlər Nazirliyi bugünkü açıqlamasında məsələnin araşdırıldığını bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button