Manşet

“Peyvəndimizi sizə sırımaq fikrimiz yoxdur, amma…” – Putin

Axır ki, Rusiya, Fransa və Almaniya liderləri arasında çoxdan gözlənilən görüş baş tutdu. Vladimir Putin, Emmanuel Makron və Angela Merkel martın 30-da videokonfrans formatında görüşüblər. 

Kremlin mətbuat xidmətinə istinadla görüşdə müzakirə olunmuş əsas mövzuların qısa icmalını təqdim edirik.

Donbas məsələsi 

Üç ölkəni təmsil edən müşavirlər Donbasdakı vəziyyətin qiymətləndirilməsi və həlli istiqamətində birlikdə çalışmağa davam edəcəklər. Amma əsas məqam Ukrayna hakimiyyətinin müqavilələrdə onun öhdəsinə düşən hissəsinin həyata keçirilməsidir. “Rusiya tərəfi Ukraynanın təmas xəttində yaratdığı silahlı qarşıdurmanın getdikcə daha geniş vüsət alması və Ukraynanın 2020-ci ilin iyun ayında təmas qrupunda razılaşdırılmış “Atəşkəs rejiminin gücləndirilməsi üçün Əlavə Tədbirlərin həyata keçirilməsi”ndən faktiki olaraq imtina etməsi ilə əlaqədar ciddi narahatlığını ifadə edir”,- deyə Kremlin mətbat xidmətindən bildirilib. 

Navalnı məsələsi

Mətbuat xidməti yazır ki, Putin Makron və Merkelə Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar “açıqlamalar verib”. Özəlliklə işin müəyyən “obyektiv məqamları”na aydınlıq gətirilib.

Belarus məsələsi 

Mətbuat xidməti yazır ki, “Belarusdakı vəziyyəti müzakirə edərkən Vladimir Putin suveren dövlətin daxili işlərinə xarici müdaxilənin yolverilməz olduğunu qeyd edib”.

AB ilə münasibətlər

“Moskva Brüssellə pozulmuş münasibətləri bərpa etməyə hazırdır. Amma bu xüsusda aydınlıq gətirilməli vacib məqamlar var”,- deyə Putin vurğulayıb. “Rusiya tərəfi bir daha AB ilə normal siyasətsizləşdirilmiş qarşılıqlı münasibətləri bərpa etməyə hazır olduğunu bildirib. Amma qarşı tərəf də bunda maraqlı olmalıdır”,- deyə mətbuat xidmətindindən məsələyə aydınlıq gətirilib. 

Liviya, Suriya və  İranla bağlı məsələlər 

Liviyadakı vəziyyət tədricən sabitləşir, amma ölkədə “dalana dirənmiş” siyasi prosesin gedişinə kömək edəcək vahid hakimiyyət orqanlarının formalaşdırılması çox vacibdir.

Suriyada da  vəziyyət yaxşılığa doğru dəyişir: Mətbuat xidmətindən bildirilib ki, “Suriyada vəziyyətin sabitləşməsi davam edir və hazırda Suriya xalqının humanitar yardıma kəskin ehtiyacı var”.

Üç ölkə lideri həmçinin “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın İranın nüvə proqramı ilə bağlı əhəmiyyəti barədə razılığa gələrək hərəkətlərin koordinasiya edilməsi üçün müştərək işin vacibliyini qeyd edib.

“Sputnik V” məsələsi

Rusiya peyvəndinin AB çərçivəsində nə zaman istifadə veriləcəyi ilə bağlı məsələlər də müzakirə edilib. Vladimir Putin qeyd edib ki, Rusiya öz peyvəndini kiməsə “sırımağa” çalışmır, odur ki, AB rəsmilərinin  bu cür bəyanatları vətəndaşların deyil, şirkətlərin maraqlarını müdafiə etmək cəhdi kimi qiymətləndirilə bilər.

“Özəlliklə Rusiya peyvəndi “Sputnik V”-nin Avropa Birliyində qeydiyyat perspektivlərinə, sözügedən preparatın  AB ölkələrinə mümkün tədarükü və birgə istehsalı məsələlərinə  toxunulub”,- deyə mətbuat xidmətindən bildirilib. 

Tərcümə: Selcan
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button