Manşet

Zelenski Ərdoğanı buna razı salmağa çalışır – Türkiyə səfəri nəyə hesablanıb?

“Zelenskinin bu səfəri Türkiyəni danışıqlar prosesinə cəlb etməyə hesablanıb”.

Bu sözləri Rusiya ilə gərginləşən münasibətlər fonunda Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 10-da Türkiyəyə gözlənilən  səfərinin məqsəd və nəticələrini dəyərləndirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

“Ankara ilə Moskva arasında strateji əməkdaşlıq var. Tərəflər bir sıra münaqişəli regionlarda müəyyən ortaq məxrəcə gəlib, əməkdaşlıq edir. Amma Qara dəniz, Krım və Ukrayna məsələsində tərəflər arasında fikir ayrılığı hökm sürür”. 

Həmsöhbətimiz qeyd etdi ki, “Normand dördlüyü”ndə təmsil olunan Almaniya və Fransanın vasitəçiliyi Kiyevi qətiyyən qane etmir: “Bu iki ölkə Ukraynanı müharibədən çəkindirməyə çalışsa da, problem ətrafında Kiyevin marağını təmin edəcək prosesi yaratmağa da cəhd etmir”. 

Qarabağ məsələsində Ankaranın Rusiya ilə müəyyən razılıqlara gəlməsi isə Kiyevi  də öz probleminin həlli yolunda üzünü Türkiyəyə çevirməyə sövq edib: “Bu mənada hesab edirəm ki, Zelenskinin Türkiyəyə olacaq səfəri Ukrayna ilə Rusiya arasında yaranan gərginliyi yumşaltmaq üçün Ankaranın danışıqlar prosesinə cəlb edilməsinə hesablanıb.  Kiyev artıq Minsk anlaşmasından çıxıb, ona görə də Belarusda keçirilən “Normand dördlüyünə” qatılmadı. Zelenski Ankaraya səfəri çərçivəsində həm Türkiyədən yeni silahların alınması, həm də Rusiya ilə öz arasında vasitəçilik missiyasını reallaşdırmaq üçün Ərdoğanla fikir mübadiləsi aparacaq.  

Müharibə başlasa təbii ki, Türkiyə Ukraynanı dəstəkləyəcək, amma NATO tərkibində Rusiyaya qarşı hərbi əməliyyatlara qatılmayacaq. Bunu Kiyevdə də  anlayırlar. Ona görə də Zelenski Türkiyəyə indiki halda vasitəçi kimi baxır. Çünki Berlinlə, Parisin vasitəçiliyi heç bir nəticə verməyib”.

Politoloq düşünür ki, Ankaranın bu vasitəçiliyi proses ətrafında müəyyən nəticələrə səbəb olacaq: “Rusiya ilə Türkiyə arasında müəyyən isti münasibətlər var. Hazırkı situasiyada Ankara Rusiyaya qarşı müəyyən təsir rıçaqlarına malikdir.  Moskva məcbur olub Türkiyənin təkliflərinə müəyyən dərəcədə “hə” deyə bilər.  Nəticədə diplomatik müstəvidə Ukrayna məsələsində Ərdoğanla Putin müəyyən razılıq əldə edə bilərlər. Türkiyə çətin olsa da,  Rusiyadan Donbasın boşaldılmasını istəyə bilər. Görünür məhz bu kontekst ətrafında da Kiyevlə Ankara arasında danışıqlar aparılacaq”.

Elçin

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button