Manşet

Rüşvətlə razılıq, qonaqların ayrı-ayrı saatlarda dəvəti və… – Gizli toylar belə keçirilir

Ötən günlərdə müğənni Xatirə İslamın toylarla bağlı açıqlaması ciddi səs-küyə səbəb olmuşdu. Belə ki, ifaçının “Azərbaycanda gün ərzində 500-dən çox gizli toy edilir” fikrinə hətta Daxili İşlər Nazirliyi də reaksiya vermiş və “belə cəhdlərin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır” -, deyə vurğulanmışdı.

Digər tərəfdən ölkədə qadağalara rəğmən, hələ də məclis təşkil edənlərin və ya etmək istəyənlərin olduğunu da danmaq olmaz. Sosioloq Lalə Mehralı Sfera.az-a açıqlamasında Xatirə İslam və digər müğənnilərin birbaşa bu sahənin içində olduqlarına görə, rəqəmlərin şişirdilmiş olmadığını bildirib:

“Mənə də son bir həftədə üç ayrı şəxslər toya getdiklərini bildiriblər. Onların sözlərinə görə, təxminən 40-150 nəfər civarında qonaq qəbul etmək olur. Başqa cür də təşkil edirlər – müəyyən saatlar təyin olunur və qonaqları az-az qəbul edirlər. Tutaq ki, kimsə 350-400 nəfərlik toy etmək istəyirsə, 100-100, 50-50 bu qonaqları dəvət edir. Təbii ki, qanunlara əməl etmək hamının borcudur. Vəzifəli-vəzifəsiz, sadə vətəndaş oldun-olmadın hər kəs üçün qanun alidir. Amma rüşvətlə bu məsələni həll edirlərsə, deməli yuxarılarda da problem mövcuddur. 

Ölkə başçısı tələb qoyur, qanun qəbul edilir, göstəriş verilir, hər kəsə öz öhdəliyinin yerinə yetirməsi tapşırılır, lakin əməl edilirmi? Hər məmur, hər vəzifəli şəxs öz bildiyini etsə, öz cibinə işləsə, bu dövlətin axırı nə olar? Belə olduğu halda, qaydaların , qanunların əməl edilmə statistikasının hansı vəziyyətdə olacağını düşünmək lazımdır”.

Sosioloq qeyd edib ki, toyları qadağaların müəyyən yumşaldılması ilə keçirmək mümkündür: “Amma bu, kasıb, zəngin, vəzifəli, vəzifəsiz – hamı üçün eyni standartda olmalıdır. “Mənim pulum var, istədiyimi edərəm” düşüncəsi bizdən uzaqlaşmalıdır. Ağır xərcli toyların müasir dövrün tələblərinə uyğun olaraq sadələşdirilməsi məsələsi əslində pandemiyanın bizə verdiyi ən böyük xeyir oldu. Ancaq insanlarımız bunu tətbiq edirmi? Məsələn, pandemiya dövründə bu cür sadə toylar edəcəyik, lakin həyat öz normal qaydasına qayıdandan sonra əvvəlki adətlərimizin yerinə qaytarılma ehtimalı daha çoxdur. İnsanlar pandemiyadakı əziyyətdən, toysuzluqdan bu yolla qisas alacaqlar. Məncə, toyların hər hansı standartlara uyğunlaşdırılması lazımdır və olduqca vacib mövzudur”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button