Manşet

Uşaqlara hicab geyindirənlər cəzalandırılacaq? – “Yeni qaydada qaranlıq məqamlar çoxdur…”

Xəbər verdiyimiz kimi, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliyə görə uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Maraqlıdır, qərar özündə nələri ehtiva edir? Məcburiyyət anlayışına yaşı çatmayan uşaqlara hicab geyindirilməsi məsələsi də aid ola bilərmi? Sözügedən qaydaya əməl edilməzsə hansı cəzalar tətbiq edilə bilər? 

İlahiyyatçı Elşad Miri qanuna edilən dəyişikliyin aydın olmadığını bildirib. Müsahibimiz “məcburiyyət” anlayışın uşaqların həyatında bir çox məsələlərdə yer aldığını qeyd edib: 

“Beynəlxalq hüquqda bir qayda var ki, valideynlər övladlarına öz dini yanaşmalarını çatdıra bilərlər. Yeni qayda bu baxımdan əvvəlki qayda ilə əlaqələndirilməlidir ki, arada ziddiyət var, ya yox. Ümumiyyətlə, uşağa dinin məcbur qəbul etdirilməsini kim necə müəyyən edəcək? Uşaqdan şikayət gələcək, yoxsa ətrafdakı şəxslər müdaxilə edəcək? Bu kimi məsələlərə aidiyyatı qurumlar tərəfindən aydınlıq gətirilməlidir. 

İslamda məcburiyyət anlayışı yoxdur. Lakin uşağı məcbur etməsən məktəbə getməz, xəstə olanda dərman qəbul etməz və s. Çox güman ki, azyaşlı uşaqlara hicab geyindirilməsi məsələsi də sözügedən qayda ilə ziddiyət təşkil edəcək. Lakin uşaq özü könüllü olaraq bunu istəsə onda necə? Ümumiyyətlə yeni qaydada belə qaranlıq məqamlar çoxdur və ətraflı aydınlıq gətirilməsi lazımdır”.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə sual ünvanladıq. Sorğumuza hər iki qurumdan hələ ki, cavab yoxdur…

Əzizə Zeynal
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button