Manşet

Bakıda partlayacaq evlər (ARAŞDIRMA)

Bakıda partlayacaq evlər (ARAŞDIRMA)
\”Bakıda və ölkənin başqa ərazilərdə vulkan zonalarında tikinti işlərinin aparılması, yaşayış massivlərinin salınması yolverilməzdir. Bunun insan ölümünə yol açan ciddi təhlükəsi var.\”

ANS PRESS-in məlumatına görə, bunu AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev deyib.

O bildirib ki, vulkan ocaqlarının yaxınlığında nəinki tikinti işləri, hətta kommunikasi xətləri olmamalıdır. Ona görə ki, vulkan güclü püskürəndə qaz alovlanır, onun hündürlüyü 300-400 metrə çatır, onun yaxınlığında olmaq yolverilməzdir, ətrafda böyük hərarət yaranır, çatlar əmələ gəlir. Yaxınlıqda evlər tikilibsə mütləq çatlayacaq. Sakinlər xəsarət ala bilərlər. Keçmişdə belə hallara rast gəlinib. Bir sözlə, vulkanların yaxınlığında tikinti apramaq, yaşamaq məsləhət deyil. Yaşayış yerləri ən azı 1,5, 2 kilometr aralıda salınmalıdır.

Ümumiyyətlə, Abşeron və Binəqədi rayonlarında yerləşən Qobu, Hökməli və Keyrəki palçıq vulkanları ətrafında əvvəllər evlər tikilib. Ərazidə yaşayan sakinlərə ərazilər bələdiyyə tərəfindən satılıb. Onlardan təqribən 10-dan çoxu sökülüb. İndi evlərin tikintisinə qadağa qoyulub. Bələdiyyə və ya icra hakimiyyəti ciddi nəzarət edir. Hətta vulkan ərazisinə yaxın evlərdə yaşayanlara bildiriş paylanılıb.

A.Əliyev də təsdiqləyib ki, indi tikinti işlərinin qarşısı alınıb. Bakı və Abşerondakı palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili məqsədilə ölkə prezidentinin 2007-ci ildə imzaladığı sərəncamdan sonra bu məsələyə ciddi fikir verilir.

Onun sözlərinə görə, Azərbaycanda həm suda, həm də quruda 350 palçıq vulkanı var. Bunun 60 faizi aktiv vulkanlardır. Palçıq vulkanları yerin dərinliyində yerləşən neft-qaz yataqlarının öyrənilməsi ilə açılır. İndiyədək istismarda olan, kəşf olunan neft yataqlarının 95 faizi palçıq vulkanı strukturları ilə əlaqdardır. Yəni hansında palçıq vulkanı var, orada neft-qaz mövcuddur. Palçıq vulkanları onlar haqqında məlumat verir. Otuz illik tədqiqatların nəticəsinə görə, palçıq vulkanları zəlzələ ilə paragenetik əlaqəlidir. Zəlzələnin baş verməsi palçıq vulkanının oyanmasına və püskürməsinə təkan verir.

Digər tərəfdən, palçıq vulkanlarının aktivləşməsi, onların yer səthinə çıxardığı suların, qazların tərkibində bəzi komponentlərin anomal dəyişməsi zəlzələnin baş verməsi haqqında məlumat verir. Bunu proqnozlaşdırmaq çətindir. Palçıq fəaliyyətini izləyərək güman etmək olar ki, onun püskürməsi təxminən nə zaman baş verə bilər.

Professorun fikrincə, son günlər qorxuducu aktivləşmə baş vermir. Bunu Seysmoloji Xidmət Mərkəzi izləyir. Bu yaxınlarda Binəqədi qəsəbəsi yaxınlığında Keyrəki vulkanı püskürdü. Bu, gözlənilirdi. Ancaq bundan sonra nə zaman baş verəcəyini isə demək çətindir.

A.Əliyev vulkanın müalicəvi əhəmiyyətindən də danışıb: \”Bundan istifadə etmək lazımdır. Vaxtilə ondan müxtəlif xəstəliklər üçün istifadə olunurdu. Buna dövlət səviyyəsində fikir verilməlidir. Əminəm ki, yaxın zamanda bu işlər mqsbət nəticəsini verəcək. Bizdə Qobustan, Şamaxı ərazisdində vulkanlar var, onlar ekoturizm üçün çox yaxşı obyektdir. Yəni Bakıya gələn turistlər palçıq vulkanı ilə maraqlanırlar. Bunu dövlət səviyyəsində təşkil etmək lazımdır. Bu vacib məsələdir, respublikaya valyuta gətirir.\”

Mütəxəssis məlumat verib ki, AMEA Geologiya İnstitutu ilk dəfə dünyadakı palçıq vulkanları atlasının hazırlanması işini başa çatdırıb və artıq nəşrə hazırdır. \”Dünya palçıq vulkanları atlası\” Azərbaycan, ingilis və rus dillərində nəşr edilərək, rəngli qrafik və fotomateriallarla müşayiət olunacaq. Bu, böyük həcmdədir və orada şəkillər, xəritələr, izahatlar, açıqlamalar yer alıb.

Ekspertlər deyiblər ki, Bakı və Abşerondakı palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili məqsədilə 2007-ci il avqustun 15-də ölkə prezidenti sərəncam imzalayıb. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu \”Dövlət Təbiət Qoruğu” yaradılıb. Hazırda 43 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib və qoruğun ümumi ərazisi 12,3 min hektar təşkil edir. Hazırda qoruğun ərazisində heç bir tikili yoxdur. Qanunsuz tikilən evlər 2009-cu ilədək sökülüb.

Onlar vurğulayıblar ki, əvvəllər hər il 3-4 püskürmə olurdusa, indi bu təbii qayda pozulub. Əsrin əvvəlində quruda və dənizdə ümumən 17 püskürmə baş verirdisə, sonra aktivlik yenidən zəifləyir və artır. Hazırda təhlükə doğuracaq vəziyyət yoxdur.

Xatırladaq ki, dünyadakı 800-dən artıq vulkanın 300-dən çoxu Azərbaycandadır. Bu, planetdə olan vulkanların 4%-ni təşkil edir. Ölkəmizdə palçıq vulkanlarının ən çox yerləşdiyi ərazi Abşeron yarmadası, Şamaxı-Qobustan, aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir. Bu zonalarda olan vulkanların 70%-dən çoxu aktivdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button