Manşet

Sərt karantin bitən kimi devalvasiya… – Dollar satışındakı məhdudiyyət buna hesablanıb?

2020-ci ilin martından sonra kommersiya banklarından nağd formada 20 min manat ekvivalentində xarici valyuta almış şəxslərə valyuta satışı hələ də bərpa edilməyib. Buna əsas kimi nağd formada valyuta satışı limitinin aşılması göstərilir.
Sfera.az xatırtladır ki, 2009-cu ildə qəbul edilən ”Cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əsasən nağd formada valyuta satışı ilk dəfə olaraq məhdudlaşdırılıb. Bir şəxs il ərzində 20 min manata bərabər olan xarici valyutanı nağd şəkildə ala bilər. Bundan artıq olan məbləğ isə Maliyyə Monitorinq Mərkəzindən icazə verildikdən sonra satılır.
Qanunun mahiyyətindən irəli gələrək, bir şəxsin ildə bir dəfə nağd formada 20 min manata qədər xarici valyutanı qiymətləndirmə olmadan almaq hüququ var. Bu limit aşıldıldıqda, şəxsin məlumatları Maliyyə Monitorinq Mərkəzindən xüsusi qiymətləndirmədən keçirilir.
Banklara müraciət edən şəxslərin bildirdiyinə görə, 2020-ci ilin martından bir il müddətin ötməsinə baxmayaraq, limit hələ də yenilənməyib və ötən ilin martından bəri 20 min manat dəyərində xarici valyuta alanlara valyuta satışı həyata keçirilmir.
Qaydalara əsasən, bu məbləğ aşıldıqdan sonra xarici valyuta alışına görə “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi Anketi”doldurulmalıdır. Məbləğ 20 min manatı ötdükdə, Anketdə bəyan edilən vəsaitin mənbəyi konkret sənədlərlə təsdiqləməlidir. Bu sənədlər Maliyyə Monitorinq Mərkəzində yoxlanılır. Əgər şəxs vəsaitin mənbəyini göstərə bilmirsə, ona ya xarici valyuta satılmır, ya da vəsaitin 14 faizi qədərində gəlir vergisi ödənilməsi istənilir.
Kommersiya banklarında tətbiq olunan 20 min manat limitinin yenilənməməsi Mərkəzi Bankın istəyidir. Mərkəzi Bankın tələbi olmadan kommersiya bankları bu addımı ata bilməz.
Bəs, Mərkəzi Bank hansı səbəbdən, nə məqsədlə hələ də böyük məbləğdə dollar satışına imkan yaratmır?
Mərkəzi Bankın bir şəxsə daha çox dollar satışını məhdudlaşdırmasını yaxın zamanlarda gözlənilən maliyyə risklərinə hazırlıq kimi dəyərləndirmək olar. İnzibati yollarla dollara və digər əsas valyutalara tələbin zəiflədilməsində əsas məqsəd postpandemiya dövrünə hazırlıqdır. Mərkəzi Bank həmin dövr üçün daha çox dollar ehtiyatı yaratmaq istəyir.
Pandemiyanın başa çatmasından sonra dollara tələbdə artımın baş verəcəyi yəqindir. İqtisadi aktivliyin artması əhalinin gəlirini artıracaq və insanlar daha çox yığım imkanı qazanacaq. Eyni zamanda, sərhədlərin açılması xaricə turist səfərlərinin sayını artıracaq, xaricə səfər edən fiziki şəxslər istirahətlə bərabər, xırda ticarət əməliyyatları da həyata keçirəcək.
Bütün bu dəyişikliklər dollara tələbi xeyli dərəcədə artıracaq və yenidən devalvasiya riskini yaradacaq. Dollar satışına tətbiq edilən 20 min manat limitinin “sıfır”lanmaması məhz bu baxımdan təsadüfi deyil.
Hamıya məlumdur ki, ölkəmizdə dollar alışı kütləvi olsa da satılan valyutanın böyük hissəsini əhalinin yüksək gəliri olan seqmenti alır. Yüksək gəlirli insanlar üçün 20 min manat (11 764 dollar) ekvivalentində dollar böyük məbləğ deyil və onların davamlı dollar almaq imkanı var. Limitin sıfırlanmaması ilə Mərkəzi Bank əslində gəliri yüksək olan insanların davamlı dollar alışının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Mərkəzi Bankın bu tədbirləri səmərə verib və Dövlət Neft Fondu birinci rübdə nəzərdə tutulandan 315 milyon dollar az valyuta satıb. Qənaət edilən valyutaya postpandemiya dövründə tələb böyük olacaq.

Vasif

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button