Manşet

Cavad Zərif niyə gəlir? – İran XİN rəhbərinin Bakı və Yerevan səfərindən gözləntilər

“İranın xarici işlər naziri Cavad Zərifin regiona səfəri, xüsusilə postmüharibə dövründən sonra İranın regiona baxış siyasətini əsaslandıracaq”.
Bunu politoloq Məhəmməd Əsədullazadə Cavad Zərifin mayın 25-də Azərbaycana və Ermənistana baş tutacaq səfəri ilə bağlı danışarkən bildirib. O qeyd edib ki, İran bölgədə baş verənlərdən müəyyən qədər narahatdır:
“Bunu İran rəsmilərinin çıxışdan aydın sezə bilərik. Həmçinin Zəngəzur dəhlizinin açılmasını İran öz maraqlarına uyğun hesab etmir. Azərbaycanla aparılacaq danışıqlarda bu ölkənin hansı addım atacağı və qarşılıqlı əlaqələrin hansı səviyyədə olacağı kimi məsələlər müəyyənləşdiriləcək. Eyni zamanda İranın Qarabağda tikinti layihələrində infrastrukturun yenidən qurulması məsələsi də qabardıla bilər.

Təbii ki, sərhəd problemində İranın birtərəfli şəkildə Ermənistanı dəstəkləməsi Azərbaycanı qane edə bilməz və  bu ölkənin məsələyə qarışması prosesə mane olmaq cəhdi kimi qiymətləndirilməlidir. Düşünürəm ki, Azərbaycan İranın bu məsələyə qarışmamasını Cavad Zərifin diqqətinə çatdıracaq”.

Müsahibimiz Cavad Zərifin Ermənistana olacaq səfərindən də söz açıb və bildirib ki, İranla Ermənistan əlaqələri hazırda yüksək səviyyədədir:

“Xüsusilə bu müsbət rezonanslar İran tərəfindən həyata keçirilir, məqsəd də Ermənistanın Azərbaycanla hər hansı razılaşmasının pozulmasına xidmət etməkdir. Həmçinin Zəngəzur istiqamətində baş verən proseslər fonunda məhz iranlı generalların İrəvana məlum səfərindən də aydın görünür ki, İran Ermənistanı nəyəsə təşviq edir. Göründüyü kimi, Ermənistan isə İranın heç də bu siyasətində mühüm yer almaq fikrində deyil. Ümumiyyətlə, Cavad Zərifin regiona səfəri İran üçün maraqlıdır. Azərbaycan protokol xatirinə səfərə etiraz etmir. Biz İranla da postmüharibə dövründən sonra qarşılıqlı əlaqələrin inkişafında maraqlıyıq.

O cümlədən son günlərdə İranın sərhəd pozucularının, xüsusilə narkokuryerlərinin Azərbaycan sərhədçilərinə qarşı odlu silahdan istifadə etməsi, tonlarla narkotik məhsullarının keçirilməsi məsələsi göstərir ki, İran öz sərhədlərində təhlükəsizliyi təmin edə bilmir. Bu istiqamətdə də düşünürəm ki, Azərbaycan narazılıqlarını Cavad Zərifin diqqətinə çatdırmalıdır. Son aylarda İrandan Azərbaycana qarşı qeyri-müəyyən siyasətin şahidi oluruq. Biz əlbəttə, bu məsələ ilə bağlı İrana nota vermirik. Amma Xarici işlər nazirliyi səviyyəsində bizi narahat edən məsələlər Cavad Zərifə çatdırılacaq. Lakin hesab etmirəm ki, bu səfərdən sonra Azərbaycan-İran arasında xoşniyyətli mərhələ başlana bilər. Çünki İranda növbəti seçkilər keçiriləcək, yeni hakimiyyət formalaşacaq və Cavad Zərifin də bu səfəri mühüm siyasi əhəmiyyətli gediş olmayacaq”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button