Manşet

Kreml Belarusu “siçan-pişik oynamamağa” çağırır

Kreml Belarus müxalifətinin NEXTA teleqram-kanalının guya rusiyalı milyarder tərtəfindən maliyyələşdirilməsinə dair iddialara sübut tələb edir.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, bunu ya hazırda Minskdə həbsdə olan müüxalifətçi Raman Prataseviç, ya da Belarus hökuməti etməlidir.

Peskov bunu jurnalistlərdən birinin NEXTA-nın guya “Uralxim” şirkətinin baş direktoru Dmitri Mazepin tərəfindən maliyyələşdirildiyinə dair iddia ilə bağlı sualına cavab verərkən deyib.

İyunun 3-də ONT telekanalının efirində NEXTA kanalının keçmiş baş redaktoru, mayın 23-də məcburi qaydada Minskə endirilmiş təyyarədə həbs olunan Raman Prataseviçin iştirakilə süjet göstərilib.

Bu verilişdəki müsahibədə Prataseviç deyib ki, NEXTA məşhur Rusiya oliqarxının şirkəti tərəfindən maliyyələşdirilib.

Jurnalist oliqarxın adını çəkməsə də onun “Uralda dağ-mədən biznesi” ilə bağlı olduğunu deyib.

Bundan sonra mediada bu oliqarxın Dmitri Mazepin ola biləcəyinə dair ehtimallar yer alıb.

Bununla belə, Prataseviçin yaxınları və tərəfdarları indi onun dediklərinə əhəmiyyət verməməyə çağırıblar, çünki o televiziya çıxışlarını təzyiq və işgəncə altında edir.

“Bu məsələdə siçan-pişik oynamaq olmaz”

Peskov Mazepin barədə suala cavab olaraq deyib:

“Mazepini heç kim, heç nədə ittiham etməyib. Prataseviç Mazepinin adını çəkməyib. Buna görə də o bir təhər bunu izah etməlidir, ya da Belarus tərəfi söhbətin nədən getdiyi barədə izahat verməlidir. Bu məsələdə siçan-pişik oynamaq olmaz. Əgər belə ittihamlar səsləndirilibsə, deməli dəqiqləşdirmə də olmalıdır”.

Mazepinin özü də NEXTA kanalı ilə heç bir əlaqəsinin olmadığını bildirib:

“Mən açıq və səmimi şəkildə deyə bilərəm ki, nə mən, nə də mənim şirkətim bu telekanalın maliyyələşdirilməsi ilə məşğul olmayıb, çünki bu mənim mövqeyimə zidd olardı”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, 2020-ci ilin avqustunda Minskdə davam edən etiraz aksiyaları zamanı Mazepin müxalifəti dəstəkləmiş və hətta Belarusda milli xilas komitəsinin yaradılmasını təklif etmişdi.

Raman Prataseviç və onun qız yoldaşı Sofya Sapeqa mayın 23-də məcburi qaydada Minskə endirilmiş təyyarədə həbs olunublar.

“Belarusun baş beyini”

NEXTA teleqram kanalı Alyaksandr Lukaşenkanın rəqiblərinin kütləvi etiraz aksiyaları barədə geniş reportajlar verirdi.

Son vaxtlar Litvada yaşayan Prataseviç “Belarusun baş beyini” adlı teleqram kanalı aparırdı.

Belarus hakimiyyəti Prataseviçin adını terrorçuluqda ittiham edilənlərin siyahısına daxil edib.

O Minskdə iğtişaşların təşkilində, hakimiyyət nümayəndələrinə qarşı nifrəti qızışdırmaqda ittiham olunur.

Onu habelə dövlət sirrini yaymaqda və Lukaşenkanı təhqir etməkdə günahlandırırlar.

Prataseviçin anası Nataliya Prataseviç əmin olduğunu bildirib ki, onun oğlundan etiraf bəyanatını zorakılıq yolu ilə alıblar. Jurnalistin həmkarları da bu qənaətdədirlər.

Belarusda kütləvi etiraz aksiyalarına divan tutularkən minlərlə insana işgəncələr verilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button