Manşet

Rusiya ilə ABŞ barışdı? – Bayden-Putin görüşünün nəticələri haqda AÇIQLAMA

“Verilən açıqlamalar Bayden-Putin görüşünün “orta” keçdiyi yönündədir. Vaşinqton və Moskva “qırmızı xətləri” keçməmək şərti ilə düşmənçiliyi bir qədər səngitmək qərarına gəliblər, amma barışmırlar”.

Bunu politoloq Asif Nərimanlı deyib. O qeyd edib ki, ABŞ-ın əsas hədəfi Çindir:

“Rusiya isə Uzaq Şərqə uzanan strategiyada “təhdid obrazı” rolunu oynayır və bu, Vaşinqton üçün iki aspektdən önəmlidir. Birincisi, Qərb blokunu yenidən bir araya gətirmək. G-7 sammiti, NATO zirvəsi, Bayden-Ərdoğan görüşünün Vaşinqtonun gündəmindəki hədəfi bu idi və Ağ Evin sahibi Putinlə görüşü məhz sona saxlamaqla, “müttəfiqlərinə onları düşmən qarşısında müdafiə etdiyi”ni göstərmək məqsədi daşıyırdı.

İkincisi,  Rusiyanı təzyiqlə Çinə qarşı cəbhədə “Soyuq müharibə” dövründə Çinin SSRİ-yə qarşı oynadığı rolu oynamağa məcbur etmək. Baydenin Putinə “qatil” deməsi, Ukraynada gərginliyin pik həddə çatdırılması, rusları Qara dənizdə qarşıdurmaya çəkmək oyunu, ardınca yumşalmaların başlaması, “Şimal axını – 2” layihəsi qarşısındakı maneələrin aradan qaldırılması və nəhayət Putinlə görüş Vaşinqtonun klassik “kökə və dəyənək” gedişi idi”.

Politoloq bildirib ki, bu strateji gedişlər fonunda Türkiyənin Cənubi Qafqazda və Əfqanıstanda önünün açılması da ABŞ-ın Rusiya və Çinə qarşı NATO-nun regiondakı əsas gücünü dövriyyəyə salmasıdır: “Beləliklə, həftənin geosiyasi yekununda Baydenin “Amerika qayıdır” planında ilk etapın tamamlandığını hesab etmək olar. Hərçənd, Vaşinqtonun oyunu olduğu kimi, Qərb blokunda yenidən toplanmış kimi görünən Avropa ölkələrinin də, Türkiyənin də, Rusiyanın da öz strateji oyunları var. Oyunun ilk mərhələsində hər kəs kartlarını açdı, əsl “siyasi poker” bundan sonra başlayır”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button