Manşet

“Heç kim müqavimət göstərməsin” – Haitidə prezidenti belə güllələdilər + TƏFƏRRÜAT

Latın Amerikasının yoxsul və qeyri-stabillik girdabında çabalayan ölkəsi Haitidə prezident Jovanel Moizi evində gülləyən, birinci xanımı ağır yaralayan (onun ölümü haqda daha əvvəl yayılmış xəbərlər  təkzib edilib,-red.) silahlılardan 4-ü öldürülüb, 2-i yaxalanıb.

Bu haqda Haitinin polis rəhbəri bildirib. Onların hamısının xarici muzdlular olduğu bildirilir.

Xəbər verildiyi kimi, iyulun 7-də gecə bir qrup silahlı Haitinin paytaxtı Port-o-Prensdə prezident Jovanel Moizin iqamətgahına hücum ediblər və onu güllələyiblər. Hadisə zamanı ölkənin birinci xanımı Martin Moiz də ağır yaralanıb və xəstəxanaya aparılıb. Onun xəstəxanda keçindiyi haqda xəbərlər yayılsa da daha sonra Haiti hakimiyyəti bunu təkzib edib. Martin Mozin kritik vəziyyətdə ABŞ-a aparıldığı bildirilir.

“Miami Herald” qəzetinin yazdığına görə, dövlət başçısını güllələyənlər özlərini ABŞ-ın narkotiklərə qarşı mübarizə idarəsinin (DEA) əməkdaşları kimi təqdim ediblər. “Bu DEA xüsusi əməliyyatıdır! Heç kim müqavimət göstərməsin! Bu DEA xüsusi əməliyyatıdır!”,-prezidentin iqamətgahına hücum edən silahlılardan biri qışqırır.

Lakin ABŞ mənbələri silahlıların DEA ilə heç bir bağlantısının olmadığını bildirib. Qonşu Dominikan respublikasının hakimiyyəti hesab edir ki, prezidentə 4 kolumbiyalı və 3 venesueladan ibarət silahlı dəstə hücum edib. İlkin məlumata görə, onlar Haitidə  adam oğurluğu və narkotik ticarəti ilə məşğul olan “çox qüdrətli adamların” sifarişi ilə hərəkət ediblər. Ehtimal edilir ki, hücumda Haitinin yüksək rütbəli polis əməkdaşının da əli olub və o, bilərəkdən prezidentin iqamətgahının mühafizəsini zəiflədib.

Rusiya Elmlər Akademiyasının Latın Amerikasını araşdırma İnstitutunun əməkdaşı, siyasət elmləri doktoru Zbiqnev İvanovski istisna etmir ki, prezidentin öldürülməsində Haitinin müxalif qüvvələrinin də əli var. “Orada çox mürəkkəb situasiyadır. Haiti çox kasıb ölkədir. Orada 2010-cu ildə zəlzələ olub, ölkə hələ də dağıntılar içərisindədir. Çox korrupsiyalaşmış ölkədir, üstəlik siyasi böhran hökm sürür. Keçmiş prezidentlə indiki arasında qarşıdurma səbəbindən seçkilərin nəticələri ləğv edilmişdi və aydın deyildi ki, onun mandatı nə vaxt bitir. Konstitusiyaya görə Haitidə prezident ancaq bir dəfə seçilə bilər. Lakin Moiz bunu dəyişmək istəyirdi. Bu haqda xalqa məlum olanda ölkəni etiraz aksiyaları bürüdü. Müxalifət Mozin istefasını və müvəqqəti prezidentin təyin olunmasını tələb edirdi”,-ekspert bildirib.

Z.İvanovski deyir ki, prezident Moiz Haiti əhalisini qane etmirdi, korrupsiya qalmaqallarına qarışmışdı. Haitiyə zəlzələdən sonra ayrılan beynəlxalq yardımlar mənimsənilirdi. Lakin ekspert qeyd edir ki, Moizin öldürülməsinin siyasi baxımdan anlamı yox idi. Çünki o, artıq yeni seçkilər təyin etmişdi və hakimiyyətdən getməyə hazırlaşırdı. “Diktator Düvalyenin 35 illik hakimiyyətindən sonra Haitidə 20 dəfə hakimiyyət dəyişib. Orada heç kim öz müddətinin sonuna qədər hakimiyyətdə otura bilmir. Çox qeyri-stabil ölkədir”,-İvanovski lenta.ru-ya bildirib.

53 yaşlı Jovanel Moiz 2017-ci ildə prezident olmuşdu. Əslində o, hələ 2015-ci ildə seçkilərdə qalib gəlmişdi, amma müxalifət seçkilərin nəticələrini mübahisələndirmişdi. 2016-cı ildə təkrar səsvermə keçirilib və Mozi qələbə qazanıb.

virtualaz.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button