Manşet

Ermənilər sərhəddəki əsgərlərinə Rusiya hərbi forması geyindirir? – “Sabah nəsə olsa…”

Rusiya XİN-nin rəsmisi Aleksandr Bikantov ötən gün Azərbaycan-Ermənistan sərhədi boyunca rus sərhədçilərin yerləşdirilməsinin mümkün olmadığını deyib.

Onun sözlərinə görə, sərhədçilərin iki ölkənin sərhədi boyu yerləşdirilməsinin qarşısını alan problemlərdən biri qarşılıqlı inamsızlıqdan irəli gələn  beynəlxalq hüquqi bazanın olmamasıdır.

Politoloq Əlimusa İbrahimov bu istiqamətdə aydınlıq gətirilməli olan bir sıra məsələlərin olduğunu deyib:

“Əgər Rusiya sərhədçilərinin Ermənistanın tələbinə uyğun olaraq, iki ölkə sərhədində yerləşdirmək mümkün deyilsə, bəs ermənilərin rus əsgərlərinin artıq sərhəddə yerləşdirilmələri ilə bağlı yaydıqları məlumatlar nədir? Yenə də ermənilər köhnə adətlərini təkrar edərək dezinformasiya ilə məşğuldurlar? Yaxud, onlar sərhəddə Rusiyanın bayrağını asaraq və ermənilərə rus hərbi forması geyindirərək Azərbaycana göz dağı verirlər? Azərbaycan tərəfi rus hərbçilərinin sərhəddə yerləşdirilmələri haqda rəsmi kanallarla məlumatlandırılmalıdırlar”.

Ekspert hesab edir ki, əks halda ermənilər ruslara qarşı təxribat törədib bizim üstümüzə ata bilər:

“Aleksandr Bikantov eyni zamanda qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyasından sonra Azərbaycan-Ermənistan sərhədində davamlı atəşkəsə nail olmaq mümkündür. Deməli, Rusiyada ən yüksək səviyyədə Azərbaycanın haqlı tələbi – sərhədlərin bir an öncə delimitasiya və demarkasiya olunmasının zəruriliyini başa düşürlər. Amma bu məsələ ermənilərə hələ çatmır. Onlar delimitasiya və demarkasiyanı az qala Ermənistanın bütünlüklə Azərbaycana verilməsi kimi başa düşür və hər vasitə ilə buna mane olmağa çalışırlar. Baxmayaraq ki, Nikol Paşinyan hələ seçki kampaniyası zamanı bu məsələnin gec-tez həll olunacağına işarə etmiş və erməniləri sərhədlərin dəqiqləşdirilməsindən qorxmamağa çağırmışdı”.

Müsahibimiz qeyd edib ki, Ermənistandakı müxalif qüvvələr sərhədlərin delimitasiya və demarkasiyasının Azərbaycanın ərazi bütövlüyünün tanınması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə əmin olduqlarına görə bu prosesə qarşı çıxırlar:

“Erməni ombudsmanı Arman Tatoyan da indiki şəraitdə sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməyin mümkün olmadığını demişdi. Onun fikrincə, bu, sərhədyanı əhalinin hüquqlarının pozulması baxımdan vəziyyəti daha da ağırlaşdırar. Görəsən, indi hüquqlarını müdafiə etməyə çalışdığı ermənilər Azərbaycan ərazilərində, azərbaycanlıların buraxıb getməyə məcbur olduqları yaşayış məntəqələrində məskunlaşanda erməni hüquq müdafiəçisi harada idi?  10-15 erməninin hüquqlarının müdafiəsinə qalxan ombudsman nədən 1 milyon hüququ pozulmuş azərbaycanlıları yada salmır?

Amma Azərbaycanın təklifini dəstəkləyən təkcə Rusiya deyil, Avropa və Amerikadan da sərhədlərin dəqiqləşdirilməsinin vacibliyi haqqında çağırışlar eşidilməkdədir və erməni tərəfi sonsuza qədər bu çağırışları qulaq ardına vura bilməz”.

Günay Rəsulqızı

sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button